Prezident strateji hədəfləri açıqladı

İlham Əliyevin andiçmə mərasimində etdiyi çıxış bütöv bir 5 illik proqram idi

Oktyabrın 9-da keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin etimadını yenidən qazanaraq prezident seçilən İlham Əliyev andiçmə mərasimi keçirib. İnauqurasiyada hökumətin son on ildə gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışan İ.Əliyev verilən vədlərin yerinə yetirildiyini, Azərbaycanın inkişaf etdiyini, yoxsulluq səviyyəsinin azaldığını söyləyib. Ölkəmizin dünyada əsas güclərdən birinə çevrildiyini deyən ölkə başçısı bundan sonra da uğurlu siyasətin davam etdiriləcəyini diqqətə çatdırıb.

Prezidentin andiçmədə söylədiyi fikirləri dəyərləndirən ictimai-siyasi şəxslər bildirirlər ki, İ.Əliyev siyasətindəki əsas hədəfləri və strategiyanı açıqladı.

"Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında ölkəmizin strateji hədəflərini bir daha bəyan etdi”. Bunu açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O bildirib ki, prezident andiçmə mərasimində etdiyi çıxış zamanı Azərbaycanın bölgədə, dünya siyasətində tam müstəqil siyasət aparmaq iqtidarında olması, milli maraqların qorunması, Ermənistanın iqtisadi cəhətdən taqətdən salınaraq sülhə məcbur edilməsi məsələlərinə xüsusi önəm verib: "Dövlət başçısı inauqurasiya mərasimində mühüm əhəmiyyət kəsb edən və strateji hədəflərimizi müəyyənləşdirən proqram xarakterli çıxış etdi. Çıxışda İ.Əliyev strateji hədəf olaraq ərazi bütövlüyümüz və tarixi ədalətin bərpası, Azərbaycanda demoqrafik məsələlər, əhali artımının yüksək səviyyədə olmasının davamı, iqtisadi müstəqilliyimiz, sənaye potensialımızın artırılması, sosial proqramların davam etdirilməsi, regionların inkişafı, dövlətlərarası münasibətlərdə dost ölkələrin sayının daha da artırılması, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsini vurğuladı”.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, prezidentin andiçmə mərasimi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olub: "İ.Əliyevin andiçmə mərasimi təntənəli və sadə keçirildi. Cənab prezident Konstitusiya tələblərini yerinə yetirdikdən sonra proqram xarakterli çıxış etdi. O, son 10 ildə güclü iqtisadi inkişafından, demokratik dövlət quruculuğunun formalaşmasından danışdı. Bundan sonra cənab prezident qarşıda duran vəzifələrdən söz açdı. Dağlıq Qarabağ probleminə toxunan dövlət başçısı "Əgər müstəqilliyinizi itirmək istəmirsinizsə, Azərbaycan torpaqlarının işğalına son qoyun”- deyə Ermənistana çox ciddi mesaj verdi. Prezident bütün məcburi köçkünlərin öz torpaqlarına qayıdacağını dedi. Onun bu çıxışı alqışlarla qarşılandı”.

"Heç şübhəsiz, Azərbaycan prezidenti İlham Əliyevin xalqa sədaqət andı içməsi və mühüm bir dönəmdə ölkə rəhbərliyinə davam etməsi, bizdə mühüm vəzifələrin gerçəkləşdiriləcəyinə inam yaradır. Ona görə ki, belə böyük dayağa malik olmaq hər hansı bir sahədə aparılacaq islahatların milli mənafelərimizə uyğunluğuna əminlik ifadə edir”. Bu sözləri isə prezidentliyə keçmiş namizəd, millət vəkili Zahid Oruc deyib. Parlament üzvünün sözlərinə görə, bununla da beynəlxalq münasibətlər sistemində Azərbaycanın uğurlu mövqeyini davam etdirmək mümkün olacaq: "Bunların sırasında xüsusi olaraq ölkə başçısı cənab İlham Əliyevin andiçmə mərasimində əsas mövzu ərazi bütövlüyünün təminatı idi. Əlbəttə ki, burada bütün gerçəklərin söylənilməsi çox çətindir və bu da əksər insanlarımız tərəfindən başa düşülür. Ötən dövr ərzində ölkə başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı danışıqlar zamanı bizim iradəmizi kəskin şəkildə ortaya qoyması, sərtlik nümayiş etdirməsi, həmçinin xarici təzyiqlərə qarşı müqavimət göstərməsi və s. bir faktdır. Əks halda, indiyədək Dağlıq Qarabağ saxta erməni dövlətçiliyinin tanınması istiqamətində müxtəlif addımlar atılardı və Azərbaycan başqa siyasi faktlarla üz-üzə qalardı. Məsələnin digər tərəfi isə ölkə başçısının andiçmə mərasimində açıq mətnlə Ermənistan rəhbərliyinin ünvanına səsləndirdiyi mesajlar idi”. Zahid Oruc deyib ki, cənab İ.Əliyevin "Birmənalı olaraq erməni xalqının gələcəyini düşünürsünüzsə, Azərbaycan torpaqlarından çıxın” bəyanatının arxasında real iqtisadi, siyasi, diplomatik və hərbi güc dayanır: "Bu o deməkdir ki, ölkə rəhbəri sadəcə siyasi güc nümayişi ilə məhdudlaşmır, bununla paralel şəkildə verilən açıqlamaların davamı var. Bundan sonrakı dönəmdə Prezident Ermənistanın üzərinə gedişi daha fəal şəkildə stimullaşdıracaq. Ali Baş Komandanın "Azərbaycan heç zaman bu qədər nüfuzlu olmayıb” deməsi isə ölkənin bütün resurslarının müharibəyə hazırlığına əminliyinə işarədir”.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimov isə bildirib ki, prezidentin andiçmə mərasimində etdiyi çıxış bütöv bir 5 illik proqram idi: "Dövlət başçısının növbəti 5 ildə görəcəyi işlər, həyata keçirəcəyi iri layihələr cəmiyyətin bütün sahələrini əhatə edəcək. İqtisadiyyatımızın inkişafı, sosial problemlərin həlli, təhsil, səhiyyə sahəsində görüləcək işlər, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bu çıxışda öz əksini tapdı”. K.Kərimov bildirib ki, Azərbaycan növbəti beş ildə daha sürətlə inkişaf edəcək: "Buna bizim bütün mənalarda gücümüz çatır. Azərbaycan nəinki regionun, hətta Avrasiya məkanının ən sürətlə inkişaf edən ölkəsidir. İnanıram ki, Partiyamızın rəhbəri, Prezident İlham Əliyevin rəhbərliyi altında bu tempi qoruyub saxlayacaq və daha da inkişaf etdirəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dəqiq tezislər söylədi. Və bir daha dünya ictimaiyyətinə Azərbaycanın haqq səsini bəyan etdi. Həmçinin Ermənistanın destruktiv mövqeyini də ifşa etdi. İnanırıq ki, prezident İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyik”.