Hərbi büdcədə artım erməniləri əndişələndirib



Vəfa Quluzadə: "Ermənilər, onun müdafiəçisi Rusiya gözəl başa düşür ki, Azərbaycanın öz torpaqlarını azad etməyə tam haqqı var”

Zahid Oruc: "Hərbi büdcənin artırılması müsbət qiymətləndirilməlidir”

Qabil Hüseynli: "Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün müharibəyə hazırlaşır desək, səhv etmərik”

Azərbaycan 2014-cü ildə dövlət büdcəsindən ölkənin müdafiəsi məqsədi ilə hərbi sahəyə 2 milyard 967 milyon 831 min manat vəsait ayıracaq. Bu da təqribən 3.8 milyard dollar deməkdir. Hərbi qurumlara növbəti ildə ayrılması nəzərdə tutulan vəsaitin məbləği Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsinin layihəsində əksini tapıb.

2014-cü ildə dövlət büdcəsində hərbi sahə üçün nəzərdə tutulan vəsaitin həcmi 2013-cü ildəkindən 57 milyon manat çoxdur.

Əlavə olaraq, 2014-cü ildə büdcədə xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 172 milyon manat vəsait nəzərdə tutulur. Bu da 2013-cü ildəkindən 6,4 faiz çox olacaq.

Təbii ki, Azərbaycanın dövlət büdcəsindən hərbi sahəyə ayırdığı vəsaiti hər il artırması işğalçı Ermənistanı əndişələndirir. Artıq erməni mətbuatında bununla bağlı müxtəlif fikirlərə rast gəlinir. Azərbaycanın hərbi potensialını artırmasının müharibəyə hesablandığını düşünən təcavüzkar dövlətin rəsmiləri qorxularını gizlətmirlər. Qeyri-rəsmi məlumatlara görə, erməni rəsmilər müttəfiqləri olan Rusiya ilə əndişələrini bölüşüblər.

Ekspertlər isə Azərbaycanın büdcəsindən hansı sahəyə daha çox yardım ayırmasını özünün daxili işi sayırlar.

"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycan öz ordusuna nə qədər çox diqqət yetirsə, bu, torpaqlarımızın azad olunmasını bir o qədər tezləşdirə bilər. Sabiq dövlət müşavirinin sözlərinə görə, əgər kimsə Azərbaycanı hərbi büdcəsini artırdığına görə tənqid edərsə, səhvə yol vermiş olar: "O ki qaldı ermənilərin narahatlığına, bu, təbiidir. Ermənilər və onların himayədarı Rusiya ilk gündən narahatdır. Torpaqları işğalda saxlayan düşmən bilir ki, bir gün qisas günü olacaq və Azərbaycanın cavabı gələcək. Ermənilər, onun müdafiəçisi Rusiya gözəl başa düşür ki, Azərbaycanın öz torpaqlarını azad etməyə tam haqqı var. Ona görə də Azərbaycan öz haqqından bir gün istifadə edə bilər. Bütün hallarda Azərbaycan hərbi qüdrətini artırmalıdır. Rusiya ermənilərə milyardlarla dollarlıq silah verir, Ermənistanı 49 illiyinə himayəyə götürür, bu ölkə ilə əsgəri müqavilə imzalayır. Ermənistana qarşı güc nümayişi olacağı təqdirdə bütün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ermənilərin tərəfində döyüşəcəyini bəyan edir. Bəs bütün bunlara nə deyirlər? Qoy sülhsevər bəyanatlar versinlər, torpaqlarımızdan çıxsınlar, məsələnin həllinə mane olmasınlar, Azərbaycan da hərbi büdcəsini yarıbayarı azaltsın. Fakt budur ki, iki dəfə Qarabağ məsələsi həll olunan mərhələdə Rusiya müdaxilə edib və planı pozub. Ona görə də biz müstəqil dövlətik, ordumuza nə qədər vəsait ayırmaq lazım olduğunu özümüz bilərik. Kimsə bizim işlərimizə müdaxilə edə bilməz”.

