Hüquq müdafiəçisi əfv sərəncamını alqışlayır




Çingiz Qənizadə: "Biz sonuncu siyasi məhbusun əfv olunduğu zamana qədər öz müraciətlərimizi davam etdirəcəyik”

Səadət Bənənyarlı: "Ümid edirəm ki, yaxın gələcəkdə digər məhbuslar da həbsxanadan çıxacaqlar”

Novella Cəfəroğlu: "Bizim təklif etdiyimiz siyahıdan da 2 nəfər əfv edildi”

Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibəti ilə əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 152 nəfərə şamil olunub.

Azad olunanlar arasında müxtəlif məhkəmə instansiyaları tərəfindən azadlıqdan məhrum edilmiş 6 nəfər xarici ölkə vətəndaşları da var. Eyni zamanda sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev də cəzalarının qalmış hissəsindən azad olunub.

İctimaiyyət nümayəndələri, hüquq müdafiəçiləri prezidentin bayram ərəfəsində imzaladığı əfvi yüksək qiymətləndirərək bunun humanist addım olduğunu bildirirlər.

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə humanistlik göstərərək onlarla məhbusu əfv etdiyi, bir sıra ailəni sevindirdiyi üçün ölkə başçısına təşəkkür edib. Deputatın sözlərinə görə, prezidentin mütəmadi olaraq ildə bir neçə dəfə əfv fərmanı imzalaması hər il minlərlə insanın sevincinə səbəb olur: "Dövlət başçısının məhbusların əfvi haqqında sərəncamı, sözsüz ki, humanist aktdır. Biz, hüquq müdafiəçiləri, əfv edilənlərin şəxsiyyətindən asılı olmayaraq, bu cür addımları yüksək qiymətləndirmişik”. Ç.Qənizadə bildirib ki, burada söhbət, təkcə əfv olunanların siyahısına düşmüş 152 məhbusdan getmir. Bu, həm də əfv olunanların ailə üzvləri, qohumları, dostlarıdır ki, onları da nəzərə almaqla, akt 1000-dən artıq insanı əhatə edir:

"Eyni zamanda qeyd etmək istəyirəm ki, rəsmi qurumlar və hüquq müdafiə təşkilatlarının monitorinq qrupu arasında olan münasibətlər ümumi işimizə xeyli müsbət təsir göstərir. Bütövlükdə, bu cür addımlar daim yüksək qiymətləndirilməlidir”.

Heç vaxt məhbuslar arasında ayrı-seçkilik etmədiklərini deyən deputat bildirib ki, adı Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda olan, mətbuatda müzakirə mövzusuna çevrilmiş problemli məhbusların əfv edilməsi ilə bağlı hər zaman müraciət ediblər. Və bu əfv zamanı da həmin insanların bir hissəsi öz azadlığına qovuşub: "Bu əfv fərmanı da bizim gözlədiyimiz kəmiyyət və keyfiyyəti ödəyib. Bununla belə, biz sonuncu siyasi məhbusun əfv olunduğu zamana qədər öz müraciətlərimizi davam etdirəcəyik. Amma bəzi şəxslər var ki, yalandan hay-küy salıb, hər şeyi siyasiləşdirməklə işi çətinə salırlar. Özlərindən "qəhrəman” hüquq müdafiəçisi yaratmaq istəyirlər. Bu cür addımları yolverilməz hesab edirəm.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı əfv fərmanını müsbət dəyərləndirdiyini və bu cür sərəncamların davamını gözlədiyini deyib: "İmzalanan hər bir əfv fərmanı onlarla, yüzlərlə məhbusun azadlığa çıxması ilə nəticələnir. Və bu, neçə ailəyə sevinc, şadlıq gətirir. Sözsüz ki, həmin sərəncam əsasında bizim siyasi məhbus kateqoriyasına aid etdiyimiz məhbusların hamısının azadlığa buraxılmasını istərdim. Amma Əfv sərəncamı bizim siyahıda adı olan yalnız 2 məhbusa şamil edilib. Yenə də nəticələr müsbətdir. Ümid edirəm ki, yaxın gələcəkdə digər məhbuslar da həbsxanadan çıxacaqlar”.

S.Bənənyarlı deyib ki, budəfəki əfv zamanı keçmiş İqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin azadlığa buraxılması sevindirici olsa da, onlarla eyni motivdə məhbus həyatı yaşayan Səhiyyə naziri Əli İnsanovun əfv olunmaması təəssüf doğurur: "Bu dəfə olmadı, ümid edirik ki, prezident növbəti əfv fərmanında humanistlik edib, həmin sabiq naziri də azadlığa buraxar”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da prezidentin əfv fərmanı imzalamasını böyük humanistlik kimi qiymətləndirib. Novella Cəfəroğlu qeyd edib ki, Monitorinq Qrupunun siyahısında adları qeyd olunan 2 nəfər əfv olunub: "Əfv fərmanını yüksək dəyərləndirirəm. Ona görə ki, mənsubiyyətindən asılı olmayaraq insanlar azadlığa buraxılıb və qarşıdan gələn bayramları yaxınları ilə öz evlərində keçirəcəklər. Bu çox böyük uğurdur. Mən insanların azadlığa çıxmağını təqdir edirəm və müsbət dəyərləndirirəm. Bizim təklif etdiyimiz siyahıdan da 2 nəfər əfv edildi. Ümid edirəm ki, qarşıdan gələn bayramlarda, ya da elə Prezidentin andiçmə mərasimi zamanı yenidən əfv çıxar, digər məhbuslar da öz azadlığına qovuşar”.