Tələbələr ayağa qalxdı

ADPU-nun həyətinə 1000-dən çox tələbə yığışıb
Nabatəli Qulamoğlu: “Rektordan soruşmaq lazımdır ki, imtahan proseslərini kütləvi şəkildə dəyişdirməkdə niyə maraqlıdır?”

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri etiraz aksiyası keçiriblər. Etiraza universitetin rektoru Yusif Məmmədovun onlardan yazılı imtahan götürülməsi haqqında qərarı səbəb olub. Bundan öncə tələbələr testlə imtahan versələr də, hazırda universitet rəhbərliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr dəyişikliyə bir neçə dəfə narazılıq etsələr də, cavab ala bilməyiblər. Qərəz, çıxış yolunu universitetin həyətində aksiya təşkil etməkdə görüblər. Piketə mindən çox tələbə qoşulub.

ADPU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda tələbələrin etirazlarına aydınlıq gətiriləcəyi bildirilib: "Hazırda universitetin akt zalında Y.Məmmədovla etirazçı tələbələr arasında görüş keçirilir. Görüşdə 500 tələbə iştirak edir. Onlar imtahanlarla bağlı tələb səsləndirirlər. Hər şeyin yaxşı olacağına inanıram. Çünki Y.Məmmədov tələbələrin fikirləri ilə maraqlanır və həmişə onları dinləyir”.

ADPU rektorunun addımını dəstəkləməyən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, dəyişiklik universitet daxilində korrupsiya və rüşvətxorluq halının artmasına şərait yaradacaq. Ona görə də tələbələr başlarına gətiriləcək oyunları indidən önləmək istəyirlər: "Test üsulu Azərbaycanın təhsil həyatına çox müsbət töhfələr verib. Sözügedən sistemdə tələbənin biliyinin dəyərləndirilməsi zamanı müəllim iştirak edə bilmir. Qiymətləndirmə prosesi müasir texnologiya ilə həyata keçirilir. Bu üsulla abituriyentin özü öz taleyini həll edə bilir. Amma test üsulunun ləğvi belə düşünməyə əsas verir ki, tələbənin biliyini müəllim dəyərləndirəcək. Müəllimin isə qiymətləndirmə prosesini hansı dəyərlərlə ölçəcəyini anlamaq elə də çətin deyil. Bu baxımdan hesab edirəm ki, rektorun addımı reallaşacaqsa, adıçəkilən universitetdə mütləq olaraq korrupsiya halı yaranacaq. Rektordan soruşmaq lazımdır ki, imtahan proseslərini kütləvi şəkildə dəyişdirməkdə niyə maraqlıdır? Qiymətləndirmənin müəllimin ixtiyarına verilməsi nə dərəcədə düzgündür? Çünki Azərbaycanın ali məktəblərində müəllimlərin hansı işlərlə məşğul olması hər kəsə məlumdur. Tələbələr də məhz buna görə etirazlara başlayıblar”.

Ekspertin qənaətinə görə, proseslər şəffaf şəkildə aparılarsa, imtahanların yazılı sistemə keçməsi daha effektiv olar. Çox təəssüf ki, Azərbaycanda müəllimdən asılı olan məsələlər qeyri-demokratik şəkildə gerçəkləşir: "2 il öncə sabiq təhsil naziri Misir Mərdanov da imtahanların yazılı sistemə keçirilməsini vurğulayıb. M.Mərdanov qeyd edib ki, test üsulu Azərbaycan təhsilini heç də arzuolunan hədəfə aparmır. Bu, doğrudan da belədir. Yazılı sistem daha arzuolunandır. Bir şərtlə ki, həmin haldan sui-istifadə halı qeydə alınmasın. Çünki dəyərləndirmə aparan müəllim tələbəylə istənilən şəkildə rəftar edir. İstədiyi bədxah niyyətini həyata keçirir. Bu səpkili hallar olmasa, yazılı sistemə keçid müsbət nəticələr verə bilər”.