Elmar Məmmədyarov da təxribatla üzləşdi

Nazirin adından saxta profil yaradılıb

Azərbaycanda bir milyondan artıq "Facebook” istifadəçisi var. Sosial şəbəkədən istifadə edənlərin arasında sadə vətəndaşlarla yanaşı, tanınmış şəxslər də yer alır. Amma bəzi hallarda nüfuzlu və məşhur şəxslərin adından bir neçə saxta profillər meydana gəlir. Hətta dövlətin yüksək rəsmiləri də bu sui-istifadədən "yaxa qurtara” bilmirlər. İndiyədək saxta profilli siyasilər arasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və daxili işlər naziri (DİN) Ramil Usubov da olub. Bu günlərdə isə xarici işlər naziri (XİN) Elmar Məmmədyarovun adından da saxta "facebook” profili açılıb. XİN-in mətbuat katibi Elman Abdullayev "Şərq”ə verdiyi açıqlamada sözügedən profilin saxta olduğunu və bununla bağlı araşdırmaların davam etdiyini bildirib:

"Belə bir profil yoxdur. Tamamilə saxtadır. Bununla bağlı xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə təlimat verilib ki, "facebook” şirkətinin rəhbərliyi ilə əlaqə saxlasınlar və məsələnin qarşısını alsınlar. Ümumiyyətlə düşünürəm ki, bütün saxta profillərin açılması ilə bağlı mübarizə aparılmalıdır və belə işlərlə məşğul olanlar birmənalı şəkildə cəzalandırılmalıdır”.

XİN rəsmisinin sözlərinə görə, belə saxtakarlıqları etməkdə insanların müxtəlif şəxsi maraqları ola bilər. Ancaq bu cür addımlar əsasən təxribat xarakterli olur: "Ona görə də hansısa rəsmi şəxsin adına yaradılmış profillə əlaqə yaradarkən digər sosial şəbəkə istifadəçiləri diqqətli olmalı və əvvəlcədən araşdırma aparmalıdırlar. Çünki hər rəsmi profildə rəsmiyyəti, yəni həmin orqanı tərənnüm edən işarə, rəmz olur. Əgər hansısa profildə bu yoxdursa, deməli o, saxtadır”.

Əslində isə hər bir sosial şəbəkənin öz daxili qaydalarına görə profil yaratmaq heç də çətin deyil. Belə ki, hər kəs asanlıqla dövlət məmurları və ictimai fəal şəxslərin şəklini və onlar haqqında məlumatı internet, yaxud da digər yolla əldə edib onun adından saxta profil yarada bilər. Bu profillərin saxta olub-olmamasını yoxlayan bir mexanizmin olmaması isə bu işi görmək istəyənlərin işini daha da asanlaşdırır. Lakin informasiya texnologiyaları üzrə mütəxəssislər sosial şəbəkələrdə yaradılmış saxta profillərlə mübarizə aparmağın bir neçə üsulu olduğunu deyirlər.

Milli İnternet Forumunun prezidenti Osman Gündüzə görə problemlə mübarizə aparmağın müxtəlif üsulları var. Birincisi, həmin sosial şəbəkənin administrasiyasına yazılı müraciət göndərməkdir. İkincisi, qanuni yolla məhkəmələrə müraciət etməkdir ki, bu yolla da səhifəni bağlatmaq olar. Üçüncü yol isə həmin şəxslərin özlərinin profil yaratmasıdır ki, bu zaman da kimsə onların adından istifadə edə bilməz. Qeyd edək ki, artıq dünyanın bir sıra ölkələrində üçüncü variant geniş yayılmağa başlayıb və adına saxta profil yaradılan məmurlar və siyasətçilər öz şəxsi "Facebook” və "Tvitter” hesablarından aktiv istifadə edirlər. O.Gündüz qeyd edir ki, "facebook”da saxta profil problemi bu sosial şəbəkənin bünövrəsi qoyulandan var: "Hansısa vətəndaşın adından saxta profil açılıbsa, fəaliyyət göstərilirsə, bu artıq şəxsi həyata müdaxilə kimi dəyərləndirilə bilər. Bu zaman məhkəməyə müraciət edib bildirmək olar ki, mənim adımdan informasiyalar yayılır, onların mənə aidiyyəti yoxdur. İkinci addım "facebook” administrasiyasının özü ilə əlaqə saxlamaqdır. Belə ki, müəyyən sübutedici faktlarla, məhkəmənin qərarı, məktublar və s. ilə göstərmək olar ki, o profil saxtadır”. Ekspert vurğulayır ki, saxta profillərin qarşısını almaqda daha bir yol Milli Təhlükəsizlik Nazirliyinə müraciət etməkdir: "Nazirlik araşdırma apara bilər ki, bunu kim yaradıb. MTN-in internetdə təhqiqat aparmaq səlahiyyəti var. Bu işi başqa nazirliyin, başqa qurumun görməyə ixtiyarı yoxdur. MTN isə saxta profilin hansı İP ünvandan yaradıldığını, bunun Azərbaycanda, yoxsa xaricdə edildiyini müəyyənləşdirə bilər. Dəfələrlə qeyd etmişəm ki, saxta profillərin yaranmasının qarşısını almaq üçün ən gözəl addım budur ki, ictimai-siyasi xadimlər birinci özləri özü üçün "facebook” səhifəsi yaratsınlar. Gözləmək lazım deyil ki, kimsə yaratsın və bundan sonra əl-ayağa düşsünlər. Belə olarsa, hər kəs biləcək ki, saxta profil hansıdı”.