Parlamentin Moskva gündəliyi...

Rusiyadan gələn xəbərlər deputatlarımızın da qüruruna toxunub
Spiker Oqtay Əsədov isə deyir ki, şounu şişirtməyə ehtiyac yoxdur

"Rusiya miqrantlar vasitəsilə Azərbaycana qarşı təzyiq siyasətini həyata keçirir. Görünən odur ki, 20 il öncəyə baxanda hazırda Rusiyadan daha çox asılı kimi görünürük. Demək olar ki, Azərbaycan Rusiyanın müstəmləkəsi olmağa yaxındır. Faktiki olaraq miqrant adı altında türkdilli ölkələrin Rusiyadakı vətəndaşlarına qarşı əməliyyat aparılır. Oradakı miqrantların əksəriyyəti də türkdilli ölkələrin nümayəndələridir. Xüsusən də çoxluğu azərbaycanlılar təşkil edirlər. Bu yenə də deyirəm ki, Rusiyanın dövlət siyasətinin tərkib hissəsidir. Moskvaya "dur!” deməyin zamanı deyilmi?”.

"Kişilər çayxanalarda siqaretdən tüstülədib, domino oynayırlar”

Bu sözlər ötən gün parlamentin iclasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa tərəfindən səsləndirilib. Rusiyada Yeqor Şerbakovun qətlində günahlandırılan azərbaycanlı Orxan Zeynalov məsələsindən danışan deputat bildirib ki, Moskva bu qətl hadisəsini şouya çevirərək Azərbaycana qarşı təzyiqlər etmək niyyətini ortaya qoydu. F.Mustafa qeyd edib ki, son proseslərlə Kreml Azərbaycana göstərmək istədi ki, əlində miqrant rıçaqları var: "Açığı, Rusiya əmək miqrasiyası ilə Azərbaycana təsir etmək imkanına malikdir. Belə halların qarşısını almaq üçün Azərbaycan addımlar atmalıdır. Ən azından yaşayış səviyyəsi aşağı olan insanların işlə təmin olunması sahəsində dövlət proqramı hazırlanmalıdır. Azərbaycanlılar Rusiyaya hansısa biznes qurmaq üçün getmirlər ki. Sadəcə, ölkədə yetərli iş yeri olmadığı üçün onlar bir tikə çörək tapmaq üçün xaricə üz tutur. Nəyə görə bizim soydaşlarımız Moskva bazarlarında ruslar tərəfindən aşağılanmalıdırlar? Regionlarda iş yerləri açılmalıdır. Bu gün rayonların əhalisinə baxaq. Regionlarda iş olmadığı üçün kişilər çayxanalarda siqaretdən tüstülədib, domino oynayırlar. Başqa məşğuliyyətləri yoxdur. Qadınlarımızın demək olar ki, əksəriyyəti işləmirlər. Bunun qarşısını almaq üçün addımlar atılmalıdır. Kənd rayonlarında parklar salınır, bu çox gözəldir. Amma paralel olaraq müəssisələr də yaradılmalıdır”.

Deputatın bu fikirlərinə etiraz edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib ki, regionlarda təkcə parklar deyil, emal müəssisələri də açılır: "Bunları da vurğulamaq lazımdır”.

"Öz biznesləri ilə bağlı Putinlə oturub danışırlar, amma...”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı da Orxan Zeynalov məsələsinə toxunub. O bildirib ki, parlamentin toplantısında Rusiyada miqrantlara və azərbaycanlılara qarşı göstərilən təzyiqlər məsələsi ciddi müzakirə olunmalıdır: "Orada bizim soydaşlarımıza divan tutulur. Bir nəfərin qətlinə görə minlərlə azərbaycanlı qorxu içərisində saxlanılır. Biz bununla bağlı parlamentarilər adından müvafiq sənəd qəbul etməliyik. Rusiya bizi növbəti dəfə bataqlığa çəkir. Bunu bilməliyik. Ona görə də ayıq-sayıq davranmalıyıq”. S.Rüstəmxanlı həmçinin Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmenlərdən narazılıq edib: "Oradakı biznesmenlərimizin səsi gəlmir. Bu da çox qəribədir. Bir müddət öncə "Milyarderlər İttifaqı” deyilən qurum bir yerə yığışıb müxtəlif səpkili bəyanatlar səsləndirirdilər. Oradakı azərbaycanlıların hüquqlarının qorunmasından danışırdılar. İndi hanı həmin milyarderlər? Orada bazarlarda işləyən azərbaycanlıların aşağılanmasına niyə şərait yaradırlar? Məsələn, onlar bir bazar tiksinlər Moskvada, həmvətənlərimiz də o bazarlarda çalışsınlar. Bunu etmək çətindir onlar üçün? Öz biznesləri ilə bağlı Putinlə oturub danışırlar, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərini ora yığmırlar. Xahiş edirəm, bu məsələ müzakirə edilsin.

"Rusiyanın rəsmiləri irqçiliyi yayan bəyanatlarından əl çəkməlidirlər”

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı isə Orxan Zeynalov işinin Azərbaycana bir təzyiq vasitəsi olduğunu diqqətə çatdırıb: "Orxan Zeynalov bəhanə idi. Bu Azərbaycana təzyiq və Rusiyanın yaratdığı Gömrük İttifaqına cəlb edilməsi üçün atılan addımlardır”. F.Ağamalı bildirib ki, Rusiyada işləyən soydaşlarımıza dəstək verilməlidir: "Arif Rəhimzadənin rəhbərliyi ilə Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupu Rusiya Dövlət Duması ilə əlaqə saxlasın və müvafiq addımlarımızı ataq. Milli Məclisin narazılıqlarını onlara bildirək ki, heç olmasa, bu hadisələr daha da radikallaşmasın”.

