Sərdar Cəlaloğlunun istefa imitasiyası...

Sədri qorumaq üçün partiya məğlubiyyəti bölüşəcək

ADP-nin birinci şəxsi Sərdar Cəlaloğlunun prezident seçkisində uduzduğuna görə təşkilatın sədrliyindən istefa qərarı bir neçə aspektdən yanaşma tələb edir.

Birinci, bu qərar həqiqətənmi siyasi mədəniyyət normalarına uyğun gerçək istefa niyyətini özündə ehtiva edir? İkinci, o, on namizəd içərisində ən aşağı faizdə səs toplayıb, bununla da kifayət qədər aşağılanıb, siyasi karyerası zərbə alıb və belə olan halda mümkün deyilmi ki, indiki siyasi etiket qaydası çərçivəsində görüntü xarakterli addımıyla siyasi bioqrafiyasına pozitiv ştrixlər əlavə etməyə səy göstərməsin? Üçüncü, bəlkə ADP sədrinin bu addımının alt qatında radikal müxalifətin daxilində gərginlik yaratmaq cəhdi dayanır?! Yəni ADP-dəki örnəyə istinadən həmin partiyalarda təşkilatın siyasi elitasına qarşı bir müqavimət, istefa tələbləri meydana çıxsın.

İlk növbədə, ondan başlayaq ki, əgər Cəlaloğlu bu məsələdə, doğrudan da səmimidirsə, onun sözügedən hərəkəti siyasətdə dürüstlük nümunəsi sayıla bilər. Çünki ADP sədri özünü obrazlı şəkildə öz məğlubiyyətinin atası adlandırır. YAP-ın sədri İlham Əliyevə uduzduğunu, hətta Cəmil Həsənliyə qalib gələ bilmədiyini etiraf edir və ikinciyə məğlub olmasını xüsusi vurğuyla ifadə etməyi özünə sığışdırır. Bundan başqa, əgər Azərbaycanda koalision hakimiyyət modeli həyata keçirilərsə, bu modeldə Həsənlinin bağlı olduğu qüvvələrin iştirak etməyə daha çox haqqının çatdığını dilə gətirir. Yəni, özünün rəhbərlik etdiyi partiya daxil, digər müxalif təşkilatlarla nisbətdə AXCP-Müsavatın reytinqinin yüksəkliyi faktında obyektiv olmağı bacarır. Razılaşaq ki, qeyri bir müxalif namizəd özünü, partiyasını nüfuz etibarilə çətin bu cür aşağılayardı; özünü məğlubiyyətdə suçlu tərəf qismində belə rahatca təqdim edə bilməzdi...

Lakin iş ondadır ki, Cəlaloğlunun istefası söhbəti gündəmə gələn kimi partiyası çevik olaraq bu qərarı rədd edən münasibət sərgilədi. Üstəlik, istefa ərizəsini hökmlü tonda qələmə alan sədr özü sonradan qətiyyətini azaldan templə partiyası məğlubiyyətə şərik çıxarsa, öz qərarına yenidən baxacağını da açıqladı. Əlbəttə ki, sədri qorumaq üçün partiya məğlubiyyəti bölüşəcək. Demək ki, ADP sədrinin istefa məsələsi prinsipial məsələyə oxşamır, burada inad, qətilik, səmimiyyət kəm gəlir. Sədr, sadəcə istefa imitasiyası edir: cəmiyyətə gedəcəyinin mesajını verməklə ictimai xal qazanır, partiya bu məsələyə müsbət baxmayanda isə siyasətdə qalmağa səbəb əldə edir.

Partiyanın sədr postunu buraxmaq, siyasətdən getmək nümunəsini AMİP lideri Etibar Məmmədov qədər heç kəs parlaq şəkildə ortaya qoya bilməyib. Hətta Lalə Şövkət Hacıyeva da. O, analoji addım atsa da, siyasətdən çəkilə bilmədi. Milli Şurada iştirak etdi, bu formatda alınan qərarlara münasibətini bildirdi, axırda müxalifətin liderləri ilə konfliktə də girdi. E.Məmmədovsa bəyanat verən kimi partiyadakı kreslosundan çəkildi və siyasətdən getdi. Hamıya bəllidir ki, o, hazırda lider statusundadır, bu statusda mövqe tutmaqsa, rəmzi xarakter daşıyır. Ona görə ki, lider təşkilatın simvoludur, atributudur. Cəlaloğlunun məntiqiylə yanaşsaq, belə çıxır ki, partiyası E.Məmmədovun qatıldığı seçkilərdə məğlubiyyəti onunla bölüşmədi, liderlərini səhvləri, qüsurları ilə baş-başa buraxdı, onunla vidalaşmağı ürəkdən istədi. Halbuki elə deyildi. E.Məmmədov siyasətdə faktiki öz gələcəyini tapa bilmədi, siyasəti artıq maraqsız hesab etdi ki, getdi və heç kəs də onun ayağına düşüb yalvarmadı. Bu məntiqlə əgər Cəlaloğlunun sədrlikdən getmək niyyəti ciddi xarakter daşısa, inanmırıq ki, kiminsə bunu ona qadağan etməyə gücü çata bilər. Həm də bu, bir həqiqətdir ki, getmək üçün getməyə yer olmalıdır. E.Məmmədovun getməyə yeri biznes sahəsi idi, Cəlaloğlunu maliyyə sarıdan razı salacaq ünvanın hara olduğunu isə təxmin etmək çətindir.

İstefa məsələsində üçüncü cəhətə gəldikdə, seçkidən sonra üç partiyanın - Ümid, ADP, VHP-nin içərisində gedən oxşar proseslər məqsədyönlü görünməyə başladı. Radikal müxalifətin daxilində dolayısı ilə təlatüm yaratmaq baxımından adıçəkilən partiyalar arasında sanki bir razılaşma əldə olunub: ortaya özlərinin timsalında istefa nümunələri qoyub, uzunmüddətli hakimiyyət iddiası aparan təşkilatların aşağı eşalonunu hərəkətləndirmək, istefa çağırışlarına təhrik etmək, bununla da hər seçkidə onları ikinci pillədən (səs faizinə görə) məhrum qoyan radikal müxalifətin qol-qanadını büsbütün sındırmaq kimi.

Nəzərə alaq ki, partiyalar hansısa prosesdə müttəfiq kimi yanbayan dayansalar da, əslində onların arasında bir çox hallarda görünməyən ciddi rəqabət münasibətləri olur. Bu baxımdan nisbətən güclünün tamam zəifləməsi və yaxud, sıradan çıxması, sözsüz ki, digərlərinin xeyrinə işləyən faktor olur. Bir halda ki, son istefa məsələlərində imitasiya çaları tapmaq mümkündür, o halda bu amilin radikal müxalifət üçün təhrikçi metod olması daha inandırıcı görünür.