Bir qadın-bir səs!

“Qadınlar və seçkilər” koalisiyası 10 rayonda görüşlər keçirib



Prezident seçkilərinin yaxınlaşması ölkədə bu məsələyə dair müxtəlif baxış bucaqlarının ictimailəşməsinə gətirib çıxardı. Səsvermə prosesinin şəffalığı, gender bərabərliyinin təmini bu baxışlar sırasında əhəmiyyətli mövqe tutanlardandır. Bu mənada qadınların səsvermə aktivliyinin təmini ilə bağlı dünən Beynəlxalq Mətbuat Mərkəzində "Qadınlar və Seçkilər” koalisiyası "Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsinin yekunlarına dair mətbuat konfransı keçirdi.

"Qadınlar və Seçkilər” koalisiyası Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb və özündə 5 qadın təşkilatını birləşdirir. Tədbirdə koalisiya üzvlərinin Azərbaycanın 10 rayonunda - Şamaxı, Quba, Qusar, Ağsu, Siyəzən, Şabran, Xaçmaz, Göyçay, Xızı, Qobustan, eləcə də, Bakının Səbail və Yasamal rayonlarında yerli qadınların iştirakı ilə keçirdikləri görüşlərin nəticələrindən söz açıldı. Görüşlərdə ölkənin tanınmış ziyalı və sənət adamlarının da qatıldığı diqqətə çatdırılıb. Onlardan bəziləri konfransda da iştirak edirdi. Koalisiyanın rəhbəri, Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızının sözlərinə görə, adıçəkilən layihə çərçivəsində "Qadınlar və Seçkilər” mövzusunda bülletenlər hazırlanıb və bölgələrdəki qadın seçicilər arasında paylanıldığını bildirdi: "12 rayonda keçirilən seminarlarda 250-300 nəfər seçici xanımla tanış olub söhbətləşdik. Təbii ki, həmin qadınlar seçkilərdə böyük rol oynayır və seçkilərin nəticələrinə öz möhürünü vurur. Biz layihənin şüarı olaraq məhz "Bir qadın bir səs deməkdir” seçərək, qadınların böyük qüvvə olduqlarını göstərmişik”.

Gülüstan Əliyeva da tədbirdə çıxış edərək bundan əvvəlki tədbirlərdə də fəal iştirak etdiyini bildirib: "Təbii ki, seçkilərlə bağlı bütün tədbirlərdə sevə-sevə iştirak edirik. Rayonlardakı tədbirlərdə bizə bir daha sübut oldu ki, bölgələrdəki qadınlarımız öz hüquqlarını yetərincə bilirlər. Onlar bu proseslərə laqeyd yanaşmırlar. Hətta öz seçimlərini artıq indidən müəyyən ediblər. 9 oktyabr seçki günündə hazırkı prezident İlham Əliyevə səs verəcəklər”.

Hər azərbaycanlı xanımın ən ümdə özəlliyi kimi ana olmasını qeyd edən G.Əliyeva onların fəallığının gələcəkdə vətənə layiqli övladlar böyütməsinə rəvac verəcəyini söylədi. Bölgədə yaşayan qadınların aktivliyindən ağızdolusu danışan sənətçi prezident İlham Əliyevin də bu illər ərzində görmüş olduğu uğurlu layihələri sadaladı. Onların bəzilərinin tətbiqində bilavasitə iştirak etdiyini dedi. Mətbuat konfransında BDU-nun müəllimi, professor Alxan Məmmədov öz çıxışında qadınların böyük qüvvə olduğunu vurğulayaraq Azərbaycan tarixindən qürurlu məqamları iştirakçıların nəzərinə çatdırdı. Azərbaycan xanımlarının tarixlər boyu hər bir çətinlikdən məharətlə, mərdi-mərdanə çıxmasını fəxrlə bildirdi.

Tədbirdə AGAT-ın sədri Gülsel Səfərova, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva da çıxış edərək, qadınların seçkilərdəki səsinin əhəmiyyətindən bəhs etdilər. Tədbirdə Əməkdar artist Nəzakət Teymurova da iştirak edirdi.

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı da yekunda çıxış edərək, qadınları səsvermədə aktiv iştiraka səslədi. O, Azərbaycan qadınlarının ölkə başçısı İlham Əliyevi dəstəklədiyini bildirərək, mütləq əksəriyyətin ona səs verəcəyini vurğuladı.

Yekunda jurnalistlərin sualları cavablandırıldı. Əməkdaşımız koalisiya üzvlərinə sual ünvanlayaraq onlardan bölgələrdəki qadınların səsvermə prosesində üzləşdiyi problemləri xəbər aldı. "Məlum məsələdir ki, nəinki bölgələrdə, Bakının özündə də seçki prosesində ailə başçısının digər ailə üzvlərinin şəxsiyyət vəsiqəsini də götürərək onların adından səsverməyə gəlməsi müşahidə olunub. Bölgə qadınlarının bu tip məsələlərlə bağlı hansı çətinliklərinin şahidi oldunuz? "

Sualı cavablandıran A.Camalqızı bunu bir növ kişi despotizmi adlandıraraq bunun qanun pozuntusu olduğunu qeyd etdi.

"Bu problem realdır və bəli, bölgələrdə də rast gəlinən məsələdir. Lakin açığı, Qərb bölgəsində səfərdə olarkən xanımlarımızı o qədər aktiv gördük ki, hesab etmirəm onlar öz şəxsiyyət vəsiqələrini verərək, səslərini həyat yoldaşlarına güzəştə gedələr. Onu da nəzərinizə çatdırım ki, bu problemlərin həlli istiqamətində bir çox QHT-lər birləşərək, koalisiya yaradıblar. Onlar bölgələrdə maarifləndirmə işləri həyata keçiriblər. Bu proses bildiyim qədəri ilə hələ də davam edir”.

Sualın cavablandırılmasına öz əlavələrini bildirən gender məsələləri üzrə araşdırmaçı Fainə Hənifəyeva tarix boyu qadınların səs hüquqnun pozulduğunu bildirdi.

"Bu, Fransa tarixində lap aydın nəzərə çarpır. Lakin qadınların mübarizliyi səbəbi ilə bu gün səs hüququmuz var. Ölkəmizdə MSK tərəfindən gender statistikasının aparılmaması isə bu sahədə çətinliklər törədir. Ümumilikdə isə 2008-ci ildə səsvermədə seçicilərin gender statistikasında 52 faizi qadınlar təşkil edirdisə, bu il yalnız 49 faiz qadınlardan ibarətdir. Çox istərdik ki, qadınlarımız seçkilərdə fəal iştirak etsinlər”.

Konfransın sonunda isə tədbir iştirakçıları koalisiyaya uğurlar diləyərək, fəaliyyətlərinin zərurliyini qeyd etdilər.

Bütün Şərq dünyasında qadına ilk dəfə səs hüququnu verən məhz Azərbaycan olub. Həmin tarixi tendensiyanı doğrultmaq isə bizim nəslin borcudur. Hər bir vətəndaşımızı seçkidə fəal olmağa səsləyirik!