“ADP radikal müxalifətçilik mövqeyi tutacaqsa, namizədliyimi verməyəcəm”

Sərdar Cəlaloğlu: “Prezident seçkilərində ən pis nəticə göstərən mən deyiləm”

Prezident seçkilərində məğlub olduğuna görə istefa qərarı verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun bu istəyinə partiyanın İdarə Heyəti "yox” dedi. ADP yetkililəri S.Cəlaloğlunun müraciətini müsbət qarşılamayaraq, onu təşkilatın qurultayına kimi, sədr postunda qalmasını tələb etdilər.

Qeyd edək ki, prezidentliyə namizəd olmuş ADP sədri, Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə ən az səs toplayan namizəd kimi sonuncu pillədə qərarlaşıb. Bu məğlubiyyəti öz üzərinə götürən S.Cəlaloğlu isə ADP sədrliyindən istefa qərarına gəlib. Partiyanın İdarə Heyəti isə onun istefa qərarına qarşı çıxaraq, səlahiyyətlərini davam etdirməyi tələb edib.

Məsələ ilə bağlı "Şərq”ə danışan S.Cəlaloğlu deyib ki, İdarə Heyəti onun istefası ilə bağlı arqumentləri əsaslı hesab etməyib...

- Ona görə də belə qərar qəbul olunub.

- Sizin arqumentləriniz hansılar idi?

- Birinci arqument konstruktiv müxalifətçiliyin iflasa uğraması ilə bağlı idi. Hesab etdim ki, prezident seçkilərində məğlub olmağım, partiyamızın konstruktiv mövqeyinin iflasa uğramasıdır. Amma İdarə Heyəti buna qiymətin qurultay tərəfindən verilməli olduğunu açıqladı. Belə düşündülər ki, milli maraqlar baxımından konstruktiv müxalifətçilik xətti ilə getmək vacibdir. Seçkilərin nəticələri ilə bağlı partiya funksionerləri ortaya protokollar qoydular. Sübut etdilər ki, mən namizəd olaraq heç də axırıncı pillədə qərarlaşacaq səs yığmamışam. Naxçıvandakı seçki dairələrinin nəticələri açıqlandı və məlum oldu ki, mən MSK-nın elan etdiyi kimi sonuncu yerdə yox, üçüncü və ya dördüncü yerdə olmalıydım. Protokollar, müşahidəçilərimizin rəyləri belə qənaət formalaşdırdı ki, ən pis nəticə göstərən mən deyiləm. Yəni əslində istefama səbəb seçkilərdə məğlubiyyət olmayıb. Mən də partiyanın İdarə Heyətinin istefamı qəbul etməmək qərarı ilə barışmalı oldum.

- Qurultaya kimi istefa qərarında qalacaqsızmı? Yəni qurultayda sədrlik postuna namizədliyinizi verəcəksiz, yoxsa imtina edəcəksiz?

- Bu, partiyanın konstruktiv müxalifətçilik mövqeyində qalıb-qalmamasından asılıdır. Hesab edirəm ki, yenə də bu xətlə davam etmək lazımdır. Azərbaycanda barışdırıcı, milli maraqları hər şeydən öndə tutan siyasi qüvvələrə ehtiyac var. Təəssüf ki, hazırda belə bir missiyanı həyata keçirən qüvvə görünmür. ADP-nin kursu milli maraqların üstün tutulması şərti ilə siyasi dəyişikliyin edilməsidir. Əgər partiya kursunu dəyişəcəksə, radikal müxalifətçilik mövqeyi tutacaqsa, o zaman qurultayda sədrliyə namizədliyimi irəli sürməyəcəm. Yəni radikal müxalifətçilik kursuna başçılıq etmək fikrində deyiləm. Mən radikal mövqeyi indi də yanlış sayıram, bundan sonra da səhv hesab edəcəm. Bu gün ölkəmizdə elə mürəkkəb vəziyyət yaranıb ki, radikallıq milli dövlətçilik maraqlarına zidd olar. Barışdırıcı mövqedə dayanan, milli maraqlara xidmət edən siyasilərə ehtiyac var. Ona görə də mən qalacam. Yoxsa partiya qərar versə ki, radikal siyasi xətt tutulsun, yenə də deyirəm, istefamda qərarlı olacam.

