Qorxan Rusiya...

Hansı cinayətkarı indiyədək daxili işlər nazirinin hüzuruna aparıblar?

Elman Nəsirli: "Bütün bu siyasi şounun hansı məqsədlə səhnələşdirildiyi məlumdur. Bu, sadəcə Azərbaycana təzyiq vasitəsidir

Arif Əliyev: "Yaxın gələcəkdə Rusiya KİV-nin davranışlarının bu siyasi xətdən kənara çıxacağını gözləmirəm”

Həmyerlimiz Orxan Zeynalovun Rusiya xüsusi-xidmət orqanları tərəfindən saxlanılması kadrları artıq neçə gündür əsas mövzudur.

İstər Rusiya, istərsə də Azərbaycanda demək olar hər kəs bu hadisədən danışır. Hiddətə səbəb olansa soydaşımızın saxlanılan zaman işgəncələrə, təhqirlərə məruz qalmasıdır. Halbuki bu şəxsin cinayət əməli hələ sübut olunmayıb. O, hələ ki, sadəcə, şübhəli bilinən və saxlanılan şəxsdir. Rusiya rəsmi dairələrinin bir azərbaycanlının üzərində siyasi şou düzəltdiyi ortadadır. Məqsəd də, məram da bəllidir. Rusiya da bizim üçün yeni rəqib deyil. Bu dövlətin hansı siyasi avantüralara müəlliflik etdiyini, necə deyərlər, görə-görə gəlirik.

Bizi maraqlandıran hadisələrdə rəsmi Bakının tutduğu mövqe və atılması gərəkən addımlardır.

Həmyerlimizlə bağlı baş verənlərin siyasi şou olduğunu söyləyən politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında Azərbaycan tərəfindən yalnız beynəlxalq hüquqa söykənən addımlar gözlədiyini dedi:

- Son hadisələr - azərbaycanlının Moskvada hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən bu şəkildə saxlanılması, qeyri-insani rəftar, şübhəli şəxsin birbaşa daxili işlər nazirinin kabinetinə - nazirin hüzuruna gətirilməsi və bütün bunların Rusiya KİV-i tərəfindən bu şəkildə qeyri-peşəkar, qıcıqlandırıcı, ictimai emosiyaların alovlanmasına təkan verəcək bir səviyyədə işıqlandırılması, şübhəli şəxsin milis zorakılığına, işgəncələrə məruz qalması videolarının sərbəst yayımlanması yalnız və yalnız siyasi şoudur. Burada artıq cinayət və onun hüquqi qiymətləndirilməsindən söhbət gedə bilməz. Burada Azərbaycana aşkar siyasi təzyiq elementi var. Qətldə hələ şübhəli bilinən şəxsin zərərsizləşdirilməsi prosesi elə aparılır ki, sanki o, beynəlxalq səviyyəli bir terrorçudur. Hansısa kütləvi qətllərdə, terror aktlarında iştirak edib, dövlət səviyyəsində xüsusi təhlükəli bir residevistdir. Şübhəli şəxsi daxili işlər nazirinin hüzuruna elə bir şəkildə gətirirlər ki, sanki illərlə axtarışda olan qatı bir cinayətkarı nəhayət tapıblar. Qətldə şübhəli bilinən şəxsin Rusiya kimi, özünü super-güc hesab edən bir dövlətin daxili işlər nazirinin qarşısına gətirilməsi, sadəcə gülüncdür və normal insanlarda ikrah doğurur. Həm də o səbəbdən ki, bütün bu siyasi şounun hansı məqsədlə səhnələşdirildiyi məlumdur. Bu, sadəcə Azərbaycana təzyiq vasitəsidir. Amma onu da heç olmasa səviyyəli bir şəkildə pərdələməyi bacarmırlar. Bu isə Rusiya siyasi dairələrinin harınlaşdığını, təzyiqlərini aşkar bildirdiyini və özünü heç nədən çəkinməyən kimi göstərdiyini sübut edir.

