20 yanvar faciəsinin 27-ci il dönümündən 2 gün keçib. Demək olar ki, sosial şəbəkələrdə, televiziyalarda, mediada hüzn gününə aid məqalələr, statuslar, şəkillər və verilişlər artıq yığışdırılıb. Bu vəziyyət isə cəmi üç gün əvvəl yaşanan bir hadisəni xatırlatdı.
Yanvarın 19-u telekanalların birində yayımlanan səhər proqramında 20 yanvar faciəsi ətrafında müzakirə aparmaq üçün aparıcı tamaşaçılara müraciət etdi. Verilişin başlamasından xeyli zaman keçməsinə baxmayaraq, studiyaya heç bir zəng daxil olmamışdı.
Artıq nə edəcəyini bilməyən aparıcı belə bir fikir söylədi ki, əgər bu gün mövzumuz sevgi məhəbbət, ya gündəlik problemlərdən olsaydı, hər kəs zəng edib, fikirlərini paylaşardı. Amma mövzu 20 yanvar faciəsi, xalqımızın qan yaddaşıdır, heç kim zəng edib, müzakirəyə qoşulmur.
Əslində çox düşündürücü məsələdir. Doğrudan da son illərdə insanlar hüzn gününə, faciələrimizə bir qədər duyarsızdır. Xüsusilə gənclər qan yaddaşını unutmağa daha meyillidirlər.
Bu barədə Sherg.az-a danışan yazıçı-kulturoloq Aydınxan Əbilov belə hallarla dəfələrlə rastlaşdığını deyir.
O da düşünür ki, Azərbaycan ictimai-sosial düşüncəsi ciddi praqmatik məsələlərə, milli əhəmiyyətli hadisələrə biganədir:
"Bu bir neçə səbəbdən qaynaqlanır. Birincisi odur ki, səhər proqramları ümumiyyətlə, telekanallarda yayımlanan verilişlər zamanı insanların əksəriyyəti işdə olur. İntellektual təbəqə, düşüncə insanları TV-lərə çox zaman baxa bilmir. İkincisi isə bir neçə ildir ki, təhsillə bağlı müəyyən islahatlar aparılsa da, problemlər yenə də qalmaqdadır. Bu da, insanlarımızın intellektual dünya görüşlərinə təsir edir. Əvvəllər də televiziyada, kamera qarşısında insanlar danışmağa çətinlik çəkirdi. Buna görə həmişə problemlə rastlaşırdıq ki, savadlı, ağıllı, məntiqli danışan insanları hansısa verilişdə tapaq. Və ya hansısa tamaşaçılar olsun ki, onlar dinləyicini, tamaşaçını, oxucunu tərpədə biləcək fikirlər söyləsin. İndi son zamanlar bu daha da çoxalıb, çünki Azərbaycan insanı cəmiyyət və dünya üçün açılışıb. Bir neçə dildən geniş istifadə etməyə başlayıb. Yeni nəsil nümayəndələri türk, rus və ingilis dilində fikirlərini daha asan ifadə edə bilirlər. Amma Azərbaycan dilində dəqiq, səlis, məntiqli danışan gənclərimizin sayı azalıb. Bununla da dediyimiz kimi, əksəriyyət milli əhəmiyyətli hadisələrdə ya fikir bildirməyi bacarmır, ya da ki bu məsələnin üzərindən sükutla keçməyə çalışır".
Kulturoloq etiraf edir ki, yüngül, istirahət, şou tipli verilişlərə və ümumən bu məsələlərə insanlar daha tez reaksiya verirlər. Amma daha ciddi məsələlərdə bunu görmürük. Bu sözsüz ki, çox ağrıdıcıdır:
"Xüsusilə 20 yanvar kimi tariximizin qəhrəmanlıq səhifələrini, faciəsini özündə əks etdirən məsələyə tamaşaçıların biganə qalması artıq ciddi problemə çevrilir.
Əvvəllər verilişlərdə 20 yanvarla bağlı mövzu qoyulduqda əhali, şahidlər daha çox zəng edib, başlarına gələn, gözləri görən müsibətləri danışırdılar. Son illərdə isə artıq insanlar bundan bir qədər çəkinir.
Tarixdə baş verən bu və bu kimi hadisələr get-gedə tarixin arxivinə çəkildikcə, insanların da bu məsələlərə münasibəti soyuyur. Məntiqlə düşündükdə tutalım ki, biz II dünya müharibəsi haqqında indi demək olar ki, heç danışmırıq. Halbuki həmin savaşda 70 milyon insan qırılmışdı. Azərbaycanda da on minlərlə insan həlak olmuşdu. Eləcə də digər tarixi qırğınlar, savaşlar, faciələr haqqında danışdıqda azalan həyəcanı, emosiyaları hiss etmək olur. İndi onlar arxa plana keçib. Cəmiyyətin, insanların bəzi qarşılaşdığı məsələlər var ki, onlar tariximizin şanlı məsələlərinə çevrilib, 20 yanvar, Xocalı faciəsi və başqa bu tipli tarixi faciələr zamanı da baxırıq ki, insanlar bir qədər soyuqqanlıqla yanaşır. Həm də sözsüz ki, kifayət qədər vaxt keçib. Bu da həmin hadisələrin şahidi olan insanların artıq hərarətli, içdən, daha həyəcanlı münasibətlərini arxa plana keçirib. Ona görə də, belə şeylərlə qarşılaşmaq zaman-zaman baş verəcək".
Aysel Aslan