Ermənilərin provokasiyasından təəssüflənirəm

Araz Əzimov: “Kasprşik və onun səhra köməkçiləri atəşin istiqamətini və ümumiyyətlə, dəfələrlə üzləşdikləri situasiyanı müəyyənləşdirməkdə çətinlik çəkirlər”

"Hələlik Azərbaycanla Ermənistan arasında müzakirə aparılmır, sadəcə, ayrı-ayrı görüşlər keçirilir. Müzakirə aparmaq üçün hər iki tərəfdən hazırlıq tələb olunur. Bizim fikrimizcə, qarşı tərəfdə bu cür hazırlıq hələ ki müşahidə edilmir”. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, tərəflər arasında yeni görüşlər keçirilə bilər: "Lakin mənim şəxsi mövqeyim belədir ki, görüş xətrinə görüş keçirmək mənasızdır. Görüşün mahiyyətini təşkil edəcək məsələlərdə irəliləyiş üçün imkan müşahidə edilərsə, Azərbaycan belə görüşdən qaçmaz. Lakin gördüyünüz kimi, hələlik bu istiqamətdə irəliləyiş yoxdur”. A.Əzimov ATƏT-lə ölkəmizin əməkdaşlığı məsələsinə də toxunub: "Azərbaycan ATƏT-in üzvüdür. Biz istəyərdik ki, bu təşkilatda son vaxtlar müşahidə etdiyimiz mənfi tendensiyaların qarşısı alınsın.ATƏT bütün üzv ölkələrin təşkilatı olmalıdır. Daxildə hansısa ayırıcı xətlər olmamalıdır. İkili standartlar əsasında yanaşmalara yol verilə bilməz və verilməməlidir. Bu cür təşkilat daxilində Azərbaycan öz fəaliyyətini davam etdirməyə hazır olacaq”.

A.Əzimov ATƏT-in monitorinqi zamanı təmas xəttində baş verən insidentə münasibət bildirib: "Mən atəşkəs pozuntusunun tez-tez müşahidə olunmasından və erməni tərəfinin bu cür provokasiyalar törətməsindən təəssüflənirəm. Əvvəla, belə pozuntular təəssüf ki, heç də gözlənilməz hadisə deyil. Bu, artıq praktikaya çevrilib, erməni tərəfi hər gün bu cür provokasion addımlar atır. Bu dəfə monitorinq zamanı atəş açılması və müşahidəçilərin olduğu bir vaxtda atəşkəs rejiminin pozulması da bu provokasiyaların davamıdır. Bizim buna münasibətimiz əlbəttə ki, mənfidir. Lakin onu deyim ki, ATƏT-in fəaliyyətdə olan sədrinin və onun səhra köməkçilərinin fəaliyyət göstərdikləri 1997-ci ildən bəri onlardan situasiyanın dəqiq qiymətləndirməsini almaq mümkün olmayıb. Belə bir qiymətləndirmə bir neçə il əvvəl olsa, bəlkə də bu gün heç kim monitorinq zamanı atəşkəsi pozmağa cürət etməzdi. Hörmətli Kasprşik və onun səhra köməkçiləri mənə məlum olmayan hansısa səbəbdən atəşin istiqamətini və ümumiyyətlə, dəfələrlə üzləşdikləri situasiyanı müəyyənləşdirməkdə çətinlik çəkirlər. Yəqin cəzasızlığın nəticəsi olaraq belə hallar baş verir”. A.Əzimovun fikrincə, dəqiq qiymət verməkdən bu cür yayınmaq yalançı neytrallığın və qərəzsizliyin təzahürüdür: "Bununla onlar atəşkəs pozuntularının davam etməsinə şərait yaratmış olurlar. Ən düzgün addım işğal altındakı ərazilərdən qoşunların çıxarılması, o ərazilərin azad edilməsi və situasiyanın normallaşdırılması üçün konkret addımların atılması olardı”.