Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) təsisçisi, hazırda partiyaya rəhbərlik etməyən Məmməd Əlizadə yaratdığı partiyanın prezident seçkilərində necə iştirak etməsi və namizədlərin 15 gündür davam edən təbliğat, təşviqat kampaniyası haqqında öz təəssüratlarını "Şərq”ə danışıb. Prosesləri yaxından izlədiyini deyən M.Əlizadə onun rəhbərlikdən getməsindən sonra partiyada yaranan iki tərəfin də seçkidə cənab İlham Əliyevi dəstəklədiyini bildirib.
- Qurucusu olduğunuz partiya ilə əlaqə saxlayırsınızmı?
- Əlbəttə, mütəmadi əlaqə saxlayaraq partiyanın fəaliyyəti ilə maraqlanıram. Çünki yaratdığım qurumun aqibəti məni narahat edir. Ona görə də partiya ilə əlaqəmi birdəfəlik kəsmirəm.
- Vəhdət Partiyasının sədri Tahir Kərimli qəzetimizə verdiyi müsahibəsində demişdi ki, iqtidaryönlü partiyalar arasında ən çox əlaqə saxladığım M.Əlizadə idi. Ancaq o, partiyadan gedəndən sonra qurum dağıldı. Artıq orada heç kimlə əlaqə qurmuram. Partiyanın bu cür dağınıq və zəif fəaliyyətini necə dəyərləndirirsiniz?
- Tahir bəyin keçdiyi siyasi yol bəllidir, ciddi fəaliyyəti və təcrübəsi var. Onunla tez-tez görüşüb fikir mübadiləsi aparırdıq. Amma mən partiyadan getdikdən sonra qurumda bəzi xoşagəlməz hadisələr baş verdi, ikili tərəf formalaşdı. Buna görə də Tahir bəyin DADP ilə əlaqəsi kəsildi. Əlbəttə, istəməzdim ki, yaratdığım partiya parçalansın. Amma müəyyən səbəblərdən bu, baş verdi və təşkilat iki qanada bölündü. Artıq bir ildir rəhbərlikdən uzaqlaşmışam. Ona görə də prosesə birbaşa müdaxilə etmək istəmirəm. Sadəcə, bir qanadı dəstəklədiyimi demişəm.
- Partiyada sizə bağlı xeyli məsləkdaşınız var. Məsləhət almaq üçün sizə üz tutanlar olurmu? Onlara öz tövsiyələrinizi verirsinizmi?
- Bəli, olur. Mənimlə məsləhətləşməyə gəlirlər. Əlisahib Hüseynovun rəhbərlik etdiyi siyasi qanad mənimlə sıx əlaqə saxlayır. Bilirsiz ki, həmin qanad məni partiyanın fəxri sədri seçib. Mən də öz növbəmdə görüşlərimi söyləyirəm. Rayon təşkilatlarının işi necə qurması və təbliğatı lazımi səviyyədə hansı şəkildə aparması barədə təcrübələrimi onlarla paylaşmışam. Qapılarımı onlara bağlamıram.
- DADP iqtidaryönlü partiyadır. Hakim partiyanın namizədini dəstəklədiyini bəyan edən qurum təbliğat prosesində necə iştirak edir? Qanadlar arasında ziddiyyət varmı?
- Partiya cənab İlham Əliyevin təbliğatını aparmaq üçün seçki qərargahı yaradıb. Parçalanmış hər iki qanad da hazırkı prezidentin apardığı siyasəti dəstəkləyir və onun namizədliyini müdafiə etmək üçün bütün qüvvələrini səfərbər edir. Yəni bu məsələdə ayrıseçkilik yoxdur. Zənn edirəm, fərqlilik olmadığı üçün hansısa problem də yaşanmaz.
- Artıq iki həftədir namizədlərin seçki təbliğatı davam edir. Təşviqat üçün ayrılmış ödənişsiz efir vaxtını öz platformalarına sərf etmək əvəzinə namizədlərin bir-birini aşağılamısına, təhqir etməsinə münasibətiniz necədir?
