Azərbaycanlılar Saakaşvilinin nümayəndəsinə səs verməlidir...

“İvanişvilinin Gürcüstanda hakimiyyətə gəlməsi bölgədəki inteqrasiya proseslərinə və Azərbaycanla münasibətlərə ağır zərbə vurub”

Bu günlərdə Gürcüstanın baş naziri Bidzina İvanişvili azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində sakinlərlə oktyabrın 27-də keçiriləcək prezident seçkiləri ilə bağlı görüş keçirib. Görüşdə baş nazir Gürcüstan prezidentliyinə namizəd Giorgi Marqvelaşvilini təqdim edib və onun tərcümeyi-halı barədə məlumat verib.

Şəhər sakinləri qarşısında çıxış edən B.İvanişvili xüsusi olaraq azərbaycanlıları salamlayıb: "Siz azərbaycanlılar ilk dəfə keçmiş hakimiyyətə etiraz edərək düzgün seçiminizi etdiniz. Buna görə sizə bir daha təşəkkür edirəm. Hakimiyyətə elə adam seçin ki, sizin maraqlarınıza xidmət etsin, arzularınızı həyata keçirsin. Həmişə etibar etdiyiniz və sizə işləyən adamı seçin. Belə seçki ilk dəfə Gürcüstan tarixində baş tutacaq. Belə bir insan sizinlə görüşə gələn Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvilidir. O, sizin gələcəyiniz üçün çalışacaq”.

Tədbirdə Gürcüstan prezidentliyinə namizəd G.Marqvelaşvili də çıxış edib. O, seçkilərə bir neçə gün qaldığını və qalib gələcəklərini bildirib: "Biz sizinlə birlikdə Avropa ölkəsi tikəcəyik. Burada hər bir adam iqtisadi və hüquqi cəhətdən müdafiə olunacaq. Biz bu dövləti sizinlə birlikdə quracağıq”.

Xatırladaq ki, bir müddət öncə B.İvanişvili ermənilərə böyük rəğbətinin olduğunu və onlara hörmətlə yanaşdığını qeyd etmişdi.

Gürcü baş nazirin bəyanatını şərh edən politoloq Qabil Hüseynli B.İvanişvilinin hiyləgər siyasət yürütdüyünü bildirib. Ekspertin sözlərinə görə, baş nazir bu cür çıxış etməklə seçkidə partiyasının zəfər çalmasına can atır: "İvanişvili hər millətin icmasına bir göy muncuq paylayır. Payladığı muncuqları da sədaqətli sevgi sədaları ilə müşayiət etdirir. Anlamaq lazımdır ki, çıxışların hamısı diplomatik gedişlərdir. İndidən azərbaycanlı icmasının boynuna "Gürcü arzusu” blokunun namizədinə səs vermək məsuliyyətini qoyur. Doğrudan da soydaşlarımızın bir hissəsi parlament seçkilərində hiyləgər siyasətçinin vədlərinə inanıb səs veriblər. Bu məsələdə İvanişviliyə oradakı reputasiyalı soydaşlarımız köməklik göstəriblər. İndiki halda da ona quyruq bulamaqda davam edirlər. Amma onların mövqeyi azərbaycanlıların aldanılması ilə nəticələnir. Bu baxımdan hesab edirəm ki, soydaşlarımız İvanişvilinin avantürist vədlərinə və populist çıxışlarına inanmalı deyillər”.

Siyasi təhlilçi bəyan edib ki, B.İvanişvilinin Gürcüstanda hakimiyyətə gəlməsi bölgədəki inteqrasiya proseslərinə və Azərbaycanla münasibətlərə ağır zərbə vurub: "Bu zərbələr gələcəkdə məlum olacaq. Ona görə də seçkilərdə hazırkı prezident Mixail Saakaşvilinin nümayəndəsinin revanş götürməsinə şərait yaratmaq lazımdır. Azərbaycanlılar məhz Saakaşvilinin nümayəndəsinə səs verməlidirlər ki, bu siyasi tip üzərində qələbə qazana bilsinlər”.

Q.Hüseynli vurğulayıb ki, gürcü baş nazir azərbaycanlı və erməni icmaları ilə eyni dildə danışır: "Daha çox azərbaycanlıları aldatmağa çalışır. Prosesdə ona Gürcüstan Milli Məclisində təmsil olunan soydaşlarımız dəstək olurlar”.

Ekspertin qənaətinə görə, ötən 5 il ərzində M.Saakaşvilinin hakimiyyəti Gürcüstanda yaşayan xalqlar üçün yaxşı imkanlar yarada bildi: "Azərbaycan xalqının bir sıra problemlərinin həllinə köməklik göstərdi. B.İvanişvili hakimiyyətə gəldikdən sonra soydaşlarımıza verilən vədlərin heç biri icra olunmadı. Həmin vədlər havaya atılan gülləyə döndü. Rusiyanın əlində alətə çevrilmiş adam belə məsələləri heç zaman yerinə yetirə bilməz. Təəssüf ki, hazırda bunu bəzi azərbaycanlılar anlamaq istəmirlər. Oradakı soydaşlarımız öz seçimlərində diqqətli olmalıdırlar. Səsvermədə onların iştirakından çox şey asılıdır”.