Orxan Zeynalovu azərbaycanlı biznesmenlər ələ veriblər?



Moskvada qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbsinin yeni təfərrüatları üzə çıxıb. Məlum olub ki, onun tutulmasına Azərbaycan diasporu yardım edib. "Moskvadan qaçmağa nail olmuş Orxan Zeynalov Ryazandakı uzaq qohumlarının evinə sığınıb. Amma polis tezliklə onun axtarışına başlayıb. DİN-in əməkdaşları ilə yanaşı, əməliyyatlarda xüsusi təyinatlılar da yaxından iştirak ediblər. Onlar Azərbaycan diasporunun nüfuzlu nümayəndələri ilə əlaqə yaradaraq, Orxan Zeynalovu ələ verməyəcəkləri təqdirdə Rusiyadakı bizneslərində ciddi problemlərlə üzləşəcəklərini deyiblər”, - deyə "Kommersant” öz mənbələrinə istinadən yazır.

Azərbaycan biznesmenləri təhdidlərdən çəkinərək, Orxan Zeynalovun Rusiyadakı qohumlarını qorxudub və nəticədə onun yerini öyrəniblər. Bundan dərhal sonra xüsusi təyinatlılar Orxanın yeri barədə məlumat alıblar. Orxan saxlanılaraq polisə təhvil verilib. Rbcdaily.ru saytı həmçinin yazır ki, Orxanın tapılmasına baxmayaraq, azərbaycanlı biznesmenlər yenə də ciddi problemlərlə üzləşiblər. Belə ki, olayın səhərisi günü Orxanın və xeyli sayda həmyerlimizin çalışdığı tərəvəz bazarı bağlanıb.