ABŞ Trans-Sakit Tərəfdaşlıq (TPP) təşkilatından çıxacaq. Bu barədə ölkənin yeni Prezidenti Donald Tramp deyib. Anlaşmanı ABŞ üçün "potensial fəlakət” adlandıran Tramp vəzifəyə başlayacağı ilk gün sazişdən imtina edəcəyini bəyan edib. Prezident bunun əvəzində iş yerlərini və sənayeni Amerika sahillərinə geri qaytarmaq üçün ikitərəfli ticarət əlaqələrinə üstünlük verəcəyini açıqlayıb.
Xatırladaq ki, eks-prezident Barak Obama faktı dəstəkləsə də, Konqres bunu ratifikasiya etməyib. Yaponiyanın Baş naziri Şinzo Abe bildirib ki, ABŞ-ın iştirakı olmasa, razılıq faktiki məhv olacaq: "TPP qüvvəyə minə bilməz. Buna səbəb paktın nizamnaməsində razılığın 12 dövlətin hər biri tərəfindən təsdiq olunması zərurətidir”.
Trampın qərarını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə deyib ki, Sakit Okean hövzəsinə daxil olan ölkələrin iqtisadi qurum yaratması gömrük baryerlərinin aradan qaldırılması və azad ticarətin genişləndirilməsini nəzərdə tuturdu:
"Trampın qərarı daxili istehsalçılara dəstək xarakteri daşıyır. Çünki gömrük baryerləri aradan qaldırılarsa, Çin mallarının və digər Uzaq Şərq ölkələrinin məhsullarının Amerika bazarlarına çıxışı daha da asanlaşacaq. Onsuz da Qərb bazarlarında kifayət qədər Çin məhsulları var. Amma o məhsulların Amerika bazarına daha ucuz, rahat və geniş miqyasda girməsi yerli istehsalçıların maraqlarına ziddir. Trampın bəyanatının arxasında məhz Amerika istehsalını qorumaq durur. ABŞ bu anlaşmadan çəkilsə, ölkəyə xaricdən daxil olan məhsullara daha yüksək gömrük tətbiq ediləcək”. İqtisadçı bildirib ki, paktın reallaşmaması çox problemli məsələdir: "Ümumdünya Ticarət Təşkilatı və digər liberal qurumlar bu cür sazişlərə həmişə dəstək verirlər. Lakin ABŞ-ın belə mövqe sərgiləməsi gələcəkdə Avropa Birliyi ilə Amerika arasında gedən Trans-Atlantik danışıqlarına mənfi təsir göstərir. Ölkələrin sadəcə öz daxili bazarlarını qorumaq siyasəti dünyada ticarət müharibələrinin başlanmasına səbəb ola bilər. Kanada ilə AB arasında ticarət anlaşması imzalanıb. Ancaq 7 ilə yaxındır ki, Amerika ilə dil tapmaq mümkün olmur. Trampın son addımı da beynəlxalq ticarət üçün yaxşı heç nə vəd etmir”.
İsmayıl