Polisi dini ekstremistlər qətlə yetirib

İlqar Altay: “Qusar sərhəd zonası olduğundan orada dini ekstremist təmayüllü qruplaşmalar mövcuddur”

Bu günlərdə Qusar rayonunda polis əməkdaşlarına silahlı basqın olub. Verilən məlumata əsasən sözügedən rayon polis şöbəsinə axtarışda olan şəxslərdən birinin rayona dönməsi barədə xəbər daxil olub. Polis axtarışda olan şəxsin gizləndiyi evə gəlib. Evdə bir neçə nəfər olub. Onlar hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına qəflətən hücum ediblər. Nəticədə polis mayoru Qalib Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha 3 polis əməkdaşı- Mövlud Əliyev, Cəmil Nəsirov və RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, polisə silahlı müqavimət göstərən şəxslərin radikal dini qruplaşmanın üzvləri olduğu bildirilir.

Faktla bağlı "Şərq”ə açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədildiyini deyib: "Oktyabrın 16-da saat 08:00 radələrində Qusar şəhərində naməlum şəxs şəhər sakini, valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manat pulu qarət yolu ilə ələ keçirib. "İsti iz”lərlə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Edik Rüstəmov müəyyən edilərək saxlanılıb.

Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün polis əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıblar. Bu zaman orada E.Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Sonrakı əməliyyat tədbirləri ilə silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilib. Hazırda ağır cinayət törədərək hadisə yerindən qaçmış həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Kriminalist-ekspert İlqar Altay söyləyib ki, məsələnin mahiyyətini müəyyən etmək çox çətindir: "Hüquq-mühafizə orqanları işlə ciddi məşğul olmalıdır. Olayın həqiqi mahiyyətinin nədən ibarət olması yaxın günlərdə açıqlanacaq”.

Ekspert hesab edir ki, Qusar sərhəd zonası olduğundan orada dini ekstremist təmayüllü qruplaşmalar mövcuddur: "Belə hadisələr Azərbaycanın İran və Rusiya ilə sərhəddində baş verir. Bu baxımdan zənn edirəm ki, hadisəni yalnız dini ekstremizmlə məşğul olan insanlar edə bilərlər. Çünki oğurluq və xuliqanlıq edənlərin polis işçisinə silah çevirməsi inandırıcı və gözlənilən deyil”.