“Psixologiyada piromaniya adlanan xəstəlik növü var. Piromaniya alova, oda, yanğına meyillilikdir”
“O da ola bilər ki, bu gəncin ailəsində elektrik sayğacları barədə tez-tez söhbətlər olub, gəncdə də sayğaclara qarşı antipatiya yaranıb”
Sumqayıtda elektrik sayğaclarına qənim kəsilən şəxsin kimliyi müəyyənləşib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Elektrik sayğaclarını yandıran şəxs Sumqayıt şəhər sakini 18 yaşlı Pərviz Qasımovun ruhi əsəb xəstəsi olduğu bildirilir.
Xatırladaq ki, yanğın hadisəsi Sumqayıt şəhəri 1-ci mikrorayon Nərimanov küçəsi 45 a/19 ünvanında qeydə alınıb.
Gecə saatlarında qəflətən elektrik sayğaclarında yanğın baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını ala bilsələr də, 30-dan çox elektrik sayğacı sıradan çıxıb.
Araşdırma zamanı sayğacların hər hansı bir qəzadan deyil bilərəkdən yandırıldığı qənaətinə gəlinib.
Faktla bağlı Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar və hadisəni törədən Pərviz Qasımov saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam edir.
18 yaşlı gənc niyə məhz elektrik sayğaclarını hədəf alıb?
Hadisəni şərh edən psixoloq Elnur Rüstəmov gəncdə psixoloji pozuntular ola biləcəyini istisna etmədi:
- Bu hadisənin psixoloji pozuntu səbəbindən baş verə biləcəyi mümkündür. Psixologiyada piromaniya adlanan xəstəlik növü var. Piromaniya alova, oda, yanğına meyillilikdir. Bu xəstəlikdən əziyyət çəkən insanlar var. Sayğacları yandırdığı iddia olunan uşaqda isə bu hərəkət epilepsiya fonunda da baş verə bilərdi. Psixoloji pozuntular müxtəlif formalarda özünü göstərir. Bəzi şəxslər dəmir əşyalar yığmağa meyillənir, bəziləri köhnə əşyaları toplayır və onları atmırlar, onlardan əl çəkmirlər. Elə insanlar var, mənzilin 1 otağında özü qalır, ikinci otağa dəmir və ya köhnəlmiş əşyalar yığır.
E.Rüstəmov gəncin sayğacları yandırmasına psixoloji travmanın da səbəb ola biləcəyini istisna etmədi:
- Ola bilsin, bu gəncin ailəsində elektrik sayğacları barədə tez-tez söhbətlər olub, gəncdə də sayğaclara qarşı antipatiya yaranıb. Bunlar hamısı ehtimallardır və hesab edirəm ki, ən doğru cavab tibbi ekspertiza nəticəsində ortaya çıxacaq. Ekspertiza aparılmalıdır və səbəb bilinməlidir.
Qeyd edək ki, piromaniya impulsiv davranış pozuntusudur və bu xəstəliyə tutulmuş insanlar digərlərindən oda, alova hədsiz maraqları ilə seçilir. Piromanlar alovu müşahidə etməyə maraqlı olur, oda, alova diqqətlə baxır, gözlərini alovdan ayırmırlar. Yanğın törətməzdən əvvəl onlar adətən gərgin olur, yanğın baş verdikdə isə bundan dərin həzz duyğusu alırlar. Alov, od onları sevindirir. Psixoloqlar hesab edir ki, piromaniya xəstəliyinə tutulanlar daha çox natamam ailələrdə böyümüş uşaqlardır. Belə uşaqlarda özünü təsdiqləmə, ətrafın diqqətini cəlbetmə arzusu daha güclü olur və onlar məqsədlərinə çatmaq üçün ən ağlasığmaz hərəkətlərə əl atırlar. Bəzən uşaqlar yanğın çıxarmaqla evdən getmiş atalarını geri qaytarmağa çalışırlar. "Yanğın olsa, atam gəlib məni xilas edəcək” fikri ilə yanğın törədirlər. Qısası, "odla oynayan” uşaqlara qarşı diqqətli olmaq gərəkdir.
Məlahət Rzayeva