Səfər Əbiyev və Füzuli Ələkbərov yeni hökumətdə yer almadı

Yeni müdafiə naziri Zakir Həsənova general-polkovnik hərbi rütbəsi verilib

Azərbaycan Prezidenti İlham Əliyev dünən yeni kabinetin tərkibini təsdiqləyib. Prezidentin sərəncamı ilə sabiq Müdafiə naziri Səfər Əbiyev və Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni hökumətdə yer almayıb. Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri isə Səlim Müslümovdur. Qeyd edək ki, Zakir Həsənov indiyə qədər Daxili Qoşunların komandanı, Səlim Müslümov isə Dövlət Sosial Müdafiə Fondunun sədri olub. Azərbaycan prezidenti İlham Əliyev Zakir Həsənova general-polkovnik hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Zakir Əsgər oğlu Həsənova general-polkovnik hərbi rütbəsi verilib. 

Azərbaycanın yeni müdafiə naziri kimdir? 

Zakir Əsgər oğlu Həsənov 1959-cu il iyunun 6-da Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən sovet ordusu sıralarında xidmət edib. 1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsini tutub. 2003-cü il yanvarın 17-də daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı vəzifəsinə təyin edilib. 2013-cü il oktyabrın 22-dən müdafiə naziridir. Zakir Həsənov 2003-cü il mayın 15-də general-mayor, 2005-ci il mayın 6-da general-leytenant ali xüsusi rütbəsi, 2013-cü il oktyabrın 22-də general-polkovnik hərbi rütbəsi alıb. Azərbaycan prezidentinin sərəncamları ilə 2002-ci ildə "Hərbi xidmətlərə görə” medalı, 2004-cü ildə "Azərbaycan Bayrağı” ordeni ilə, milli təhlükəsizlik nazirinin 1998-ci ildə imzaladığı əmrə əsasən isə "Sərhəddə fərqlənməyə görə” medalı ilə təltif edilib. Ailəlidir. İki övladı var