"Orxan Zeynalov hadisəsi ətrafında Rusiyanın bəzi siyasətçilərinin, KİV-lərinin bir milləti hədəfə alan şousu Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, orada yaşayan insanların həyatında mənfi izini qoyur”. Bu sözləri isə xanım millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, parlament dostluq qrupu məsələ ilə bağlı rusiyalı həmkarlarla görüş keçirməlidir: "İndi Rusiya da viza rejiminin tətbiqindən danışır. Azərbaycanı bu kimi məsələlərlə qorxutmaq, təzyiq göstərmək alınmayacaq. Azərbaycan müstəqil dövlətdir. Bu yalnız iki ölkə arasında münasibətlərə mənfi təsir göstərəcək. Rusiyanın rəsmiləri irqçiliyi yayan bəyanatlarından əl çəkməlidirlər. Bir çağırış edilməlidir ki, irqçiliyin yayılması Rusiyanın özü üçün böyük problemlərə gətirib çıxara bilər”.

"Bu şounu şişirtməyə ehtiyac yoxdur”

Deputat Ceyhun Osmanlı isə Rusiyada yaşayıb fəaliyyət göstərən həmvətənlərimizə, qeyri-leqal miqrant, miqrant, ucuz işçi qüvvəsi kimi adların verilməsinə etiraz edib: "Oradakı azərbaycanlılar ucuz işçi qüvvəsi və ya əməkçi miqrantlar deyillər. Onlar sadəcə orta sahibkarlardır.

Həmvətənlərimizi aşağılayıb onlara ucuz işçi qüvvəsi demək haqsızlıqdır. Orxan Zeynalov məsələsinə gəldikdə isə, bunun ermənilər tərəfindən edildiyi aşkara çıxdı. Rusiyalı jurnalist araşdırmasını ortaya qoydu, faktlara söykəndi və açıqlama verdi. Məlum oldu ki, bu, ermənilərin növbəti təxribatlarından biridir”.

Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, bu məsələnin üzərinə çox getməyə ehtiyac yoxdur: "Milli Məclis səviyyəsində bununla bağlı iş aparılır. Hesab edirəm ki, bu şounu şişirtməyə ehtiyac yoxdur. Yenə də deyirəm ki, rəsmi şəkildə bununla bağlı işlər aparılır”.

"Uşaqların mərc oyunları prosesinə qoşulması sonda faciə ilə nəticələnir”

"Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa mərc oyunlarından danışıb. Deputat bildirib ki, mərc oyunları ilə bağlı yaş həddi 18 yaş müəyyən edilməlidir: "Həmçinin ciddi nəzarət olmalıdır. 18 yaşa qədər uşaqların mərc oyunları prosesinə qoşulması sonda faciə ilə nəticələnir. Ümumiyyətlə isə bədən tərbiyəsi sahəsində ciddi islahatlara ehtiyac var. Rusiyada və Türkiyədə təcrübə var ki, şagirdləri idmana cəlb etmək üçün bütün metodlardan istifadə edilir. Türkiyədə idman kompleksləri pulsuz olaraq insanların ixtiyarına verilir. Bizdə bəzi futbol meydançaları, üzgüçülük hovuzları var. Bunu kütləvi etmək lazımdır ki, kasıb ailələrin də uşaqları cəlb olunsun. Bəlkə bununla sabahın idmançıları yetişəcək? Bir çox fiziki imkanı yaxşı olan uşaqlar yoxsulluqdan bu idman komplekslərinə gedə bilmir. Bu məsələlər qanunda nəzərə alınmalıdır”.

"1995-2000-ci illərdə deputat olmuş şəxslər pensiya ala bilmirlər”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov "Sosial sığorta haqqında” qanunun müzakirəsi zamanı deyib ki, 1995-ci ildə deputat olmuş şəxslər pensiya probleminin həll olunması üçün təmsil olunduğu partiyaya müraciət ediblər: "1995-ci ildə Milli Məclisə seçilən şəxslər müraciət edirlər və pensiya problemindən şikayət edilər. Çünki 2000-ci ildən bu yana seçilən deputatların hamısı indiki əmək haqqının 80 faizini pensiya kimi ala bilirlər. Amma 1995-ci ildə seçilənlər bu pensiyanı ala bilmirlər. Səbəb hazırda müzakirə edilən "Sosial sığorta haqqında” qanundur”. Millət vəkili spikerdən məsələ ilə bağlı müvafiq tapşırıqlar verməsini xahiş edib: "Mən xahiş edirəm ki, bu məsələni Sosial siyasət komitəsinə tapşırasınız. Məsələni diqqətə alıb çıxış yolu tapsın. Onsuz da onların sayı 30-35 nəfərdir”.

Millət vəkili Sabir Rüstəmxanlı da həmkarını dəstəkləyib və bu problemi "humanitar fəlakət” adlandırıb: "1990-cı ildən sonra deputat olmuş şəxslər də bu sıraya aid edilməlidir. Hesab edirəm ki, millət vəkili olan şəxslər arasında fərq qoymaq olmaz. Məsələ ölkənin müstəqilliyinə səs verən deputatlarla bağlıdır. Onlar da deputat kimi təqaüd ala bilmirlər. Deputat olmuş şəxslər bunun üçün məhkəməyə müraciət edilər, amma nəticəsi olmur. Xahiş edirəm, bu məsələni də nəzarətə götürəsiniz”.

Spiker isə bildirib ki, məsələ haqqında məlumatlıdır: "Problemin hüquqi həllinin mexanizmi yoxdur. İndi baxıb görərik məsələni necə həll etmək olar”.