Vəsait tapılmır

Təhsil Nazirliyi çarəsiz qalıb

Bu tədris ilində də məktəblər mühafizəsiz qalacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, bu məsələ ilə əlaqədar nazirliyin büdcəsində vəsait nəzərdə tutulmayıb. Nazirlik məktəblərin mühafizəsini valideyn-məktəb əməkdaşlığının üzərinə yönəldir: "Bir çox ümumtəhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur. Həmçinin, valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar”.

Göründüyü kimi, Təhsil Nazirliyi mühafizə məsələsində yaxasını yenə kənara çəkir.

Təkcə orta məktəblər deyil, həmçinin ali məktəblərin də mühafizəsi problemi eks-nazirdən yenisinə qalan pis bir mirasdır. Misir Mərdanovun nazir postunda əyləşdiyi 15 il müddətində bu problemi həll edə bilmədi. Hətta Azərbaycan Dövlət Neft Akademiyasındakı məlum qanlı hadisələr də tədris ocaqlarının mühafizə məsələsinin həllinə təkan vermədi. Dəfələrlə bu mövzu gündəmə gətirildi, hər dəfəsində də bir bəhanə, bir səbəb göstərildi. Və açıq bildirildi ki, bütün təhsil müəssisələrinin dövlət hesabına qorunması qeyri-mümkündür. Bu qədər məktəb, universitet və s. var. Dövlət bunun hansı birini qorusun?! Ümid yenə də qaldı valideynlərin cibinə. Təbii ki, burada söhbət cibində pul olan valideynlərdən gedə bilər. Bəli. Paytaxtda elə orta məktəblər var ki, onların büdcəsi bəlkə də hansısa ali məktəbin büdcəsindən çoxdu. Belə məktəblərin valideynlərinə pul yığıb mühafizə sistemini işlətmək çətin deyil. Əksinə, uşağının təhlükəsizliyi xətrinə valideynlər könüllü şəkildə vəsait ödəyirlər. Bəs kasıb valideynlər nə etsin? Övladının kitab-dəftərinə, geyiminə zorla pul tapan ata-analar üstəlik mühafizəçiyə də necə pul ayırsın?

Kiçik bir araşdırma aparıb bir məktəbin mühafizəsi üçün nə qədər pul tələb edildiyini aydınlaşdırmağa çalışdıq.

Özəl mühafizə xidmətində çalışanlarla söhbət zamanı məlum oldu ki, mühafizəçinin əməkhaqqı 300 manatdan yuxarı deyil. Bu rəqəm mühafizə olunan obyektdən asılı olaraq dəyişir. Elə yerlər var ki, orada mühafizə xidməti üçün 200, hətta 190-180 manat da əməkhaqqı ayrılır. Mühafizəçinin geyimi, onun silahla, yaxud zəruri əşyalarla təmin edilməsi də əməkdaşı olduğu şirkətin üzərindədir.

Belə olan halda dövlət büdcəsindən maliyyələşən məktəblər mühafizə sistemini necə qura bilər?

Kriminalist-ekspert, hüquqşünas İlqar Altay da "Şərq”ə açıqlamasında məktəblərin mühafizəsinin vacib olduğunu dedi:

- Məktəblərin mühafizəsi çox vacib bir məsələdir. Biz dəfələrlə bu məsələyə toxunmuşuq. Xüsusən də ADNA-da qanlı faciə baş verdikdən sonra təhsil müəssisələrinin mühafizəsi labüdləşib. Azərbaycan çətin bir regionda yerləşir, həm də müharibə şəraitində olan ölkədir. Burada hər cür hadisə baş verə bilər. Ayıq-sayıq olmaq, mühafizəsi vacib olan obyektlər mütləq qorunmalıdır. Təhsil müəssisələri də mühafizəsi vacib obyektlər sırasındadır. Ali məktəblərdə təhsil alanlar gənclərdir, aralarında idmançılar da olur, müəyyən mənada özünü də, bəzən başqasını da az da olsa müdafiə edə biləcək gücdədirlər. Hətta ADNA-dakı faciə zamanı bir tələbə güllə açan şəxsin üzərinə getmişdi. Amma orta məktəblər tamamilə müdafiəsizdi. Orada təhsil alanlar uşaqdılar. Gücsüzdülər, çarəsizdilər. Ona görə də ən əvvəl orta məktəblərin mühafizəsinə diqqət ayrılmalıdır və ilk növbədə məktəblərin mühafizəsi təşkil edilməlidir. Amma biz görürük ki, ali məktəblər daxili imkanları hesabına mühafizəni təşkil edir, məktəblər isə müdafiəsizdir. Məktəblərdə mütləq mühafizəçilər olmalıdır. Hətta mən bunu da demişəm ki, məktəbdə yaş kateqoriyası etibarilə bir-birindən fərqlənən uşaqlar təhsil alır. 11-ci sinif şagirdləri ilə ibtidai sinif şagirdləri eyni vaxtda təhsil alır. Məktəbdə polisin olması yuxarı sinif şagirdlərinin kiçik yaşlı məktəblilərə qarşı müəyyən tərbiyəsiz hərəkətlərinin qarşısını ala bilər. Şagird məktəbdə polisin olduğunu biləndə istər-istəməz hərəkətlərinə diqqət edəcək, nalayiq hərəkətlərdən çəkinəcək. Qaldı ki, mühafizə xidmətinə ödəniləcək vəsaitin məbləğinə, məncə bu işi az vəsaitlə də təşkil etmək mümkündü. Məncə, bu, elə də böyük məbləğ tələb edən məsələ deyil. Lap hər növbə üçün 2 mühafizəçi təyin edilsə, onların əməkhaqqı 500 manatdan yuxarı olmayacaq. Amma məktəbdə iki yox, bir mühafizəçi də ola bilər. Bu məktəbin yerləşdiyi ərazidən, şagird sayından, məktəbin bir, ya iki növbəli olmasından asılıdır. Özü də indi demək olar ki, əksər məktəblər birnövbəli tədrisə keçib. Bəlli bir saatdan sonra məktəb boşalır. Mühafizəçiyə ehtiyac qalmır. Biz görürük ki, son vaxtlar yeniyetmələr, gənclər arasında kriminal xarakterli hadisələr baş verir. Bəzən bu cür hadisələr orta məktəblərin ərazisində olur. Ona görə də mühafizə sistemi təkcə məktəbin daxilində deyil, xaricində, məktəbin həyətində, məktəbə bitişik ərazilərdə də müşahidə aparmalıdır, nəzarətdə saxlamalıdır. Məktəblərin mühafizəsi humanist bir işdir. Burada özəl şirkətlər, həmçinin valideynlər də yardımçı ola bilər. Məncə, Təhsil Nazirliyi mühafizə məsələsi ilə bağlı hökumətə müraciət etsə, yaxşıdır. Düşünmürəm ki, Azərbaycan dövləti təhsil müəssisələrinin mühafizəsi üçün xəsislik etsin. Azərbaycanın indiki şəraitdə kifayət qədər imkanı var ki, uşaqların müdafiəsi kimi vacib bir işi dövlət hesabına təşkil edilsin.