Əli Əhmədov Artur Rəsizadənin yerinə hazırlanır

Bəzi ekspertlər YAP-ın icra katibinin yeni təyinatını dəyərləndirirlər

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) 14 ildir ki, İcra katibi vəzifəsini yerinə yetirən millət vəkili Əli Əhmədov artıq baş nazirin müavinidir. Prezident İlham Əliyev yeni hökuməti formalaşdırarkən baş nazirin müavinlərinin sayını artırmaq qərarı verdi.

Artırılmış postdan birinə isə deputat Ə.Əhmədovu təyin etdi. Bu təyinat ilk görünüşdən bir qədər qəribə qarşılandı. O mənada ki, Nazirlər Kabineti əsasən dövlətin sosial-iqtisadi və müdafiə siyasətini həyata keçirən orqan sayılır. Cənab Əhmədov isə hakim partiyanın əsas ideoloqlarından biri, ictimai-siyasi funksiyanı yerinə yetirən önəmli sima idi. İkinci bir tərəfdən isə baş nazirin yeni müavini ixtisasca politoloqdur. Bəzi ekspertlər bu mənada Ə.Əhmədovun baş nazirin müavini təyin olunmasının anlaşılmazlığını söyləyirlər.

Amma əksəriyyət Ə.Əhmədovun belə yüksək vəzifəyə təyinatının düzgün addım olduğunu hesab edir. Çünki bu şəxs hakim komandanın ən uğurlu kadrlarından biri kimi özünü sübut edib. Ə.Əhmədov 14 ildir YAP-ı demək olar ki, idarə edən, partiyanın əsas işini çiyinlərində daşıyan bir şəxs olaraq idarəçilik qabiliyyətini ortaya qoyub. Nəzərə alsaq ki, Nazirlər Kabineti də idarəedici bir orqandır, xüsusən də dövlətin siyasətini həyata keçirən əsas qurumdur, Ə.Əhmədovun oradakı işinin səmərəli olacağı şübhə doğurmur. İntellektinə və bacarığına görə siyasi arenada kimliyi hər kəsə bəlli olan Ə.Əhmədovun baş nazirin müavini postuna gətirilməsi gözlənilməz olduğu qədər də təqdirəlayiqdir. Digər tərəfdən isə ölkə başçısı cənab İlham Əliyevin kadr təyinatlarının hər zaman yerində olduğu danılmaz fakta çevrilib. Çünki prezident tərəfindən təyin olunan əksər kadrlar uğurlu idarəçi olublar.

Ə.Əhmədovun baş nazirin müavini təyin edilməsinin pərdəarxası məqamlarının olduğunu deyənlər də kifayət qədərdir. Bəzi müşahidəçilərin arqumentlərindən belə nəticəyə gəlmək olar ki, Ə.Əhmədovun müavinliyi "tramplin” rolunu oynayır. Belə ki, onun gələcəkdə ölkənin ikinci şəxsinə çevrilməsi ehtimalları var. Faktiki olaraq hazırkı baş nazir Artur Rəsizadə yaxşı iş qabiliyyətinə, yaxşı məmur olmasına baxmayaraq bu il 78 yaşı arxada qoyacaq. Yaşının kifayət qədər çox olması Artur müəllimin zaman-zaman iş qabiliyyətinə də mənfi təsir göstərir. Hətta baş nazirin zaman-zaman səhhətində problemlər yarandığı, işə çıxmadığı haqqında mətbuatda məlumatlar da yer alıb. Düzdür, Nazirlər Kabineti tərəfindən bu təkzib edilib, Artur müəllimin işə çıxmamasının doğru iddia olmadığı deyilib. Amma səhhəti ilə bağlı səhih məlumatlar verilməyib. Bu məqam isə özlüyündə çox önəmlidir. 80 yaşına cəmi iki il qalmış cənab Rəsizadənin səhhətində ciddi olmasa da, xırda problemlərin yarana bilməsi təbiidir. Elə ekspertlər də bildirirlər ki, bir çox amillər Ə.Əhmədovun baş nazir postuna hazırlanmasını göstərir. Bir çox parametrlərinə görə Ə.Əhmədov baş nazirliyə layiqli şəxs kimi görünür. Yenə də bildirək ki, buna cənab Əhmədov iş bacarığı, əmək fəaliyyəti, idarəçilik qabiliyyəti ilə layiqdir.

Bu söylədiklərimiz təbii ki, iddialardır, irəli sürülən ehtimallardır. Ə.Əhmədovun baş nazirin müavini postundan, baş nazir kürsüsünə yüksəlib, yüksəlməyəcəyini zaman göstərəcək. Amma etiraf etmək lazımdır ki, söylənilən ehtimallar kifayət qədər əsaslı arqumentlərə söykənir.