Rəsmi Bakı Ermənistanın “tənhalığ”ından yararlansa...

“Azərbaycan dövləti yalnız o halda bundan istifadə edə bilər ki, noyabr ayında Avropa Birliyi ilə assosiativ üzvlük barəsindəki sənədə imza atsın”

Ötən ilin dekabrında Ermənistan baş nazirinin Vaşinqtona səfərindən sonra bu ölkədə hesab edirdilər ki, ABŞ "minilliyin çağırışı” proqramı çərçivəsində Ermənistana dayandırılmış maliyyə yardımını yenidən bərpa edəcək. Çünki istənilən halda Ermənistan rəhbərliyi bu vəsaitə böyük ehtiyac duyur və ümidlər bağlayırdı.

Amma əfsus ki, Vaşinqtondan İrəvana bununla bağlı mənfi cavab gəldi. Səbəbi isə konkret olaraq belə açıqlandı: "Ermənistan proqramın standartlarına uyğun gəlmir”. Şübhə yoxdur ki, Amerikanın qərarında Ermənistanın Gömrük İttifaqına daxil olması, respublikanın gərgin daxili siyasi vəziyyəti və apardığı rusiyayönümlü xarici siyasət həlledici rol oynayıb. Ermənistanın Gömrük İttifaqına girməsi bu ölkənin Avropa İttifaqına assosiativ üzv olması məsələsini də birdəfəlik bağlayıb. Çünki eyni vaxtda həm Gömrük İttifaqında, həm də Avropa ilə assosiativ əməkdaşlıqda olmaq mümkün deyil. Ekspertlərin rəyincə desək, prinsip etibarilə "dostsuz” qalan Ermənistan artıq tənha dövlətə çevrilib. Bəs görəsən, Azərbaycan tərəfi Ermənistanın düşmüş olduğu bu bataqlıqdan öz xeyrinə yararlana biləcəkmi? Yəni ABŞ və Avropa Birliyinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gözdən düşmüş Ermənistana təzyiqlərinin artırılmasına nail olacaqmı?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan dövləti yalnız o halda bundan istifadə edə bilər ki, noyabr ayında Avropa Birliyi ilə assosiativ üzvlük barəsindəki sənədə imza atsın. Əks halda mövcud vəziyyət dəyişməyəcək: "Amma təəssüflər olsun ki, Azərbaycan da bu anlaşmanı imzalamayacaq. Əgər sənədə qol çəksəydik, qərbin gözündə çox üstün yerə sahib olacaqdıq. ABŞ və Avropa Birliyi ona görə Ermənistandan üz döndərdi ki, bir müddətdir danışıq aparan Ermənistan qəfildən Rusiyanın təzyiqi ilə mövqeyini dəyişərək Gömrük İttifaqına üzv oldu. Bu səbəbdən qərb dairələri Ermənistana maliyyə yardımını da kəskin şəkildə azaltmağa başladılar. Çünki Ermənistanın tamamilə Rusiyadan asılı vəziyyətə düşməsi qərbin xoşuna gəlmir. Ancaq bütün bunlar o anlama gəlmir ki, ABŞ və Avropa Birliyi avtomatik olaraq Azərbaycana dəstək verəcək və Dağlıq Qarabağ məsələsində bizə yardım edəcək. Elə dövlət başçısı andiçmə mərasimində də qeyd etdi ki, bir sıra nüfuzlu qurumların Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, beynəlxalq təşkilatlar bizə real dəstək vermək istəmirlər”.

Ancaq politoloq qeyd edir ki, ABŞ səfiri Morninqstarın prezidentə göndərdiyi məktubda hiss olunur ki, ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı və qərarlıdır: "Çünki qərb dövləti üçün iki önəmli sahə var: enerji və təhlükəsizlik. Bu iki sahədə ABŞ-ın Ermənistanla heç bir əməkdaşlığı yoxdur. Çünki düşmən ölkə enerji resurslarına malik deyil. Təhlükəsizlik sahəsində də Ermənistan birbaşa Rusiyaya bağlıdır. Bu məsələlərə görə qərbin nəzərində Azərbaycan Ermənistandan çox-çox öndədir. Təbii ki, bizə lazım olan odur ki, ABŞ konkret şəkildə Ermənistana təzyiq etsin və Azərbaycanın mövqeyini müdafiə etsin. Ancaq təəssüf ki, ötən 20 il ərzində qərb ölkələrinin ciddi dəstəyini görməmişik. Görünür, Barak Obama administrasiyası Cənubi Qafqaz məsələsində o qədər də həlledici rol oynamaq istəmir”.