- Bəzi məqamları çıxmaq lazımdır. Yəni namizədlərdən Fərəc Quliyev və İqbal Ağazadə konkret olaraq müəyyən istiqamətə köklənmiş siyasətçilərdir. Amma onlardan kənarda olan bəzi partiya rəhbərləri, namizədliyini müstəqil şəkildə irəli sürmüş bir sıra şəxslər milli-mənəvi dəyərlərimizə ziddi olan olduqca çirkin mövqelər ortaya qoyurlar. Bununla onlar sadəcə özlərini və partiyalarını deyil, ümumilikdə Azərbaycan xalqını da aşağılayırlar. Ancaq bir neçə namizədin səviyyəsizliyini nəzərə almasaq, ümumilikdə seçki prosesinin normal şəkildə getdiyini söyləmək olar. Sadəcə bunların mənfi cəhəti ondan ibarətdir ki, bu namizədlərin içərisində cənab İlham Əliyevə alternativ olan bir şəxs yoxdur. Yəni onlar həm dövlətçilik, həm də milli maraqlara uyğun addımlar atmamaqla dəfələrlə sübut ediblər ki, xalq üçün layiqli namizədlər deyillər. Narahatlıq doğuran məsələ budur. Artıq XXI əsrdir, prezidentliyə namizədlər bütün sahələr üzrə öz konsepsiyalarını və proqramlarını ortaya qoymaq əvəzinə dedi-qodu yaratmaqla və digərini təhqir etməklə məşğuldurlar. Mənəvi dəyərlərə zidd olan düşüncələrin ortalığa qoyulması hər bir ziyalını, hər bir vətəndaşı narahat edir. O cümlədən də məni. Kiminsə ailəsinə dil uzatmaq, qadınını, qızını ləkələmək, məişət söhbətini efirə daşımaq çox çirkin şeylərdir. Axı o da bizim övladımızdır, bu ölkənin vətəndaşıdır. Hesab edirəm, bu gün efirdə gördüklərimiz arzuolunmaz amillərdir. Düzdür, onlara cavab verilir. Amma cavab da əxlaqi-nöqteyi nəzərdən olmalıdır. Biz dövlətin güclü olması fəlsəfəsini ortaya qoyanda deyirik ki, dövlətin güclü olması üçün qanunun aliliyini sıravi vətəndaşdan tutmuş prezidentə qədər hər kəs qorumalıdır. Qanunu bir kənara ataraq, "atam mənə kor deyib, gələn-gedənə vur deyib” düşüncəsi ilə xalqa özünü tərbiyəsiz kimi göstərmək biabırçılıqdır. Cəmiyyətimizin çatışmayan nöqsanıdır.
- Bu şəkildə təbliğat aparan namizədlərin şanslarını necə dəyərləndirirsiniz?
- Heç kimin şansı yoxdur. Burda şansdan söhbət gedə bilməz. Hamı çox gözəl bilir ki, cənab prezidentə rəqib namizəd yoxdur. Çünki yolda uşaq-böyük kimi saxlayıb soruşsan, İ.Əliyevi dəstəkləyəcəyini deyəcək. Xalq da bunu görür. Əgər müxalifətin şansı olsaydı, inandırım sizi ki, bunlar intiqam hissi ilə yaşamazdılar. Seçilmək şansları olmadığı üçün ağızlarından "gül” tökülür.
- Siz ictimaiyyət arasında tez-tez olursunuz. İnsanların seçkiyə marağı hansı səviyyədədir?
- Birmənalı şəkildə deyirəm ki, builki seçkilərə maraq çoxdur. İnsanlar da kifayət qədər aktivdir. Özü də, əhalinin 70-80 faizi indiki prezidentə səs verəcəyini bəyan edib. Bilirsiz, biz bəzi hallarda aktivliyi hay-küylə, səs-küylə ölçürük. Əslində seçki aktivliyi bu deyil. Əgər ölkədə əsas kütlə hazırkı rəhbəri dəstəkləyirsə, seçki prosesi də beləcə sakit keçir. Digər namizədlərin də elektoradları çox olsaydı, onda seçkidən hay-küy gözləmək olardı. İnsanların əksəriyyəti könüllü olaraq bir istiqamətə yönəldiyi üçün proses sakit gedir.
- Təbliğat müddətində mitinqlərin keçirilməsinə münasibətiniz necədir?
- Mitinqlər keçirilməlidir. Bu, demokratik cəmiyyət quruculuğunda önəmli faktorlardan biridir. Lakin bu mitinqlər bayaq qeyd etdiyim amillər üzərində köklənirsə, vətəndaşların maarifləndirilməsi naminə edilmirsə, deməli, məqsəd başqadır. Məsələ mitinqə yığışanların say azlığı və ya çoxluğu ilə bağlı deyil. Əsas amil mitinqin cəmiyyətə verdiyi mesaj, daşıdığı ideyadır. Əgər bu gün mitinq təşkil edənlər "azadlıq” və "istefa” şüarları ilə çıxış edirlərsə, deməli, onlar hələ də 1988-ci il təfəküründən kənara çıxa bilmirlər. Nə azadlıq, hansı azadlıq? Onların xəbəri yoxdur ki, Azərbaycan artıq 20 ildən çoxdur ki, azaddır, müstəqildir. Bu illər ərzində biz asılı dövlətə çevrilməmişiksə, bunun yeganə qarantı ümummilli liderimiz H.Əliyev və indiki prezidentimiz İ.Əliyev siyasətidir. Mitinqlərdə normal çıxış edərək həqiqi nöqsanları səsləndirmək lazımdır. Nöqsanlar qərəzli olmamalıdır. Amma təəssüf ki, biz meydanlarda başqa şey görürük.