Kadr islahatı mifləri “öldürdü”




Mais Səfərli: "Ölkə rəhbəri hərbi sahəni birinci yerə qoyurdu”

Zahid Oruc: "Ölkə rəhbəri hərbi sahəni birinci yerə qoyurdu”

Ölkə başçısı İlham Əliyevin kadr islahatları, yeni kabineti formalaşdırmağı, iki naziri vəzifədən çıxarması müzakirə mövzusudur. Kadr islahatının pozitiv tərəflərinin çox olduğunu söyləyənlər əks arqument sahiblərindən çoxdur.

Kadr islahatlarını müsbət dəyərləndirən "Yurddaş” Partiyasının sədri Mais Səfərli "Şərq”ə açıqlamasında bunun çox mühüm addım olduğunu qeyd edib. Partiya sədrinin sözlərinə görə, İlham Əliyev effektiv fəaliyyəti ilə Azərbaycan tarixinə şərəfli səhifələr yazmış bir şəxsiyyətdir: "İlham Əliyev Azərbaycanı çox yüksək sürətlə inkişaf etdirdiyinə görə, artıq tarixə düşüb. Onun kadr islahatlarını və eləcə də fəaliyyətinin bütün sahələrini təqdir edirəm. Hesab edirəm ki, baş verən əvəzləmələri və dəyişiklikləri normal saymaq lazımdır. Cənab prezident çox geniş və dərin məlumata malikdir. Prezident qərarları əsaslı faktlara söykənərək qəbul edir. Kadr siyasəti ilə bağlı qəbul etdiyi qərar tam realdır və gerçəkliyə uyğundur”.

M.Səfərlinin qənaətinə görə, növbəti prezidentlik dönəmində İlham Əliyev yenə də iqtisadi, siyasi, ordu və dövlət quruculuğu ilə bağlı çox pozitiv islahatlar həyata keçirəcək: "Sual oluna bilər ki, niyə iqtisadi islahatlar? Çünki Azərbaycan neft ölkəsidir. Neftdən böyük gəlirlər əldə edirik. Bu vəsaitlər qeyri-neft sektorunun inkişafına yatırılır”.

"Yurddaş” sədri onu da əlavə edib ki, Azərbaycanın dövlət büdcəsi sosial yönümlü büdcədir. Yəni, hər addım xalqın rifah halının yaxşılaşmasına istiqamətlənib: "Düşünürəm ki, gələcəkdə insanların sosial müdafiəsi məsələsi daha da güclənəcək. Bu sahədə indiyə qədər mövcud olan korrupsiya hallarının qarşısı tamamilə alınacaq. Əmək haqları və pensiyalar artırılacaq. Azərbaycan əhalisinin aylıq gəlirləri yaxın zamanlarda bir neçə dəfə yüksələcək”.

Ölkə rəhbərinin gerçəkləşdirdiyi islahatları təqdir edən millət vəkili Zahid Oruc bu addımların zəruri olduğunu vurğulayıb: "Dövlətin iddialı layihələrini və vəzifələrini ortaya qoyaraq adekvat komandasını formalaşdırmaq üçün İlham Əliyevin böyük imkanları vardı. Ölkə rəhbəri də məhz bu yolu seçdi. O bir daha sübut etdi ki, Azərbaycanın yeniləşmə siyasətini davam etdirəcək. Əvvəlki dönəmlərdə əsası qoyulmuş fundamental proqramların irəliyə aparılması üçün hər bir sahədə dəyişikliklər həyata keçiriləcək”.

Ötən günlərdə imzalanmış fərman və sərəncamlara gəldikdə isə deputat qeyd edib ki, bunları 3 istiqamətdə qruplaşdırmaq olar: "Birinci, ondan ibarətdir ki, dövlət başçısının siyasi iradəsi qarşısında toxunulmazlar və yaxud xüsusi bir səlahiyyətə malik olanlar yoxdur. Media orqanlarında bəhs olunurdu ki, xüsusi nazirliklər var. Onların böyük səlahiyyətləri və imkanları fonunda hər kəs onlarla hesablaşır. Cənab prezident məhsuldar addımı ilə həmin miflərə son qoydu. İkincisi, seçkilər də göstərdi ki, İlham Əliyev Azərbaycanda çox etimad qazanıb. Bu hal sübuta yetirir ki, cənab prezident prosesləri irəliyə aparmaq üçün xalqa söykənmək iqtidarındadır.

Deputatın qənaətincə, islahatlar cəmiyyət və dövlət rəhbərinin baxışları ilə üst-üstə düşür: "Ölkə rəhbəri hərbi sahəni birinci yerə qoyurdu. Bu sahə üzrə sənaye yaradılmışdı. Rusiyadan ən bahalı hərbi texnika alınırdı. Nəzərə almaq lazımdır ki, həmin texnikaları hərəkətə gətirən qüvvə insanlardır. Bu missiyanın reallaşması müdafiə nazirinin üzərinə düşürdü. Etiraf etmək lazımdır ki, ordudakı problemlər qabarıq görünürdü. Müdafiə Nazirliyi sistemində kadrların idarəçiliyi, nizamnamə prinsiplərinə əməl olunması, təlimat sistemlərinin yeniləşdirilməsi və xarici əlaqələrin qurulması kimi problemlər mövcud idi. Həmin fəsadlar dövlət, hökumət və parlament tərəfindən açıq şəkildə dilə gətirildi. İşğala məruz qalan bir ölkənin ordu sahəsində bu cür nöqsanlara yol vermək olmaz. Ümid edirəm ki, yeni müdafiə naziri Azərbaycanın hərbi təhlükəsizlik siyasətində daha ciddi tədbirlər həyata keçirəcək. Həmçinin Azərbaycanın müqavimət gücünün və müdafiə qabiliyyətinin artmasına çalışacaq”.

Z.Oruc hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işində də nöqsanlar çox idi: "Həmin sahəyə rəhbərlik edən şəxsi istefaya çağırmışdım. Bu qədər təmsilçisinin anti-korrupsiya idarəsi tərəfindən həbsə alınması qurumda gedən oyunları açıb ortaya qoydu. Əminəm ki, yeni nazir Səlim Müslümov fəaliyyətini şəffaflıq və insan amilindən asılı olmayan səviyyədə gerçəkləşdirəcək”.

Millət vəkili bildirib ki, dövlətə və millətə sədaqəti ilə seçilən, ötən illər ərzində Yeni Azərbaycan Partiyasında (YAP) mühüm yer tutan, ictimai-siyasi hadisələrə çox yaxından bələd olan Əli Əhmədov kimi bir şəxsin baş nazirin müavini vəzifəsinə yüksəldilməsi ölkə rəhbərinin hakim partiyaya etimadını sübuta yetirir: "Ə.Əhmədovun yeni vəzifəyə təyin olunması YAP-a əlavə bir stimul verir. Reputasiya və təmizliklərini gözləyən, ulu öndərin siyasi kursuna əməl edən insanların hər biri fəaliyyətlərinə görə dəyərləndiriləcək. Düşünürəm ki, növbəti beş ildə millətin gözləntilərini gerçəkləşdirmək üçün kifayət qədər imkanlar var. Şəffaf fəaliyyət göstərmək, vətəndaşı yerində dinləmək, onların iqtisadi təşəbbüslərinə meydan vermək, kənd təsərrüfatının inkişafı ilə bağlı kredit resurslarını genişləndirmək kimi tədbirlər hesabına Azərbaycanın mənzərəsi daha da dəyişdiriləcək. Azərbaycan daha qüdrətli bir ölkəyə çevriləcək”.