Unun qiyməti aşağı düşməyəcək

Bu dünyada baş verən qiymət artımı ilə bağlıdır



Ölkədə unun və ətin bahalaşması əhalinin narahatçılığına səbəb olub. 50 kiloluq un kisəsinin qiymətinin 30 manat olduğu bildirilir.

Maraqlıdır, ölkədə taxıl ehtiyatları ehtiyaclarımızı ödəyirsə, unun qiymətində bahalaşma necə baş verir? İqtisadçı-ekspert Qalib Toğrul "Şərq”ə açıqlamasında bahalaşmanın səbəbini dünya bazarındakı qiymət artımı və buğdanın böyük əksəriyyətinin xaricdən idxal olunmasında görür:

"Vergi məcəlləsində olan son dəyişikliklərdən sonra buğdanın idxalı, eyni zamanda buğda ununun istehsalı və satışı əlavə dəyər vergisindən azad olunub. Əslində bu tədbirlərdən sonra bizdə unun qiymətinin aşağı düşməsi müşahidə olunmalıdır. Eyni zamanda, idxaldan əlavə buğda istehsalının da bütün vergilərdən azad olduğu hər kəsə məlumdur. Vergi məcəlləsindəki dəyişikliklərdən sonra bütün kənd təsərrüfatı məhsulları kimi buğdaya da hesablanan əlavə dəyər vergisi ancaq icarə tələbatından ödənilir. Buna görə unun qiymətinin artması ilə bağlı heç bir əsas görmürəm. Nəzərə alsaq ki, bizim un istehsalının əsasını təşkil edən buğdanın əksəriyyəti xaricdən idxal olunur. Bahalaşma dünya bazarındakı qiymət dəyişməsi ilə bağlı izah oluna bilər, başqa heç bir izahı yoxdur. Dəqiq məlumatım olmadığı üçün deyə bilmərəm ki, dünya bazarında buğdanın qiymətində dəyişiklik olub, ya yox. Amma bütün iqtisadi göstəricilər bunu deməyə əsas verir ki, unun qiyməti düşməyəcək, əksinə qalxacaq. Çünki ona olan əlavə dəyər vergisindən azad olunub”.

Yeganə Bayramova