Fəzail Ağamalı vədinə əməl etdi, Zahid Orucla yanaşı əyləşmədi

Zahid Oruc: “Eyni məsələyə baxışda insanların mövqeləri uzlaşmırsa, yerlər də ayrılmalıdır”

Ana Vətən Partiyasının sabiq sədr müavini, Milli Məclisin deputatı Zahid Orucun AVP-nin prezident seçkisində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəyi qərarından sonra öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürməsi və bununla təşkilatın iradəsinə qarşı çıxması qurum sədri Fəzail Ağamalının hiddətinə səbəb olub. Hətta təşkilat rəhbəri zaman-zaman ölkə KİV-lərinə bununla bağlı təzad və ikrah dolu açıqlamalar verib. Belə açıqlamalardan biri də F.Ağamalının "Yeni Müsavat” qəzetinə müsahibəsində yer alıb. Belə ki, Z.Orucun seçki nəticələri ilə bağlı jurnalistin sualına cavab vermək istəməyən partiya sədri Milli Məclisin iclasında sabiq müavini ilə yanaşı əyləşməyəcəyini bildirib. Qeyd edək ki, F.Ağamalı verdiyi vədlərə əməl edib. MM-in dünənki yığıncağında partiya sədri Z.Orucla yanaşı əyləşməyib. Beləliklə, Z.Oruc parlamentin iclas zalında birinci sırada tək oturub.

Xatırladaq ki, Z.Oruc millət vəkili seçiləndən 13 ildir ki F.Ağamalının yanında əyləşirdi. AVP-nin sədr müavinliyindən istefa verdikdən sonra sözügedən partiya sədri ilə də yolları ayrılıb.

AVP sədrinin açıqlamasına münasibət bildirən Z.Oruc bu səpkili addımları siyasi dözümlə qarşıladığını qeyd edib: "İnsanlar müəyyən bir dönəm hər hansı bir təşkilat daxilində yer alırlar. Ona bağlı işlər formalaşır və münasibətlər qurulur. Ən önəmlisi odur ki, partiyanın qurulmasına və fəaliyyətinin cəmiyyətə daşınmasına müəyyən töhfə verməyə çalışmışıq. Kiməsə qərəzli mövqeyimiz olmayıb. Təşkilatın sıralarından ayrılandan sonra münasibətim ondan ibarət oldu ki, keçmişimizi mənfi yöndən dəyərləndirməli və onu başqa maraqdan təhlil etməli deyilik. Təzədən nələrisə vərəqləmək düzgün deyil. Digər tərəfdən nəzərə alaq ki, AVP siyasi keçmişimin və tərcümeyi-halımın müəyyən bir hissəsini tutub. Ona görə də məndən F.Ağamalıya qarşı fikir, tezis və mülahizə almaq mümkün olmayacaq. Partiyanın rəhbərliyinə həmişə xoş münasibət sərgiləmişəm. İndi də o mövqedəyəm”.

Parlamentin iclasında yanaşı əyləşmədiklərinə gəldikdə isə deputat söyləyib ki, eyni məsələyə baxışda insanların mövqeləri uzlaşmırsa, yerlər də ayrılmalıdır: "Amma Azərbaycan dövləti və milləti naminə amallarım yerindədir. Stabildir. Dəyişməzdir. Bu yöndə məqsədlərimi ardıcıl olaraq davam etdirirəm. Başqa məsələ isə ondan ibarətdir ki, Z.Oruc olaraq bir təşkilatın sıralarından kənarda olmağım niyə əlahiddə və süngü ilə qarşılanmalıdır? Siyasi sistemdə mövcud olan əksər təşkilatlardan müavinlərin getmə təcrübəsi olub. Çoxlu şəxslərin adını saymaq olar. Bir adam üzərində prosesin uzanması və maraqlı mövzu kimi gündəmdə qalması xeyli düşündürücüdür”.

Z.Oruc partiya sıralarına yenidən qayıdıb-qayıtmayacağına da aydınlıq gətirib: "Partiyanı tərk etməyim barədə namizədliyimi verdiyim 12 avqust tarixindən 3 gün sonra Mərkəzi Nəzarət-Təftiş Komissiyası tərəfindən qərar qəbul olunub. Kimsə geriyə dönüşümlə bağlı fikir yürüdürsə, bunlar tam əsassızdır. Digər tərəfdən münasibətlərimizi heç kimlə düşmən və kin-küdurət səviyyəsində qurmuruq. Daxilimdə və beyin yarımkürəmdə əlavə fayllar yoxdur ki, onu açım və kimlərləsə münasibətdə köhnə dövrün incikliyini yaşayım. Bu məndə dünən də olmayıb. Bu gün də yoxdur. Sabah da olmayacaq. Həyata baxışım bundan ibarətdir. Biz sabaha baxmalıyıq. O zaman da deyirdim ki, bir təşkilatın sıralarından çıxmaq həm də sözün bütün mənalarında azad olmaq deməkdir. Bu da o anlama gəlir ki, bir səhifəni qapayırıqsa, fəaliyyətimizi yeni səhifədən davam etdirməliyik. İnsani münasibətlər və cəmiyyət reallıqları bu cür formalaşmalıdır”.