Vüsalə Mahirqızı: “Onlardan sadəcə əməkdaşlarımızdan üzr istəmələrini və dəyən ziyanımızın ödənilməsini istəyirik”






Ağdamda "Azəri-Press” informasiya agentliyinin (APA) və APA TV-nin əməkdaşlarına qarşı zorakılığa yol verilib.
Qidadan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Rəşad Nəcəfov və yaxınları APA TV-nin çəkiliş qrupuna hücum edərək, televiziyaya məxsus "Panasonic-HD 3MOS” markalı videokameranın obyektivini sındırıblar.

Zorakılığa məruz qalan jurnalistlər bununla bağlı Ağdam rayon polis şöbəsinə müraciət ediblər.



Hadisənin mahiyyətini "Şərq”ə anladan "APA-Holding”in prezidenti Vüsalə Mahirqızı vətəndaşların bu qədər dözümsüzlük göstərməsinə təəssüflənib. O söyləyib ki, müxbirlər sadəcə öz vəzifələrini yerinə yetirməyə çalışıblar: "Səbəbini bilmirik, çünki əməkdaşlarımız orda yalnız çəkiliş ilə məşğul olublar. Ağdamda bir ailənin üzvü olan 3 nəfər zəhərlənib və əməkdaşlarımız bu zəhərlənmənin nədən baş verdiyini araşdırmaq istəyiblər. Hadisə yerində isə xəstə yaxınlarının hücumuna məruz qalıblar. Videokameramızın obyektivi sındırılıb. Müxbirlərimiz onlara hücum olunmasına baxmayaraq özlərini təmkinli aparıblar. Amma biz bununla bağlı yerli polis orqanına müraciət eləmişik. Əməkdaşlarımız artıq öz şikayətlərini bildiriblər. Müvafiq olaraq DİN ilə danışmışıq və məsələni diqqətdə saxlayacağıq. Mən ümumiyyətlə belə insidentlərin baş verməsinə təəssüf edirəm. Çünki biz jurnalist olaraq xidməti vəzifəmizi yerinə yetiririk. Burada heç bir pis niyyətimiz yoxdur. Bu, təəssüfedici haldı, lakin jurnalistika fəaliyyətində hər zaman belə hallarla qarşılaşmaq mümkündür. Onlardan sadəcə əməkdaşlarımızdan üzr istəmələrini və dəyən ziyanımızın ödənilməsini istəyirik”.

Yeganə Bayramova