“Ermənistanın Rusiya əsarəti durmadan artır”

“Rəsmi Yerevanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi daha da zəifləyəcək”

"Ermənistan müzakirələr üçün hazır deyil. Ona görə də hələlik müzakirələr aparılmır, sadəcə, ayrı-ayrı görüşlər keçirilir”. Bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, müzakirə aparmaq üçün hər iki tərəfdən hazırlıq tələb olunur. "Görüş xətrinə görüş keçirmək düzgün deyil”. Bəs görəsən, gündən-günə Kremldən asılı vəziyyətə düşən Ermənistan nə zamansa Dağlıq Qarabağ məsələsinin həllində müzakirələrə hazır vəziyyətə gələcəkmi? Yoxsa düşmən ölkənin müstəqil şəkildə masa arxasına oturacağını gözləmək əbəsdir?

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, "Ermənistan hələ müzakirəyə hazır deyil” o deməkdir ki, Rusiyanın maraqlarına zidd hərəkət edə bilməyən rəsmi Yerevan hətta öz maraqlarını tələb etdiyi halda belə Azərbaycanla danışıqlar prosesinə başlamaq iqtidarında deyil:

"Hamıya çoxdan bəllidir ki, Dağlıq Qarabağ probleminin açarı Ermənistanın yox, Rusiyanın əlindədir. Ermənistan yalnız o halda buna hazır ola bilər ki, Rusiyanın təsir dairəsi azalsın və Kremldən asılılıq tamamilə aradan qalxmış olsun. Amma gördüyünüz kimi, Ermənistanın Rusiya əsarəti durmadan artır. Ermənistanın Avropa Birliyinə assossiativ üzvlükdən imtina etməsi və Rusiyanın Gömrük İttifaqına girməsi faktiki olaraq onu göstərir ki, rəsmi Yerevanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi daha da zəifləyəcək. Deməli, problemin həlli birbaşa Rusiyadan asılı olacaq”.

Ancaq politoloq qeyd edir ki, Qarabağ məsələsində Rusiya ilə bir masa ətrafına əyləşmək mümkünsüz olmaqla bərabər Azərbaycanın maraqlarına da cavab vermir: "Bu halda Azərbaycan defakto müstəqilliyini itirmiş olacaq. Çünki Rusiya Qarabağ münaqişəsinin həlli əvəzində Azərbaycanın Avrasiya Birliyinə və Gömrük İttifaqına girməsini tələb edəcək ki, bu da bilavasitə bizim Moskvadan asılılığımız deməkdir”.