“Murad Arif, sən hardan bəstəkar oldun?”

Anar Mədətov: “Musiqi prodüserinin heç olmasa musiqi savadı olmalıdı. Not bilməlidi. Murad Arif bunlardan xəbərsizdi”
“İstanbul-Moskva”məgər bəstədir? Plagiatdı. Bunu sübut etmək üçün heç musiqiçi olmaq da lazım deyil

Şou-biznes aləmində hər zaman qalmaqalların təməli atmacalarla başlayıb. Birisi digərinin ünvanına daş atmaqla gündəmdə qalmağı bacarıb, bir başqası başqa şəkildə gündəmə gəlib. Əvvəllər müğənnilər daha çox biri-birinə söz atırdılarsa, bu gün artıq şou-biznesin digər sakinləri də qalmaqallardan yaxalarını kənara çəkə bilmirlər. Son dönəmlər isə prodüserlər arasında çəkişmələr yaşanır, rəqabət özünü daha çox göstərməyə başlayıb.

Əslində rəqabət sözünü deməyə də ehtiyat edirsən. Axı bizim şou-biznesdə demək olar ki, rəqabət yoxdu. Ən acınacaqlısı isə odur ki, prodüser anlayışından xəbərsizlər də bu gün özlərini prodüser adlandırırlar. İndi müğənnilərdən çox onlar efirə çıxır, təhqirlər yağdırır, biri-birini qeyri-peşəkarlıqda ittiham edir, reklam olunmağa can atırlar. Məsələ ondadır ki, bu günlərdə Murad Arifin Azərbaycan prodüserləri barədə söylədiyi fikirlər yenidən gərginlik yaradıb. Murad Arif Azərbaycanda olan prodüserlərin böyük əksəriyyətinin bostanına daş atıb.

Məlumat üçün xatırladaq ki, ANS telekanalında yayımlanan "Günəbaxan” verilişinə qonaq olan Murad qalmaqallı açıqlama verib: "Prodüser müğənninin musiqi siyasətinə təsir edən, onu formalaşdıran, yönəldən, yeni mahnısı sayəsində gündəmə gəlməsində rolu olan şəxsdir. Ruslarda çox gözəl bir anlayış var: musiqi prodüseri. Bizdə bu ifadə yoxdur. Əsl prodüser Vaqif Gərayzadə, Rəşad Haşımovdur. Mən Xəyyam Mirzəzadə ilə çalışıram. Amma onun prodüseri deyiləm. Mahnılarını seçməkdə ona kömək oluram. Müğənninin yanında gəzirlər, toy danışırlar, disk daşıyırlar, adlarını qoyurlar prodüser. Bu, köməkçidir. Xəyyamın səkkiz köməkçisi var”.

M.Arifin bu sözləri prodüser Toliki əsəbiləşdirib. O, efirə "Murad Arif, sənə bir sualım var. Sənin mənim prodüserliyimə şübhən var” sualını göndərib.

Murad isə Tolikin bir çox sənətçini məşhurlaşdırmasından danışıb: "Tolik sözün əsl mənasında fəal əməkdaşdır. O, çalışdığı sənətçini gündəmə gətirməyi bacarır. Onun sayəsində çox sənətçi maqazin verilişlərinə çıxıb. Hətta Tolik gözəl təşkilatçıdır, onun işləri seçilir. O təkcə müğənninin mahnı seçimini etmir”.

Verilişin digər qonağı, Əməkdar artist Tünzalə Ağayeva 13 ildir eyni prodüserlə çalışdığını bildirib: "13 ildir Yalçınla işləyirəm. Ona prodüser deyəndə xoşu gəlmir, mənim menecerimdir. İşbirliyimiz yaxşıdır, ailəvi dostluğumuz var. Uzun müddət də onunla çalışmağı düşünürəm”.

