Yanan “Karvan”...

Satıcılara kompensasiyanın ödənilib-ödənilməyəcəyi sual altındadır

Paytaxt yarmarkalarının ardınca Sumqayıtın "Karvan” ticarət mərkəzi də yanğına təslim oldu və yararsız hala düşdü. Nədənsə, son zamanlar ticarət mərkəzləri, bazar və yarmarkalarda tez-tez yanğın hadisələri baş verir. Səbəb kimi adətən qısaqapanma olduğu bildirilir, lakin satıcılar "bura hansısa iri məmurun gözü düşüb. Bilə-bilə yararsız hala salırlar ki, sonra yeri satın alsınlar” deyirlər. Təbii ki, bunlar borc-xərc hesabına mal alıb çörəkpulu qazanmağa çalışanların hissləri, tarıma çəkilmiş əsəblərindən doğan ifadələr də ola bilər. Amma bəzən bir hissəsi yanmış, yararsız hala düşmüş hansısa ticarət mərkəzinin, bazarın sonradan sahibinin dəyişməsinin də şahidi oluruq. İndiki halda isə əsas məsələ malları tələf olmuş satıcılara kompensasiyaların ödənib-ödənməyəcəyidir. Bu məsələ isə həqiqətən, çox qəlizmiş. Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında sığorta sisteminin işləmədiyini bildirdi: - Bunlar qanunla, müqavilə ilə tənzimlənməli olan məsələlərdir. Təəssüf ki, bizdə sığorta sistemi işləmədiyindən, sahibkarlar, xırda ticarətçilər həmişə çətin durumda qalır, bankrot vəziyyətinə düşürlər. Ticarət mərkəzlərində ya sahibkar satıcılarla müqavilə bağlayıb, malların sığortasını üzərinə götürməlidir, ya da satıcılar özləri mallarını sığorta etdirməlidirlər. Sahibkarla icarədarlar arasında müqavilə bağlanmalıdır. Bunların heç biri edilməyibsə, heç kəs onlara kompensasiya ödəməyəcək. Bizdə sığorta sistemi işləmədiyindən fövqəladə hal baş verəndə icarədarlar ziyana düşür. Yadınızdadırsa, bir neçə il əvvəl "Ramstore” ticarət mərkəzində yanğın olmuşdu. Oranın sahibi xarici investor idi və ticarət mərkəzini sığorta etdirmişdi. Sığorta pulunu aldı, yanan ticarət mərkəzinin yerində yenisini tikdirdi. Bizimkilər belə etmir. Sumqayıtdakı ticarət mərkəzində yer icarəyə götürənlər mərkəzin sahibindən kompensasiya tələb edəcək, o da deyəcək ki, belə bir öhdəliyi yoxdur. Dövlət də burada heç bir öhdəçilik daşımır. Heç olmasa, dəymiş ziyanın yarısı ödənilsin. Ona görə də ümidli deyiləm ki, kiməsə kompensasiya ödənilsin. Satıcılar, icarədarlar etiraz edəcəklər, bir gün, iki gün sonra məsələ yavaş-yavaş soyuyacaq, ziyan çəkən sahibkar və icarədarlar olacaq. S.Məmmədov qeyd etdi ki, ümumiyyətlə, bütün daşınmaz əmlaklar sığorta edilməlidir. Bizimkilər isə ancaq alqı-satqıda məcburiyyət qarşısında qalıb əmlakı sığorta etdirirlər. Başqa vaxt isə bu, heç kəsin yadına düşmür: - Xaricdə insanlar öz həyatlarını, hətta ayrı-ayrı orqanlarını sığorta elətdirir. Bizdə isə sanki bu, ən sonuncu və heç kəsə lazım olmayan işdir. Amma bir gün qəfil hadisə baş verəndə hamı başına döyür ki, malım batdı, pulum batdı. Halbuki daşınmaz əmlak icbari sığorta olunmalıdır. Bizimkilər sığortaya könüllü məsələ kimi baxır və "mal mənimdi, özüm bilərəm” deyir, sonra da peşman olurlar. Qeyd edək ki, "Karvan” ticarət mərkəzində çalışanlar dünən Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşıb. Bu barədə "birlik.az” saytı məlumat yayıb. Məlumata görə, 100-ə yaxın sahibkar Sumqayıt ŞİH başçısı Eldar Əzizovun onları qəbul etməsini istəyib. Sumqayıt şəhər polis rəisinin müavini Süleyman Nemətov sahibkarlara söz verib ki, gedin, sabah saat 3 -də gəlin, Nizami Gəncəvinin heykəlinin yanına. Orada qərargah yaradılacaq. Sahibkarlar qeyd etdilər ki, bizim lombardda qızıllarımız, banklara borcumuz var, onları kim ödəyəcək? S.Nemətov sakinlərə söz verdi ki, hamısını mən yoluna qoyacağam. Sahibkarlar inanmasalar da, İcra Hakimiyyətinin qabağından dağılışaraq, yanan "Karvan” ticarət mərkəzinin qabağına gediblər. Qeyd edilir ki, Sumqayıtdakı "Karvan” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 mindən çox sahibkarın dükanı yanıb. Sahibkarların dediklərinə görə, 30 000 dollardan tutmuş, yarım milyon dollara qədər ziyan çəkənlər var.