Müstəqil Azərbaycanın banisi - Heydər Əliyev




2016-cı il oktyabrın 18-də Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd etdi. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratdı. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların tərkibində olub. Amma buna baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri - dilini, milli-mənəvi dəyərlərini göz bəbəyi kimi qoruyub saxlamağı bacarıb və nəhayət öz müstəqilliyinə qovuşub.

 Müstəqilliyimizdən ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Çünki bu illər əzrində uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib, mədəniyyətimiz zənginləşib. Müstəqil Azərbaycan hər bir vətəndaşımızın və xaricdə yaşayan soydaşımızın əsl qürur mənbəyinə çevrilib..

Ümummilli liderin xidmətləri, fədakarlığı və mübarizliyi danılmazdır..

Müstəqillik qazanmaq hər bir xalqa nəsib ola bilər, ancaq onu saxlamaq heç də hamıya qismət olmur. Bunun üçün dövlətçilik ənənələrinə və xalqı arxasınca aparmaq məharətinə sahib lider olmalıdır. 1991-ci ildə müstəqillik yollarında ilk addımlarını atan Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Dağlıq Qarabağ problemi ilə də üz-üzə qalmışdı. Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunsa da, müstəqilliyi qoruyub saxlamaq istiqamətində vacib addımlar məhz 1993-cü ildən, böyük siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra atıldı. Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu. Dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və "Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı. Eyni zamanda yeni demokratik institutlar yaradılmağa və sovetlər dönəmindən qalmış bəzi qadağaların aradan qaldırılmasına başlanıldı. Həmçinin, Senzuranın ləğvi, Kütləvi İnformasiya Vasitələri haqqında yeni qanunun qəbulu, İnsan hüquqları üzrə müvəkkil - Ombudsman institutunun yaradılması, ölüm hökmünün aradan qaldırılması hüquqi dövlət quruculuğunu sürətləndirdi, müstəqilliyimizin dayaqlarını möhkəmləndirdi. Bu mənada Heydər Əliyevin Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı və mübarizliyi danılmazdır. Ümummilli lider Azərbaycan xalqının, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib. Bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib. Sadəcə bir faktı xatırlatmaq kifayət edər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. O zaman ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ də mövcud olduğu bir vaxtda amansız, qəddar, xalqımızın qanına susamış rejimə qarşı açıq şəkildə etiraz etmək sözün əsl mənasında böyük hünər və cəsarət tələb edirdi. Bu cəsarəti məhz Heydər Əliyev göstərdi.

Heydər Əliyev və müstəqil Azərbaycanın siyasi inkişaf dövrü..

Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, balanslı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu. Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac var. Yalnız bundan sonra 1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəfli, həm də çox çətindir... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır”.

Xarici siyasət prioritetləri və beynəlxalq münasibətlərin qurulması..

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə, keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırdı. Ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Qərb və Şərq ölkələri ilə əlaqələr sistemi müəyyən edildi. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi. Ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Eyni zamanda 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi özünü ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində qabarıq şəkildə büruzə verdi. Lissabon sammitində ilk dəfə olaraq ATƏT-in 54 üzvündən 53-ü münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Beləliklə, ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə düşünülmüş və balanslaşdırılmış xarici siyasət sayəsində müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu. Beynəlxalq aləmdə Azərbaycanın sözü ilə hesablaşmağa başladılar.

Müstəqil Azərbaycanın iqtisadi inkişaf mərhələsi..

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı. Çünki dahi siyasətçi tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.

Ulu Öndərin neft strategiyası iqtisadiyyatda lokomotiv rolunu oynadı

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ümummilli lider neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. Bu müqavilənin imzalanması və gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil etmiş Heydər Əliyevin neft strategiyasının parlaq təzahürü oldu. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiysk, Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Milli neft strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmağa başladı. Beləliklə, ulu öndər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı.

Makroiqtisadi sabitlikvə özəl sektorun inkişafı

Ümummilli liderin düşünülmüş iqtisadi siyasəti nəticəsində müstəqil Azərbaycanda makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya və digər sahələrin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Onun müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Ümummilli lider kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Sahibkarların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı.

Təhlükəsiz və firavan ölkə qurduğuna görə, ulu öndərə borcluyuq..

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Ancaq bizim qeyd etdiklərimiz ümummilli liderin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlərin çox cüzi bir hissəsi idi. Əslində ulu öndərin əvəzsiz xidmətlərini bir neçə səhifəyə sıxışdırmaq mümkün deyil. Elə bu səbəbdən də Heydər Əliyevin şəxsiyyəti və dörgüyü işlər barədə cild-cild kitablar yazılıb. Sadəcə vurğulanan üç-beş məsələdən belə aydın olur ki, 25 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə, məhz ümummilli lider Heydər Əliyevə borcluyuq. Əksəriyyət də hesab edir ki, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi ulu öndər Heydər Əliyev tərəfindən yazılıb. Şübhəsiz ki, bugün də ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yeridilən uğurlu daxili və xarici siyasət nəticəsində müstəqil Azərbaycanımız durmadan inkişaf edir, güclənir. Əldə edilən yüksək nailiyyətlər də həyata keçirilən siyasi və iqtisadi kursun nə qədər düzgün və ağıllı hazırlandığını ortaya qoyur. Ona görə də Azərbaycan xalqı bu siyasətə dəstək verəcək və öz müstəqilliyini qiyamətə qədər qoruyacaq.

İsmayıl Qocayev