Müsavat və AXCP-nin qürub çağı

Lakin onların monopoliyasını yeni və xarici dəstəyi olan qüvvələr dağıda bilər



Artıq belə bir məntiq üzə çıxır ki, ACP-dən getsə də siyasətdən getmək fikri olmayan Rəsul Quliyevin və istefa qərarına partiyasından mərhəmətli davranış gözləyən Sərdar Cəlaloğlunun istefa oyununa bənzər addımı məğlubiyyətin sadəcə etirafı deyil, özlərini Müsavatla AXCP-yə örnək göstərib, onları istefa cəsarətinə dəvət edirlər. Başqa sözlə, istefa kampaniyasının əsasında ciddi müxalifətçilik fəaliyyətini monopoliyada saxlayan qüvvələrin siyasi uğursuzluqlara təslim olmasına çağırış dayanır.

Bəs, ali idarəetmə kürsüsünə və qanunverici orqana seçkiləri dəfələrlə qazana bilməyən Müsavatla AXCP-nin rəhbərliyi siyasətdə qürub çağının çatdığını qəbul edirlərmi? Hakimiyyətin sahibinə çevrilə bilməsələr də, çamadan ovqatında olmaları, siyasi səhnəni tərk etməyə hazırlaşmaları hiss ediləcək səviyyədə deyil. Müsavat və AXCP-nin gətirdiyi əsas iddia bundan ibarətdir ki, onlar tam qanuni seçkilərdə uduzduqdan sonra siyasətdən gedə bilərlər. İndiyə kimi keçirilən seçkilərin nəticələrini qeyri-legitim saymaqla, bunu əllərində siyasətdə yollarını davam etdirmək üçün əsas kimi saxlayırlar. Səbəb təkcə bununla məhdudlaşmır.

Məsələ burasındadır ki, müxalifətə öndəki azı üç il müddətində siyasi fəaliyyətini gücləndirmək üçün əlverişli imkan var. Söhbət bir-birinin ardınca - 2014-cü il bələdiyyə, 2015-ci il parlament seçkilərindən gedir ki, müxalif cinahda siyasi mübarizə şansı yenə də Müsavatla AXCP-nin əlinə keçir. Bir tərəfdən, bəlli istefalarla meydan boşalır və həmin partiyalar ciddi çöküş aqibətini yaşayır, başqa tərəfdən, yeni qüvvə, yeni partiyalar ideyası sistemli gündəmə gəlsə də, onların erasının başlaması özünü təsdiqləmir. Belə bir real şəraitdə Müsavat və AXCP irəlidəki iki seçki ilə siyasi mübarizədə fəallığını artırmaqla, bundan sonra qısa yol qalan 2018-ci ilin növbəti prezident seçkiləri mərhələsinə də gəlib çatır. Bu aspektdən hər iki partiyanın maraqlarına uyğundur ki, öz liderini öz postundan kənar etməsin, liderlər də çalışacaq ki, partiyasının yuxarı eşalonunu, aşağı qatını və sosial bazasını qoruyub saxlasın. Bu, xüsusilə Əli Kərimliyə aiddir, o səbəbdən ki, heç bir prezident seçkisində şəxsən iştirak etməyib, bu, onun əlində cəmiyyətdən gələcək istefa çağırışlarını özündən qovmaqda arqument kimi dayanır.

Baxmayaraq ki, seçkiləri dəfələrlə uduzublar, cəmiyyətdəki etibarları zədələnib, belə bir suala cavab tapmaq lazımdır: ümumiyyətlə, bu partiyaların siyasi səhnədən getməsi asan məsələdirmi? Zənnimizcə, deyil.

Söhbət o partiyalardan gedir ki, onlar bu cinahda ən güclü insan resurslarına malik siyasi firqə adını daşıyırlar. Müxalif düşərgənin lokomativi olmaları əksəriyyət tərəfindən qəbul olunur. Demokratik inkişaf proseslərinin əsas iştirakçılarıdır, beynəlxalq qurumların güclü tərəf qismində qəbul etdiyi təşkilatlardır.

Əgər söhbət partiyalara deyil, konkret şəxslərə olan inamın ölməsindən gedirsə, birinci şəxslərin yeni sifətlərlə əvəzlənməsi də müxalifətin vəziyyətini tamamən fərqli şəkildə göstərə bilmir. Çünki bizdə harizmatik əsaslara dayanan partiya mövcudluğu birinci şəxsin meydandan çıxmasıyla daha pis böhran yaşayır. Bu gün çox tez-tez işlədilən "gəncliyi irəli vermək lazımdır, partiyanı yeni əllərə buraxmaq gərəkdir” kimi şablon mövqelər mütəmadi gündəmə gəlib-gedir. Amma iş ondadır ki, ortada Etibar Məmmədovun siyasi varisi Yusif Bağırzadə misalı var və konkret bu misal liderdən sonra təşkilatın hansı reytinqə düşdüyünü, partiyanın necə ölüb getdiyini aydın xarakterizə edir. Bu cəhətdən əgər təşkilatı güclü liderin əlindən daha güclü liderin əlinə ötürmək variantı yoxdursa, o zaman təşkilatın fəaliyyətinə xitam vermək, yaxud ən güclüyə birləşib, orada assimilyasiya olmaq daha məqbul variantdır. Yeri gəlmişkən qeyd edək ki, ADP, ACP, ALP-nin siyasətə olan son münasibəti Müsavatla AXCP-ni bir-birindən möhkəm yapışmağa vadar edir. Ola bilsin ki, son nəticə bu partiyaları daha sıx müttəfiklikdə birləşdirsin, ya da vahid bir ad altında gerçək şəkildə qovuşdursun.

... Başqa tərəfdən, müxalifət müxalifətdəki özü-özünə formalaşan monopoliyasını özü vurub dağıda bilməz. Bu, kənar təsirlər nəticəsində baş verə bilər. Belə bir situasiya o zaman real olacaq ki, siyasi səhnəyə konkret yeni partiya, yeni qüvvə gələcək və ənənəvi müxalifəti siyasi arenadan sıxışdırıb çıxaracaq. Onun güclülüyü isə beynəlxalq təşkilatların, xarici ölkə səfirlərinin həmin qüvvəyə etimad göstərib, onunla demokratik inkişaf məsələlərini müzakirə etməsi ilə şərtlənə bilər. Ola bilsin ki, xaricdən bəyanatlar səviyyəsində dəstəklənən ReAL hərəkatın partiyaya çevrilməsi və xarici maliyyə əsasında inkişafı bu prosesin baş verməsini gerçəkləşdirəcək. Üstəlik, Eldar Namazovun partiya yaratmaq planlarında hədəfin radikal müxalifəti tarixin arxivinə göndərmək ehtimalını da kənara qoymaq olmaz.

Prinsipcə, dizində taqəti olmayan siyasi partiyaların yerinə yeni və güclü təşkilatların gəlməsi mütləq lazımdır, əks təqdirdə cəmiyyətdə arzuolunmaz bir disbalans yaranar. Yəni güclü iqtidar olduğu kimi, güclü müxalifətin də olması vacibdir. Çünki demokratik inkişaf proseslərinin dinamik və səmərəli aparılmasından udan dövlətdir...