Sükan arxasında peşəkarlar olmalıdır

1-2 ayın əsgəri qəza da törədə, əsgər yoldaşlarının da, sıravi vətəndaşların da həyatını risk altına qoya bilər

Daxili Qoşunların əsgəri, Qax rayon sakini Ruslan İsa oğlu Rəsulov idarə etdiyi avtomobillə ağır yol qəzası törədib. Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 110-cu kilometrliyində baş verib. Ruslan Rəsulov idarə etdiyi "Opel” markalı, 10 SD 295 dövlət nömrə nişanlı avtomobili yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və maşında olan sərnişinlər - Fəxrəddin Nadirov, Gülağa Nadirov və Nazlı Nadirova ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, qəza törədən sürücü R.Rəsulovun idarə etdiyi avtomobil atasına məxsus olub. Əsgər məzuniyyətə gedirmiş.

Hərbi qulluqçular tərəfindən avtomobil qəzalarının törədilməsi görünməmiş hadisə deyil. İndiyədək belə hadisələr baş verib.

Hər zaman da bu sual yaranır ki, əsgərlərin qəza törətməsinin səbəbləri nədir? Təcrübəsizlikmi, ekstremal şəraitə uyğunlaşmamaqmı? Yoxsa, bu səpkili hadisələri sırf təsadüf hesab etməliyik?

Ehtiyatda olan zabit Üzeyir Cəfərov "Şərq”ə açıqlamasında hərbçilər tərəfindən avtomobil qəzalarının törədilməsinin bir neçə səbəbini bildirdi:

- Sonuncu hadisə əsgərin atasına məxsus şəxsi avtomobillə törədilib. Amma bəzən biz hərbçilərin idarə etdiyi xidməti minik maşınlarının, yük maşınlarının qəzaya uğradığını eşidirik. Burada söhbət tək bir əsgərin həyatından getmir. Əsgərin idarə etdiyi maşının yük yerində 10-larla əsgər olur. Gədəbəyin, Murovun, Naxçıvanın elə yerləri var ki, çətin keçilən yollardı, sıldırımlardı. Belə yollarda daha diqqətli olmaq gərəkir. Sükan arxasında peşəkarlar olmalıdır ki, idarəetməni düzgün həyata keçirsinlər. Heç bir təcrübəsi olmayan, 1-2 ayın əsgəri qəza da törədə, əsgər yoldaşlarının da, sıravi vətəndaşların da həyatını risk altında qoya bilər. Bəzi hərbi hissələrdə avtomobil, ağır tonnajlı maşınları idarə etməyi müddətdən artıq xidmət keçmiş qulluqçuları, gizirlərə həvalə edirlər. Bu çox ciddi məsələdir. Bu il ərzində təkcə Müdafiə Nazirliyi yox, ümumiyyətlə müxtəlif güc strukturları üzrə olan 80-dən artıq hərbi qulluqçu həlak olub. Bunun 16-sı məhz yol qəzalarında dünyasını dəyişənlərdir. Düzdü, biz başa düşürük ki, yol qəzaları baş verə bilər, hər gün ölkədə, paytaxtda nə qədər yol-nəqliyyat hadisələri baş verir. Təsadüfdən baş verəni də var, yol hərəkət qaydalarının kobud pozulması nəticəsində olanlar da. Amma hərbi hissələrdə bu məsələlərə daha ciddi yanaşılmalıdır. Çünki burada təyinat hərbi hissə komandirlərindən asılıdır. Əsgər özbaşına sükan arxasına keçmir. Ona sükanı həvalə edənlər var. Hərbi hissə komandirləri sükanı kimə həvalə etdiklərinin fərqinə varmalıdırlar, əsgərin avtomobil idarəetmədə hansı təcrübəyə malik olduğunu bilməlidirlər.

Bəzən valideynlər övladları hərbi xidməti asan keçirsin, çətinliyə düşməsin deyə övladına sürücülük vəsiqəsi aldırır. Hərbi xidmətə çağırılan çağırışçının şəxsi işində sürücülük vəsiqəsinin olub-olmadığı da qeyd edilir. Çağırışçı hərbi hissəyə gəlib xidmətə başlayanda komandir artıq bilir ki, kim avtomobil sürməyi bacarır. Daha doğrusu, kimin sürücülük vəsiqəsi olduğunu bilir. Amma vəsiqə sahibinin nə dərəcədə sürücülük bacarığı olduğunu bilmir. Təcrübədənsə heç söhbət gedə bilməz. 18 yaşlı gənc hansı təcrübəyə sahib ola bilər? Bəzən əsgərin avtomobil, "KAMaz” idarəetməsini nə dərəcədə bildiyini müəyyənləşdirmək üçün marş keçirirlər. Öndə bir maşın gedir, arxadan da əsgərin idarə etdiyi avtomobil gəlir. Avtomobildən azca məlumatı olan istənilən şəxs belə vəziyyətdə maşını idarə edə bilər. Avtomobili düzgün idarə etmək üçün bilik və bacarıq lazımdır. Xüsusən o halda ki, sən təkcə özünə yox, başqalarına da cavabdehlik daşıyırsan. Problem burasındadır ki, sükanın kimə həvalə edilməsi qərarını verməkdə zabitlər, komandirlər sərbəstdir və bu, heç bir qayda ilə tənzimlənmir. Soruşurlar, kim maşın sürə bilir, vəssalam, deyirlər, gəl, sür. Bəzən yollarda hərbi maşınlarla bağlı baş vermiş bədbəxt hadisələr məhz sürücülərin təcrübəsizliyindən, naşılığından törəyir. Həlak olan əsgərin ailəsinə 11 min manat kompensasiya verilir. İtkinin mənəvi dəyəri ilə pulun dəyəri ölçüyəgəlməzdi. Vətən qeyri-döyüş vəziyyətində əsgər itirir. Valideyn oğul, övlad, bir ailə başçısını itirir. Ona görə də avtomobilin sükanının kimə tapşırılmasında hərbi hissə komandirləri çox ciddi və diqqətli olmalıdırlar.