Hadisələrin bu formatda gedişində hüquqi motiv axtarmağın artıq mənası da yoxdur. Düzənlənən bu siyasi şou vəhşi azərbaycanlı obrazı formalaşdırmağa xidmət edir. Təsəvvür edin, hətta öldürülən rusun qardaşı etiraf edir ki, hadisənin belə şəkil alacağını gözləmirdi. Moskvada 16-17 milyon insan yaşayır. Moskva dünyanın ən kriminal paytaxtlarından biridir. Bu şəhərdə hər gün saysız-hesabsız cinayətlər törədilir. Yüngülü də olur, ağırı da. Hansı cinayətkarı indiyədək daxili işlər nazirinin hüzuruna aparıblar? Yəni, şübhəli bilinən Orxan Zeynalovun hələ sübuta yetirilməmiş cinayəti beləmi görünməmiş, indiyədək rastlanmamış əməldir ki, onu birbaş nazirin hüzuruna çıxarılmağa "layiq” bilirlər?! Həqiqətən də, çox gülüncdür və acı təəssüf doğurur.

Son hadisələr Rusiyanın Azərbaycana əzələ nümayiş etdirmək istəyini ortaya qoyur. Rusiya hakim dairələri mesaj verir ki, çoxsaylı azərbaycanlıları öz vətənlərinə geri qaytara bilərlər. Hazırkı situasiyada Rusiyanın hərəkətləri strateji tərəfdaşlığı zərbə altına qoyan və ikitərəfli əlaqələrə yenidən baxılması məsələsini də gündəmə gətirə biləcək davranışlardır.

Bəs Azərbaycan tərəfi belə bir vəziyyətdə hansı mövqedə dayanmalıdır?

Politoloq qeyd etdi ki, burada söhbət heç bir halda ölkəmiz daxilindəki rusdilli əhaliyə qarşı adekvat münasibətdən gedə bilməz:

- Azərbaycanın cavabı Rusiyanın davranışlarına adekvat olmamalıdır. Azərbaycan hüquqi dövlətdir, beynəlxalq konvensiyalara qoşulmuşuq və biz beynəlxalq hüquq normalarına riayət etdiyimizi göstərməliyik. Rusdilli əhaliyə qarşı hansısa basqıdan ümumiyyətlə, söhbət gedə bilməz. Çünki bu, xalq olaraq bizim xislətimizə yaddır. Biz məsələni ancaq hüquqi müstəviyə qaldırmaq istiqamətində işləməliyik. Müstəqil ekspertlər, beynəlxalq ekspertlərin işə cəlb olunmasına çalışmalıyıq. Azərbaycanın Rusiyadakı səfirliyi, diaspora təşkilatlarımız güclü işləməlidir. Azərbaycan Daxili İşlər Nazirliyi Rusiya DİN ilə ikitərəfli əlaqələr, imzalanmış müqavilələr baxımından hadisəyə yanaşma tələb edə bilər. Hətta barəsində ölüm hökmü çıxarılmış insanın da son söz demək haqqı tanınır. Amma burada hələ cinayət əməli təsdiqlənməmiş bir şəxs bu şəkildə işgəncələrə məruz qalır, şəxsiyyəti alçaldılır. Bu, bütün beynəlxalq prinsiplərin tapdalanmasıdır. Özü də bu qeyri-insani və hüquqazidd hərəkətləri özünü demokratik, hüquqi və sivil ölkə sayan Rusiya edir. Həm də qonşu bir ölkə. Deməli burada siyasi təzyiq, siyasi xal qazanmaq, daxilə hesablanmış siyasi manevr və hamısı bir yerdə ucuz bir siyasi şou sərgilənir.

E.Nəsirli qeyd etdi ki, O.Zeynalovun vəkillərlə təmin edilməsi istiqamətində iş aparılmasına dair məlumatlar var:

- Bəzən informasiyalar bilərəkdən ictimaiyyətdən gizli saxlanılır. Belə bir aforizm var: vacib informasiyaya malik olmaq hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı qeyri-vacibdən ayırd etmək ikiqat hakimiyyət, vacib informasiyanı yaymamaq isə 3 qat hakimiyyətə sahib olmaqdır. Bu gerçəklikdən çıxış edərək, ola bilsin, Azərbaycan rəsmi dairələri hansı işlərin aparıldığını açıqlamırlar. Məlum olan budur ki, Azərbaycan DİN səviyyəsində müəyyən işlər aparılır. Bu da ilk növbədə O.Zeynalovun müdafiəsinin təşkili, vəkillərin işə cəlb edilməsi ilə bağlı ola bilər. Hətta mən deyərdim ki, Azərbaycanla Rusiya arasında ikitərəfli müqaviləyə əsaslanaraq O.Zeynalovun ekstradisiya məsələsinə də baxıla bilər. Amma bu, sonrakı mərhələdir. Hələ cinayəti məhz onun törətdiyi təsdiqlənməlidir və həmçinin cinayət əməlinə gətirib çıxaran amillər də üzə çıxarılmalıdır.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə son hadisələrdə Rusiya KİV-nin də siyasi şounun elementi olduğunu təsdiqlədiyini bildirdi:

