Xəbər dəqiqlik tələb edir

Ekspert və baş redaktorlar sosial mediadan ağıllı istifadənin tərəfindədirlər



(əvvəli ötən sayda)

Jurnalistikanın aparıcı janrı xəbərdir. Televiziya, yazılı mətbuat, radio və internet xəbər saytları məhz xəbərçiliyin inkişafı və operativliyi ilə özlərinə geniş auditoriya toplayırlar. Bu gün dünya xəbərlə nəfəs alır. Hətta ucqar dağ kəndinin sakini həyatını xəbərsiz təsəvvür edə bilmir. Xəbər sərhəd tanımır və dünyanın bu başından o biri başına göz qırpımında çatır. Belə bir vaxtda xəbər istehsalçıları olan jurnalistlərin, informasiya agentliklərinin üzərinə xüsusi məsuliyyət düşür.

İnformasiya texnologiyasının fantastik inkişafı və qloballaşma fonunda xəbər yaradıcılığının meyarları dəyişir, standartları saf-çürük edilir. Hazırda informasiyanın işlənməsi və yayılması çox da uzaq olmayan keçmişdən köklü şəkildə fərqlənir. İnternet, sosial şəbəkələr xəbər məkanına hədsiz operativlik və dinamika gətirməklə yanaşı, ənənəvi informasiya agentliklərini güclü rəqabətlə üzləşdirirlər. İstənilən halda xəbərin məzmunu və forması ilə yanaşı, operativliyi və etibarlılığı da əsas meyar hesab olunur. Bütün bunlar informasiyanın istehsalçıları və istehlakçıları arasında yeni münasibətlərin yaranmasına gətirib çıxarır. İlk mənbə ilə işləmək bacarığı, informasiyanın alınması, işlənməsi, dəqiqləşdirilməsi, operativ şəkildə yayılması ön plana keçir. Xüsusən son vaxtlar informasiya işində ənənə və müasirlik ən çox müzakirə olunan, bəzən mübahisə doğuran məsələlər sırasındadır. 

Bir sıra ekspertlər hesab edirlər ki, ənənə və müasirliyin vəhdəti təşkil edilməli, ardıcıl xəbər yayan sosial şəbəkələrə, bloggerlərə qısqanclıqla yanaşılmamalıdır. 

Yəni informasiya agentliklərinin, xəbər saytlarının operativlik baxımından "Youtube”, "Facebook”, "Tvitter” və digər sosial şəbəkələrə uduzması faciə hesab olunmamalıdır. Çünki sosial şəbəkələrdən fərqli olaraq ciddi media xəbərin dəqiqliyi, səhihliyi və təhlili ilə oxucuların etimadını daha çox qazana bilirlər. İstənilən xəbərin təfsilatını qəzetdə oxumaq daha maraqlıdır. Burada psixoloji məqamlardan başqa, həm də operativliyinə görə seçilən saytlarda uzun mətnləri oxumağın yoruculuğu, müxtəlif reklamların oxucuların diqqətini yayındırması məsələsi də mühüm rol oynayır. Media ekspertlərinin fikrincə, xəbərin qeyri-peşəkar formada çatdırılması, həddən artıq pafos və sensasiyanın xəbərə "yeridilməsi”, ən əsası da xəbər və rəy janrlarının eyni mətndə verilməsi peşəkarlıq baxımından düzgün deyil. Xəbər yayımlanarkən əvvəlcə oxucu auditoriyası nəzərə alınmalıdır. 

Xəbəri yayımlayarkən oxucunun reaksiyasını təxmin etmək lazımdır. Çatdırılma üsullarının, formasının fərqliliyini nəzərə almasaq, xəbərin ənənəvi yazılmış və yazılmamış qanunları var. 

Xəbər yeni baş vermiş hadisədir, informasiya isə müxtəlif dövrə aid olan məlumatdır. Kiçik fərqlər olsa da, xəbərin informasiyadan fərqi var. Gündəlik qəzetlərdə çap edilən xəbərlər arasında əhəmiyyətsizləri də olur. Ancaq ən əhəmiyyətsiz xəbəri də peşəkar formada təqdim edərək oxucunu məlumatlandırmaq mümkündür. Lakin təqdim edilən xəbərin ictimaiyyət üçün daha anlaşılan olması, daha çox insanın maraq dairəsini əhatə etməsi, sensasiya xarakteri daşıması, etik çərçivələrdən kənara çıxmaması daha məqsədəuyğundur. Əsas problemlərdən biri isə bəzi hallarda informasiyanın yoxlanılmamış, ilk mənbədən dəqiqləşdirilməmiş faktlar əsasında və ya qərəzli mövqedən sifarişlə yazılması ilə bağlıdır.

