Putin komandanı dəyişir

16 generalın işdən azad edilməsi qərarı hesabat əsasında verilib




Rusiya Prezidenti Vladimir Putin 16 generalı işdən azad edib.

"RİA Novosti”yə istinadən aldığımız xəbərə görə, bunlar FHN, DİN və Rusiya İstintaq Komitəsinin yüksək rütbəli zabitləridir.

Putinin fərmanına əsasən, 16 generaldan ikisi hərbi qulluqdan xaric edilib. Kadr dəyişikliklərinin səbəbi açıqlanmır.

Putinin 16 generalı vəzifədən uzaqlaşdırması ilə bağlı xəbəri şərh edən politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında deyib ki, Putin Prezident Administrasiyasında daxili komanda yaradıb və həmin komandaya konkret səlahiyyətlər verib, üzərinə bir sıra tapşırıqlar qoyub: 

"Komanda üzvləri hakimiyyət strukturlarında bu və ya digər vəzifə tutan insanların fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, onların xidmətlərinin müsbət və ya mənfi tərəflərini öyrənsinlər. Görünür, həmin komandanın hazırladığı hesabat əsasında Putin belə bir qərar verib və həmin şəxsləri işdən azad edib.

Bu cür ixtisarların bundan sonra da davam etməsinin istisna olmadığını vurğulayan E.Şahinoğlunun sözlərinə görə, Prezident Administrasiyasında çalışan vəzifəli şəxslər qubernatorlar barəsində də xüsusi araşdırmalar aparır. Hər bir quberniyada baş verən proseslər izlənilir və Putinə məlumat verilir. Hesab edirəm ki, yaxın müddət ərzində bu proses daha da genişlənə bilər”.

Şəymən