- Rusiya KİV-nin sərbəst mövqeyi yoxdur. Rusiya KİV-i həm siyasi, həm də maliyyə asılılığı içindədi. Moskvada təhsil almış şəxs kimi o mühitə bələdəm və tam məsuliyyətlə deyə bilərəm ki, Rusiya mətbuatının elektron KİV-nin siyasi hakimiyyətdən asılılığı daha kəskin şəkildə dayanır. Yaxın gələcəkdə Rusiya KİV-nin davranışlarının bu siyasi xətdən kənara çıxacağını da gözləmirəm.

Son hadisələr zamanı da Rusiya KİV-nin sərgilədiyi mövqe hökumətin sifariş etdiyi mövqedir. Və çox biabırçı bir mövqedir. Açıq-aydın görünür ki, Azərbaycana ciddi təzyiq göstərmək niyyətindədirlər. Əks halda, bu cür alçaldıcı və biabırçı səhnələrin efirdə yayımlanmasına son qoymaq çox asan olardı. Media mütəxəssisi həmin videolara baxan kimi bunun arxasında böyük rejissuranın dayandığını görür. Bunlar hamısı əvvəlcədən hazırlanmış, bəlli bir məqsəddə efirə ötürülən, geniş ictimaiyyətə yayımlanan videolardı. Amma nə qədər istedadlı bir rejissor işləsə də, montaj elementləri də açıq görünür. Məqsəd də bəllidir. Yığılıb qalaqlanmış problemlərin günahını miqrantların, qeyri-rusların, hətta bir az da dəqiq desək, qafqazlıların üzərinə qoymaq.

Ac ruslar elə bilir ki, problemlərin kökü miqrantlardır. Bu da fikri əsas günahkardan yayındırmağa xidmət edir. Amma Rusiya hökuməti bunu nəzərə almalıdır ki, milli hisslərlə oynamaq hər zaman çox təhlükəlidir. Çox zaman bu proseslər siyasi hakimiyyətə qarşı çevrilir. Burada əlbəttə, daxilə hesablanmış elementlər də var. Putin özünü güclü - yaxşı oğlan kimi aparır. Bununla özünə elektorat toplamaq niyyəti güdür. Amma bir daha vurğulayıram ki, bu, çox təhlükəli oyundur. Sanki hazırda iki Moskva mövcuddur. Biri siyasi hakimiyyətin daimi ciddi nəzarəti altında olan, biri isə nəzarətdən çıxmış. Baş verən hadisələrə hökumətin gecikmiş müdaxiləsi, hüquq-mühafizə orqanlarının emosional kütləni sakitləşdirmək üçün faktiki heç nə etməməsi, fəaliyyətsiz dayanması təsadüfi sayılmamalıdır. Bu o deməkdir ki, heç nə izsiz keçib getməyəcək. Artıq Rusiya parlamenti miqrantlara qarşı siyasətin sərtləşdirilməsini tələb edir, prezident Putin sərt açıqlamalar verir. Amma belə bir vəziyyətdə Rusiyaya miqrasiya axını isə dayanmayıb. Davam edir. Düşünürəm ki, şovinizm elementləri soydaşlarımız üçün yaxşı heç nə vəd etmir. Əslində, biz özümüz Rusiyaya təzyiq aləti veririk. 100 minlərlə soydaşımız Rusiyaya səpələnib. Əmək qabiliyyətli insanların 30 faizi ölkədən kənardadır. Rusiya da əlinə düşmüş bu fürsətdən istifadə edir. Biz əlbəttə, cinayət hadisəsinə, cinayətkara haqq qazandırmırıq. Amma bundan millətlərarası münasibətləri kəskinləşdirmək üçün istifadə etmək düşünülmüş ssenaridir. Və burada Azərbaycana təzyiq də aşkar görünür.