- Təşkilatda radikal xətti üstün tutan qüvvələr varmı?

- Əlbəttə ki, var. Mən bunu danmıram. Bizim partiyada radikallığı dəstəkləyənlərlə konstruktivlik tərəfdarı olanların faiz nisbəti eynidir. Əlli faiz radikallığın, qalanları isə hazırkı xəttin davam etməsinin tərəfdarıdır. Son prezident seçkilərinin nəticələrinə görə mənim adımın axırıncı pillədə göstərilməsinə görə, partiya üzvlərində belə bir fikir var ki, konstruktivliyə qiymət verilmir. Səkkiz ildən artıqdır ki, bu xətlə gedirik, amma heç nəyə nail ola bilməmişik. Bizim məqsədimiz o idi ki, iqtidarla dialoqa gedək, normal siyasi münasibətlər formalaşsın. Amma görünür, iqtidar bunu istəmir. Radikal müxalifətə iqtidarın münasibəti daha yaxşıdır, nəinki bizə. Biz bunu hər addımda hiss edirik. ADP üzvləri də deyirlər ki, əgər bizim konstruktiv mövqeyimiz iqtidarla münasibətləri düzəltmirsə, barış yaranmırsa, o zaman niyə bu xətti tutaq? Yəni bu kursun davam etdirilməsinin nə mənası var. ADP-də bu cür mövqe mövcuddur. Mən həmin mövqedə olanlara da müəyyən mənada haqq qazandırıram. Amma bütün hallarda mən hazırkı konstruktiv xətti dəyişməyin tərəfdarı deyiləm. Çünki xalqımızın, dövlətimizin nicatı barışdırıcı mövqe tutmaq yolundadır. Bu yolumuzu davam etdirməliyik. Nə qədər bizi bu mövqeyimizdən sapdırmağa çalışılsa da, tənqid, təhqir edilsək də, yolumuzdan dönməməliyik. Xalq bilməlidir ki, Azərbaycanda tədrici demokratiyaya keçid kursu olmalıdır. İnqilabi dəyişimlər xalqımızın və dövlətimizin maraqlarına ziddir.

- Sizi konstruktivliyə görə ittiham edirlər. Müxalif qüvvələr bildirirlər ki, ADP iqtidarla əlbirdir...

- Əslində konstruktiv müxalifətçilik hər zaman təhqirə və tənqidə məruz qalıb. Siyasi-elmi ədəbiyyatlara baxsaq görərik ki, konstruktivliklə bağlı sosioloqların fikirləri də birmənalı deyil. Baxmayaraq ki, konstruktiv müxalifətçilik milli dövlət maraqlarına xidmət edir. Amma bunu ilk baxışdan hökumətə yarınmaq, hökumətə işləmək kimi qiymətləndirirlər. Bu ümumilikdə kursun mahiyyəti ilə bağlıdır. Hesab edirəm ki, bizim haqqımızda deyilənlər, ittihamlar dünyada qəbul edilmiş konstruktivliyin özü ilə bağlıdır.

- İttihamlar sizdə qıcıq yaradırmı?

- Yox, qıcıq yaratmır. Əsəbləşmirəm də. Sadəcə, təəssüflənirik ki, konstruktivliklə bağlı məlumatsızdırlar. Bəzən dostlarımız da irad bildirirlər ki, niyə hökumətə işləyirsiniz. Biz 10 ilə yaxındır bu mövqeyi sərgiləyirik. Amma hələ də bu kurs inkişaf etməyib. Burada iqtidarın da müəyyən günahları var. İqtidar konstruktiv müxalifətçiliyin inkişafı üçün lazımi şərait yaratmalıdır. Dialoqa, barışığa getmək lazımdır. Çox istərdik ki, radikallıqdan uzaq, sivil siyasi münasibətlər formalaşsın. Bu hər kəs üçün, xüsusən də dövlətçiliyimiz üçün lazımdır.