Millət vəkili Zahid Oruc bildirir ki, Ermənistanın sürətlə silahlandırılması fonunda ərazisinin 20 faizi işğal olunmuş Azərbaycanın hərbi potensialını artırması anlaşılandır: "Bu mənada düşünürəm ki, indiki halda büdcəyə edilən transfert fonunda digər xərclərlə yanaşı, hərbi büdcənin artırılması müsbət qiymətləndirilməlidir. Azərbaycan hərbi büdcəsini artırmaqla gələcəkdə əlavə bir sıra hərbi texnika və texnologiyaya malik olmaq, həmçinin hərbi sənayesini inkişaf etdirmək imkanı qazanır. Həmçinin Türkiyə ilə Azərbaycanın birgə silah-sursat istehsalı, birgə hərbi əməliyyatlarda və təlimlərdə iştirak etmək imkanları yaranır. Qarşıdakı dövrdə də nə qədər ki, Azərbaycanın Ermənistana təsir etmək imkanları olacaq, bundan maksimum yararlanmağa çalışacaq. Qarşı tərəf Azərbaycanın bütün komponentlər baxımından düşməndən qat-qat güclü olduğunu və ikinci Qarabağ savaşında onu məğlub edəcəyini anlayana qədər Azərbaycan hərbi imkanlarını genişləndirəcək. Bu, kimisə narahat edəcəksə, etsin”.

Siyasi şərhçi Qabil Hüseynli də eyni fikirdədir. Politoloq deyib ki, torpaqlar işğaldan azad olunanadək, ölkəmiz hərbiyə böyük önəm verməlidir: "Ümumiyyətlə, hər bir dövlətin hərbi sahəsi güclü olmalıdır ki, o dövlətin ərazi bütövlüyü pozulmasın. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində aparılan danışıqlar prosesi demək olar ki, dalana dirənib. Bu, bilavasitə təcavüzkar Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması ucbatından meydana gəlib. Bəzi regional güclərin Ermənistana dəstək verməsi ucbatından indiki danışıqlar prosesi bəlli bir sülh yaratma prosesi ilə nəticələnmir. ATƏT-in Minsk Qrupu danışıqlar prosesini bərpa edə bilmir. Hətta bu təşkilat xarici işlər nazirləri səviyyəsində müəyyən kontaktlar da qurmağı bacarmır. Bütün bunların hamısının günahkarı rəsmi İrəvandır. Ermənistan özünü dünyanın əzizlənmiş balası kimi aparır. Çox təəssüflər olsun ki, dünyanın bir sıra dövlətlərində, bəzi beynəlxalq qurumlarda ona tərəfdaşlar da tapılır. Ona görə də Azərbaycanın danışıqlar prosesinə ümidi xeyli azalıb. Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə razı olsa da, bu sülhyaratma danışıqlarını heç cür bərpa etmək, xüsusilə danışıqların konstruktiv məcrada aparılmasına nail olmaq mümkün olmur. Bu nöqteyi-nəzərdən Azərbaycan hərbi qüvvəsini artırır, yeni silah növləri alır, şəxsi heyətin sayını artırır, ordunun hazırlıq vəziyyətini yüksək səviyyədə saxlayır. Bu zaman nəzərindən qaçmır ki, danışıqlar masası ətrafında özünü "xuliqan” kimi aparan Ermənistanla haçansa müharibə meydanlarında görüşmək lazım gələ bilər. Ona görə də Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün müharibəyə hazırlaşır desək, səhv etmərik. Həmçinin, ordunu gücləndirməklə, rəsmi Bakının diplomatiya, danışıqlar masası ətrafında sözü daha ötkəm olur. Azərbaycan rəsmiləri bilir ki, onların arxasında güclü ordu dayanır. Bunun özü də mühüm əhəmiyyətə malikdir. Yəni, ordu təkcə döyüşmək üçün yox, həm də diplomatiyanın sözünü kəsərli etmək üçün lazımdır. Hesab edirəm ki, dövlət büdcəsindən müdafiə xərclərinə vəsaitin daha çox ayrılması, hərbi sahəyə diqqətin artırılması təqdirəlayiqdir”.