Orxan Zeynalovun “öldürdüyü” Şerbakov sağdır?

O, Varşavaya qaçarkən saxlanılıb
İlqar Altay: “Bu, Azərbaycan xalqına və dövlətinə qarşı yönəlmiş addımdır”

Azərbaycan vətəndaşı Orxan Zeynalovun "öldürdüyü” Yeqor Şerbakovun Rusiyanın Vnukovo hava limanında Varşavaya getmək istərkən gömrükdə saxlanıldığı bildirilir. İctimaiyyətə Yeqor Şerbakovun sevgilisi kimi təqdim olunan xanımın da Moskva-Paris uçağı ilə Rusiya paytaxtını tərk etdiyi iddia olunur. Qeyd olunur ki, Rusiyada bu məsələ ilə bağlı gərginlik də davam etdiyindən qondarma ölüm olayının təşkilatçıları Y.Şerbakov və onun sevgilisinin təhlükəsizliyini bu yolla təmin etmək qərarına gəlib.

Qeyd edək ki, O.Zeynalovun Y.Şerbakovu öldürməsi haqda iddialara Rusiyada yaşayan soydaşlarımızın böyük əksəriyyəti şübhə ilə yanaşır. Çünki "fakt”la bağlı geniş reportajlar verən telekanallarda, qəzetlərdə meyitin şəkli, onun yaxınlarının morqda görüntüləri və dəfn mərasimi göstərilməyib. Bütün bunlar da sözügedən olayın qurama olması haqda düşüncələrə gətirib çıxarır. Uzun müddət Rusiyada yaşayan və bu topluma yaxşı bələd olanların sözlərinə görə, əgər Yeqor gerçəkdən də ölsəydi, onun dəfn mərasimindən şou yaratmaq istəyən qüvvələr mütləq ortaya çıxacaqdı. Üstəlik, hadisədə təqsirli bilinən həmyerlimizin istintaqa ilkin ifadəsində heç bir cinayət törətmədiyini bəyan etməsi bu arqumenti bir qədər də gücləndirib.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist, müstəqil tədqiqatçı İlqar Altay "Şərq”ə açıqlamasında söyləyib ki, O.Zeynalov məsələsinin gündəmə gətirilməsi Rusiyada olan soydaşlarımızın deportasiyasına yönəlib: "Hadisə ətrafında cərəyan edən proseslər, Rusiya hüquq-mühafizə orqanlarının davranışları və Rusiya ictimaiyyət nümayəndələrinin çıxışları belə deməyə əsas verir ki, həmyerlimizin üzərində qaldırılan iddialar Rusiyanın müəyyən dairələrinin gerçəkləşdirdiyi siyasi oyundur. Gedişat onu göstərir ki, O.Zeynalovun "Pakrov” bazarına heç bir aidiyyəti yoxdur. Taksi sürücüsüdür. Rusiya dairələri gözəl anlayırlar ki, orada azərbaycanlıların əsas istinad nöqtəsi "Pakrov” bazarıdır. Ona görə də dərhal onun üstünə hücuma keçdilər. Daha sonra ekstremistlərin ortaya atılması, məsələnin milli münaqişə səviyyəsinə gətirib çıxarılması, həmyerlimizin terrorçu kimi qələmə verilməsi və nazirin qarşısına gətirilməsi onu göstərir ki, bu, Azərbaycan xalqına və dövlətinə qarşı yönəlmiş addımdır. Adi məişət zəminində törədilmiş "qətl” hadisəsinin rezonans səviyyəsinə çatdırılması ondan irəli gəlir ki, Rusiyadakı bəzi qüvvələr Azərbaycana qərəzlidir”.

Bununla yanaşı, kriminalist-ekspert olayda Ermənistan lobbisinin barmağının olmasını istisna etmir: "Bədnam qonşumuzun Rusiyadakı lobbisi ölkəmizə qarşı daim hərəkətdədir. Düşməndir. Ölkəmizə qarşı xüsusi proqramları ilə çıxış edirlər. Rusiyanın müəyyən dairələrini Azərbaycana qarşı qoymaq niyyətlərini davam etdirirlər. Bunlar zaman-zaman öz aydınlığını tapmış faktlardır. O.Zeynalov məsələsində canlanmanın artmasına cəhd edirdilər. Ermənistan tərəfi Azərbaycana düşmənçilik mövqeyini bütün dünyada davam etdirir. Amma O.Zeynalov məsələsinin bu səviyyəyə gətirilib çıxarılmasına Rusiya hakimiyyəti imkan verməli deyildi. Hadisənin şişirdilməsi düzgün deyil. Görünür, siyasi məqsədlər güdülür”.