Məsələ ilə bağlı "Şərq”ə danışan "Türküstan.info” saytının baş redaktoru Aqil Camal deyib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı xəbər istehsalı ilə məşğul olan sahənin - peşəkar medianın sərhədlərini çoxdan dağıdıb: 

"Bu gün sadə cib telefonuna sahib olan istənilən şəxs gördüyü və ya bildiyi bir hadisəni sosial şəbəkələrdə yaymaqla bilavasitə xəbər istehsalçısına çevrilir. Həmçinin, onun yaydığı xəbər, foto və ya video media orqanları tərəfindən də istifadə olunur. Bu proses getdikcə elə kütləvi şəkil alıb ki, artıq, bunun qarşısını almaq və ya peşəkar mediadan ayrı tutmaq qeyri-mümkündür. Bu baxımdan, hazırda mediada özünü göstərən mənfi meyillər, keyfiyyətsiz xəbər təqdimatları ilk növbədə vətəndaş jurnalistikasından qaynaqlanır”.

Baş redaktorun fikrincə, xəbər istehsalında kəmiyyətə və operativliyə üstünlük verilməsi internet mediası ilə bağlıdır: 

"Televiziyalar və qəzetlər konkret saatlarda çalışdıqları üçün həmin müddətdən maksimum istifadə edərək daha keyfiyyətli, diqqətçəkən materialları seçirlər və onu keyfiyyətli şəkildə təqdim etməyə vaxt da olur. İnternet mediasında isə "eksklüzivlik” amili keyfiyyəti və xəbərlərin redaktə və korrektədən keçirilərək təqdim edilməsi prosesini ikinci plana atır. Mən əvvəl düşünürdüm ki, bu xaotik vəziyyət daha çox bizdə özünü göstərir. Ancaq yaxından izlədiyim Türkiyə mediasında da bu kimi hallar mövcuddur. Əlbəttə, media statusunda çıxış edən xəbər istehsalçıları keyfiyyətli, cəmiyyətin yararına olan informasiya siyasəti aparmağa borcludurlar. Ancaq burada da konkret sərhədlər olmadığı üçün məsələ qalır fərdi məsuliyyətə”.

"Azadinform.az” saytının baş redaktoru Niyaz Niftiyev bildirib ki, media auditoriyanı öz arxasınca aparmaq qabiliyyətinə malik olmalıdır:

"Əlbəttə, söhbət peşəkar mediadan gedir. Peşəkar media cəmiyyəti maarifləndirici xəbərlərə öyrəşdirməlidir. Bütün dövrlərdə kriminal və açıq-saçıq xəbərlər oxucunun maraq dairəsində olub. 20 il əvvəl də belə idi, bu gün də belədir. Təəssüf ki, bizim internet media daha çox bu xəbərlərlə oxucunu "maarifləndirir”, saytlara giriş sayının çoxluğunu görüb daha da irəli gedirlər. Bu isə bizim cəmiyyəti, xüsusən də gəncləri fəlakətə sürükləyir. İnsanların təfəkkürünü, onların ailəyə, ətrafına münasibətini mütaliə formalaşdırır. Xəbər oxumağın özü də mütaliədir, media bu yolla bilərəkdən və ya bilməyərəkdən oxucunu zombiləşdirir. Demokratiya, söz azadlığı, "kim nə istəsə yaza bilər”
prinsipini başa düşürük, amma bu imkanlardan düzgün istifadə etmək istedadına malik deyilik”. 

Baş redaktor deyib ki, hadisə varsa, deməli o, xəbərdir: 

"Hadisənin xəbərə çevrilməsi prosesində onun təqdimatına diqqət etmək vacibdir. Bu məsələdə vəziyyətdən asılı olaraq uşaq hüquqlarından tutmuş, gender məsələlərinə qədər, hətta cinayətkarın hüquq və vəzifələri belə nəzərə alınmalıdır. Təəssüf ki, bizdə bu kimi məsələlər hər dəfə diqqətə alınmır, xəbəri hay-küylə təqdim edib işimizi bitmiş hesab edirik.