Xatırladaq ki, Murad Arif bir müddət öncə də Azərbaycanda prodüserlərin demək olar ki, olmadığını da qeyd etmişdi. "Toy bazarında olmaq, prodüser kimi müğənninin yanında durmaq prodüser olmaq demək deyil” deyən Murad Arif özünü musiqi prodüseri kimi təqdim etmişdi. Bəs görən, Azərbaycan şou-biznesində sözünün kəsəri, ciddi proyektləri ilə seçilən Anar Mədətov bu məsələyə necə münasibət göstərir. Elə bu suallarla üz tutduq Anar Mədətova. Hələ Azərbaycanda şou-biznesin ilk təməli qoyulanda bir çox layihələri ilə sözünü deməyi bacaran Anar Mədətovun Murada mesajı daha sərt oldu: "Məgər Murad Arif özü prodüserdir? Mən aparıcı Murad Arifi tanıyıram. Ancaq onu prodüser kimi nə tanıyıram, nə də qəbul edirəm. Mən sevinirəm ki, Muradın təriflədiyi prodüserlər arasında mənim adım çəkilmir. Çünki mən öz səviyyəmi hər zaman bilmişəm. Anar Mədətov bəzilərindən fərqli olaraq danışmır, iş görür. İşlərimi də yada salmağa ehtiyac yoxdu. Çünki göz qabağındadır. Mənim adımı çəkəndə Anar deyirlər, yanına "Macik”, "Acik” tacik” əlavə etmirlər. Qaldı konkret Murad Arifin özünə... Mən də o birilər kimi Murada yaltaqlanıb, mahnılarını alsaydım, məni tərifləyərdi. Axı o nə yazır? Nə bəstələyir? Özünü müğənninin musiqi prodüseri kimi təqdim edir. Musiqi prodüserinin heç olmasa musiqi savadı olmalıdı. Not bilməlidi. Murad Arif bunlardan xəbərsizdi. Murad Arifin sadəcə ulduzluq iddiası yaranıb. Özünü tərifləməkdən zövq alır. Soruşan lazımdır? Xəyyam Nisanovun musiqi prodüseri kimi nə etmisən? Mən deyim - plagiat mahnılırını Xəyyama satmısan. Vəssalam. Musiqi prodüseri olaraq müğənni Yaşar üçün nə etdin? Külli miqdarda pulunu yedin, ortada da heç nə yoxdu. Sənin işin ancaq plagiat yolu ilə mahnı satmaq, efir, kamera görən kimi də qalmaqallı açıqlamalar verməklə gündəmdə olmaqdır. Murad Arif bir layihəsinin adını çəksin ki, bu onun sahəsində ərsəyə gəlib, iş görülüb, nəticə əldə olunub. Murad başqalarının yanında ürəklə danışa bilər, Anar Mədətovun qabağında yox. Əgər danışmaq istəsə belə, onu kənara çıxarıb Anarın kim olduğunu sübut edərəm, başından da elə vuraram ki, Mədətovun gücünü görər. Yenə deyirəm, təki onların siyahısında adım çəkilməsin. Mənim adım Anardı. Mənim adıma da şəxsiyyətimə də hörmətlə yanaşırlar. Əslim də, nəslim də, işim də göz qabağındadır. Mən 1990-cı ildə "İhsan” qrupunu yaradanda Murad kimilər yox idi. Anar Mədətovun kim olduğunu, prodüser kimi nələrə qadir olduğunu Sevda Ələkbərzadədən, Ağaxan Abdullayev və onun oğlundan, Teymur Əmrahdan soruşun. Onlar o zaman yaratdığım qrupun üzvləri olublar. Mən hələ o vaxtlar peşəkar prodüser kimi iş görürdüm. Azərbaycana prodüser sözünü də mən gətirib, dəb etdim. İndi artıq o zaman da deyil. Murad Arif, prodüser artıq müğənni üçün sərmayə qoymur. Bu proses artıq bütün dünyada bitmiş bir üslubdu. İndi mesenatlar olur. Onlar müğənniyə pul buraxır. Mən bu sözü dedim, sabahdan artıq hamı bu sözü işlətməyə başlayacaqlar. Yenə deyirəm. Mən heç kimlə özümü müqayisə etmirəm. Mənim adım Anardı. Bir çox müğənnilər var ki, etiraf etməsələr belə, Anar Mədətovla işləmək arzusundadırlar. Çünki mən öz işimin peşəkarıyam. Mənim üçün Muradın, başqalarının fikirləri önəmli deyil. İt hürər, karvan keçər. Bir misal da var, at ölüb, itlərin bayramıdır. İndi bəziləri meydanı boş görüb, at oynatmaq istəyirlər, onu da bacarmırlar. Mən çox istəyərdim ki, şou-biznesdə ət dükanları bağlansın, qəssabların, ətçilərin sayı azalsın. Murad Arif hansı işi ilə öyünür? Ayaz Qasımovla işlədi, nə ortaya qoydu? O, bəstəkar kimi də mənim üçün maraqlı olmayıb. Musiqidən başı çıxanlar, mahnı yazan bəstəkarlarımız var ki, onlar özlərini bəstəkar adlandırmırlar? Sən hardan bəstəkar oldun? "İstanbul-Moskva” məgər bəstədir? Plagiatdı. Bunu sübut etmək üçün heç musiqiçi olmaq da lazım deyil. Tunar Rəhmanoğlunun bəstəsini o boyda İbrahim Tatlısəs oxuyur. O özünə bəstəkar demir. Sən hardan bəstəkar, musiqi prodüseri olursan, axı? Bəlkə Muz TV-də, Kral TV-də işləmisən, xəbərimiz olmayıb? Birdəki mən televiziyada da, radioda çalışmışam. Heç vaxt bir işdən çıxıb o birinə keçəndə əvvəlki rəhbərliyi pisləməmişəm. Mənim həmişə bir üzüm olub. Qəbul edən edib, etməyən də özü bilər. Mən bu kanaldan o kanala, bu müğənnidən o müğənniyə qaçmamışam, Murad Arif. İşlədiyim müğənnilərin də səviyyəsi, mədəniyyəti hər zaman yüksək səviyyədə olub. İlk dəfə prodüser kimi mən Muğam Klubunda Simfonik orkestrin də müşayiəti ilə muğamın Eltonun konsertini təşkil etdim. Bizdən sonra hamı bunu təkrarlamağa çalışdı. Alınmadı da. Mən yenə qeyd edirəm ki, sevinirəm, sevinirəm ki, bəzi prodüserlərlə birgə mənim adım hallanmır. Mən Anar Mədətov olaraq hörmətlə qarşılanıram, layihələrimin ciddiliyi görünür. Şükür Allaha ki, toy bazarında da yerimiz göz qabağındadır. Prodüser kimi imkanlarım, maddi vəziyyətim də əladır. Əsas pul da deyil. Əsas odur ki, insan Allahını unutmasın. İnsanlıqdan çıxmasın. Mən buna çalışıram. Çalışıram ki, bəziləri kimi simam itməsin. Bu, mənim üçün daha vacibdi”.