Moskvadakı azərbaycanlılara vaxt veriləcək

Meyvə-tərəvəz bazası tamamilə boşaldılacaq

Moskvanın Qərbi Biryulyovo rayonunda yerləşən meyvə-tərəvəz bazasının icarədarlarına məhsullarının çıxarılması üçün kifayət qədər vaxt veriləcək. APA-nın "RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib. Onun sözlərinə görə, icarədarlara istədikləri qədər vaxt veriləcək: "Moskva meri Sergey Sobyanin sahibkarlara tam kömək göstərilməsi barədə göstəriş verib. Düşünürəm ki, yaxın bir-iki gün ərzində baza tamamilə boşaldılacaq”. Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi "Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulyovo rayonunda yerləşən "Pokrov” meyvə-tərəvəz bazasının daxil olduğu "Novıe Çeryomuşki” QSC-nin fəaliyyətinin dayandırılıb. Məhkəmədə iddiaçı qismində "Rospotrebnadzor” iştirak edib. "Rospotrebnadzor”un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib. "Pokrov” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub.