Yollar savaşa aparır
Məmmədyarov Qarabağ danışıqlarında bu qədər pessimist olmamışdı
"Bu gedişlə sülhü təmin etmək çox çətin görünür”. Bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib. Erməni həmkarının açıqlamalarını şərh edən E.Məmmədyarov bildirib ki, Ermənistan xarici işlər nazirinin diplomatik etikadan kənar olan açıqlamaları danışıqlar prosesinin mahiyyətini təhrif edir:
"Onun ikrah doğuran təhqiramiz açıqlamaları həm də ziddiyyətli xarakter daşıyır. Bunlar yalnız daxili istehlaka yönəlmiş militarist və aqressiv bəyanatlardır. Bu əsassız ittiham və böhtanlarda regionda sülhün təmin olunması, regionun gələcək inkişafı və münaqişənin həlli perspektivləri ilə bağlı bir dənə də olsun pozitiv fikir yoxdur.
Ermənistan rəhbərliyinin bu kimi fəaliyyətinə erməni xalqı və beynəlxalq ictimaiyyət özü qiymət verməli və nəticə çıxarmalıdır. Ermənistan məsələləri siyasi möhtəkirlik obyektinə çevirməyə çalışır”.
Xatırladaq ki, Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdən sonra da Elmar Məmmədyarov proseslərlə bağlı pessimist olduğunu bildirmişdi. Düşmən ölkənin qeyri-konstruktiv mövqe sərgilədiyini bəyan edən XİN rəhbəri Ermənistanın bütün danışıq təkliflərindən boyun qaçırdığını söyləmişdi. Əslində hər zaman danışıqlar prosesi ilə bağlı olduqca təmkinli davranan xarici işlər nazirinin daha açıq ifadələr səsləndirməsi mövcud vəziyyətin daha gərgin olduğundan xəbər verir. Bu baxımdan əksər ekspertlər müharibə ehtimalını ön plana çəkir, torpaqların azadlığını savaşmaqda görürlər. Xüsusən, aprel döyüşündə ordumuzun gücünün əyani sübut olunması və ictimaiyyətdə yaranan ruh yüksəkliyi ərazilərimizin hərb yolu ilə işğaldan azad ediləcəyi inancını yüksəldib. Əlbəttə, gec-tez bunun reallaşacağı şübhəsizdir. Amma siyasi şərhçilərin fikrinə görə, müharibə çağırışlarında Rusiya faktorunu da nəzərə almaq lazımdır. Lavrovun sonuncu açıqlamasını xatırladan ekspertlərin sözlərinə görə, Moskvanın Ermənistanı siyasi və hərbi cəhətdən dəstəkləməsi faktını unutmaq olmaz.
Münaqişə ətrafında cərəyan edən proseslərlə bağlı "Şərq”ə danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllində vasitəçi deyil, birbaşa tərəfdir:
"Rusiya işğala açıq formada dəstək verən və təcavüz prosesinin qorunub saxlanmasına xidmət göstərən əsas tərəfdir. Moskvanın Ermənistanla hərbi əməkdaşlığı, işğalçı dövlətə silah-sursat verməsi faktı bu ölkənin kimin tərəfində olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, Azərbaycan torpaqlarının işğalında da rus hərbiçilərinin birbaşa iştirakı olub”. Politoloq bildirib ki, aparılan danışıqlar prosesinin bilavasitə iştirakçısı olan xarici işlər naziri Elmar Məmmədyarov daha çox məlumata sahibdir: "Nazir prosesin hansı istiqamətdə inkişaf etdiyini görür. Lavrovun məlum açıqlamasından sonra Rusiyanın məsələyə münasibəti bir daha öz təsdiqini tapdı. Sübuta yetirildi ki, aprel döyüşlərindən sonra Rusiyanın canfəşanlığı sülh prosesinin irəli aparılmasına deyil, Ermənistanın xilasına yönəlib. Rusiya növbəti dəfə öz qonşularına münasibətdə və beynəlxalq hüququn prinsiplərinə münasibətdə nə qədər ikiüzlü və riyakar olduğunu büruzə verdi”.
E.Mirzəbəylinin fikrincə, indiki şəraitdə müxtəlif ehtimallar səsləndirilir. Hətta gündəlikdə Rusiyanın təşəbbüsü ilə ortaya atılan xarici işlər nazirlərinin görüşü məsələsi də var. Lakin Elmar Məmmədyarovun açıqlamasından göründüyü kimi prosesi irəli aparan dinamika yoxdur:
"Müharibə ehtimalı hər zaman var. Hər gün Azərbaycan sərhədlərində, cəbhə xəttində erməni silahlıları tərəfindən atəşkəs pozulur. Ermənistanın cinayətkar rejimi Azərbaycana qarşı təxribatlar törədir. Bütün baş verənlər göstərir ki, Rusiya status-kvonun qorunub saxlanmasında daha çox maraqlıdır, nəinki problemin hansısa formada həllində. Rusiya vəziyyətin daha da gərginləşməsini, müxtəlif müstəvilərdə şərtlərin ağırlaşmasını, qırılma nöqtəsinə gəlməsini gözləyir. Əgər vəziyyət belə olarsa, Rusiya münaqişə tərəflərinin şərtlərini deyil, birbaşa öz şərtlərini irəli sürəcək. İndiki şəraitdə Rusiyanın davranışları bunu sübuta yetirir. Şübhəsiz ki, adekvat olaraq Azərbaycan tərəfindən tədbirlər görülür. Xüsusən, hərbi əməkdaşlıq sahəsində müttəfiqlərin tapılması istiqamətində addımlar atılır. Azərbaycan Silahlı Qüvvələri indikindən daha güclü hərbi texnika ilə təmin olunur. Ölkəmiz və ordumuz kifayət qədər güclüdür. Lakin nəzərə almalıyıq ki, qarşı tərəfdə təkcə Ermənistan deyil, bilavasitə düşməni müdafiə edən Rusiya da dayanıb. Müharibəni təkcə dövlət aparmır, eyni zamanda xalq aparır. Düşünürəm ki, Azərbaycan dövlətinin və xalqının iradəsi Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına zəmin yaratmayacaq. Torpaqlarımız heç vaxt ermənilərin olmayacaq”.
Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu "Şərq”ə açıqlamasında deyib ki, Lavrovun konfransında azərbaycanlı jurnalistin ona sual verməsi indiki situasiyada doğru deyildi:
"Xüsusən, Rusiya-Azərbaycan münasibətlərinin müəyyən qədər yaxınlaşması fonunda təhrikedici sualların yeri yoxdur. Cavabı bəlli olan sualların verilməsinin nə mənası var? Belə hərəkətlər həm ölkə daxilində ruh düşkünlüyünə səbəb olur, həm də dövlətlərarası münasibətlərə zərər yetirir. Nəinki biz, artıq bütün dünya da bilir ki, Dağlıq Qarabağ problemini çıxaran Rusiya olub. Ermənistan sadəcə görüntüdür, düşmənin əsas dəstəkçisi Moskvadır. Rusiya tərəflər arasında balansı qorumaq adı ilə ermənilərə pulsuz silah-sursat verir. Bunlar bilinən məsələlərdir. Xatırladım ki, aprel savaşında Azərbaycanın qələbəsi ermənilərdən çox Kremli narahat etdi. Atəşkəsin yenidən təmin olunması da birbaşa Rusiya ilə bağlı idi”. Politoloqa görə, Qarabağ münaqişəsinin həlli Azərbaycanın özünün iradəsindən, xalqın həmrəyliyindən asılıdır: "Əlbəttə, sülh danışıqlarından imtina etmək doğru deyil, proses davam etsin. Amma dövlətimiz strateji və hərbi müttəfiqlərinin sayını artırmalı, diplomatik üstünlüyə yiyələnməlidir. Bəllidir ki, qardaş Türkiyə ilə çox sıx müttəfiqliyimiz var. Amma biz bununla kifayətlənməməliyik. Çünki Rusiya böyük və güclü dövlətdir”.
İsmayıl