Bu, birmənalı olaraq bəllidir ki, xəbər dəqiq deyilsə, onu yaymaq etik deyil. Əlbəttə, xəbərin etibarlılığı təmin ounursa, onun operativliyi media üçün vacibdir”.

N.Niftiyevin sözlərinə görə, sosial şəbəkələrdən istifadə edərək xəbər istehsal etmək mümkündür: 
"Amma mütləqdir ki, statusun və ya paylaşımın müəllifi ilə əlaqə yaradıb onun yayımına və yaxud da həmin adama aid olub-olmamasını dəqiqləşdirəsən. Bəzən tanınmış şəxslərin, vəzifə sahiblərinin adına saxta profil açıb xəbər paylaşırlar, medianın onu dəqiqləşdirmədən verməsi qeyri-ciddilikdir. Təəssüf ki, bəzən səhlənkarlıq edib onu da dəqiqləşdirmək istəmirik. Azərbaycanın bəzi internet media orqanları zəbt olunmaz vəziyyətdədir, nə qanun tanıyırlar, nə vicdan. Nəzarət yox, maarifləndirmə sıfır səviyyəsində, kim necə istəyir, elə də işləyir. Baş verənlər bu sahəyə yaxşı heç nə vəd etmir”.

"Report.az” saytının baş redaktoru Murad Əliyev hesab edir ki, hər bir redaksiya xəbər seçimi etməlidir. Gün ərzində axınla gələn informasiyalardan daha vaciblərini, cəmiyyət üçün aktual olanlarını seçib verməlidir: 

"İstənilən dövrdə auditoriya üçün şou tipli xəbərlər, məşhur şəxslər arasında olan qalmaqallar böyük marağa səbəb olur. Lakin bu o demək deyil ki, redaksiyanın işi auditoriyanın bu marağı üzərində qurulmalıdır. Hər bir oxucuya ilk növbədə onu narahat edən sosial problemlər, ölkədə və xaricdə baş verən mühüm hadisələr, son dövrlərdə isə ölkənin iqtisadi mənzərəsi barədə xəbərlər hava-su kimi lazımdır. Bu səbəbdən "auditoriya şou tələb edir” şüarı ilə qətiyyən razı deyiləm. Misal üçün, hər hansı saytda xəbər lentində müxtəlif sahə üzrə çalışan şəxsləri maraqlandıran 9 müxtəlif xəbər var və bir xəbər də hər hansı müğənni haqqındadır. Təbii ki, oxucu ilk növbədə daxil olur öz fəaliyyət istiqaməti üzrə maraqlı olan xəbəri oxuyur, sonra isə asudə vaxtında maraq üçün həmin o şou xəbərini "tıklayır”. Nəticədə hansısa müğənninin şəxsi həyatı barədə xəbər saytın ən çox oxunan xəbəri olur. Lakin bu o demək deyil ki, o xəbəri oxuyan şəxslərə həmin müğənni barədə məlumat öz sosial məsələlərindən daha vacibdir”. 

M.Əliyev deyib ki, o, təsdiqlənməmiş, xəyali mənbələrə istinadən verilən yazıları xəbər hesab etmir: 

"Belə xəbərlər həmin sayta gələcəkdə oxucu etibarını sarsıdır. Operativlik və etibarlılıq, - əsl peşəkar fəaliyyət bu iki sütun üzərində qurulmalıdır. Sosial şəbəkələri isə hesab edirəm ki, ağıllı formada istifadə etmək lazımdır. Bir çox mühüm şəxslər, qurumlar var ki, daha geniş auditoriyaya öz ismarıcını çatdırmaq üçün sosial şəbəkələrdən istifadə edir. Həmin məlumatları əlbəttə ki, xəbər kimi dərc etmək məqsədəuyğundur. Lakin hər hansı hadisə ilə bağlı istənilən şəxsin sosial şəbəkədə paylaşdığı mülahizəni xəbərə çevirmək cəmiyyətdə çaşqınlıq yarada bilər”.

(davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb