Uzun saç və saqqal qadağası...

Belə getsə, Naxçıvanda universtitetdə tələbə qalmayacaq

Məlahət Nəsibova: "Hətta təsəvvür edin ki, auditoriyada tələbələrdən birinci sinif şagirdləri kimi əyləşmək tələb olunur”

Səmayə Məmmədova: "Yunan tələbələrin 90 faizi saqqal saxlayır. Yunanlar da, türklər də saqqal

saxlamağı sevir. Heç kəs onlara irad bildirmir”

Naxçıvanda tələbələrə uzun saç və saqqal qadağası qoyulub. Bu barədə "Qaynar.info” saytı məlumat yayıb. Sayt xəbər verir ki, Naxçıvan Özəl Universitetinin tələbələri tətbiq olunan qadağalardan yazıb. Tələbələrin dediyinə görə, saçı bir balaca uzanmış, "formada” olmayanları dərsə buraxmırlar. Sayt adıçəkilən universitetin rəhbər şəxsləri ilə də əlaqə saxlayıb və onlar məlumatı qismən təsdiqləyiblər.

Rektorun köməkçisi Vüqar Ələkbərov tələbələrin saçlarının çox, üzlərinin tüklü olmamasına diqqət yetirdiklərini, bu şəkildə dərsə gələnlərə irad bildirdiklərini deyib. Rektor köməkçisi belə deyib: "Tələbə dərsə gəlirsə, heç olmasa, saçı qaydasında olmalıdır”. Universitetin prorektoru İbrahim Kazımbəyli isə "biz saçı uzun yox, saqqallı tələbələrlə görüşüb danışırıq və təbliğat aparırıq ki, universitetə bu şəkildə gəlmək düzgün deyil, səliqəli olsunlar”.

Naxçıvanda fəaliyyət göstərən jurnalist Məlahət Nəsibova isə "Şərq”ə açıqlamasında tələbələrə həqiqətən də basqı olduğunu dedi:

- Bu hal artıq xeyli müddətdir ki, hökm sürür. Hətta sizə deyim ki, ötən tədris ilindən bu anormal qadağalar tətbiq olunur. Təkcə, tələbələrə qarşı da yox, həmçinin bütün dövlət müəssisələrində çalışanlara qarşı. İstər tələbə olsun, istərsə də işçi, hamının saç düzümü qaydasında olmalıdır. Qaydasında deyəndə, yəni ki, sovet vaxtı məktəblilərdən tələb olunan saç düzümü. Sovet insanının saç düzümü. Saç alnı, qulaqlarının üstünü örtməməlidir, boynun ardı açıq olmalıdır, görünməlidir. Sadə, səliqəli. Heç bir modern üslub olmadan. Tələbə oğlanlar mütləq ağ-mavi köynək geyinməli, qalstukdan istifadə etməli, köynəklər mütləq uzunqol olmalıdır. Qısaqol köynəklərə də icazə verilmir. Hətta sürücülərə də bu qadağalar tətbiq olunur. Qadınlara qarşı da eyni qadağalar mövcuddur. Qadın müəllimlərin ətəkləri uzun olmalıdır, qısa ətəklərə icazə verilmir. Qadınlar da qısaqol köynək geyinə bilməz. Hətta köynəkləri o dərəcədə uzun olmalıdır ki, qollarını qaldıranda ətəyin belindən yuxarı çıxmasın. Naxçıvan artıq "avropalaşıb”. Hamını standart şəklə, qəlibə salırlar. Deyirik, təhsildə Bolonya sisteminə keçmişik. Ancaq bu, sözdədir. Bolonya sistemində tələbənin səviyyəsi geyimlə ölçülmür. Tələbələr internetə daxil olur, sosial şəbəkələrə baxırlar, Avropa təhsil sistemini, tələbələrin yaşayışını görürlər. Avropa təhsil sistemində heç bir ali məktəbdə tələbəni geyiminə, saç düzümünə, hətta saqqalına görə də dərsdən kənarlaşdırmırlar. Bu, absurddur. Tələbə uşaq deyil, tam hüquqlu vətəndaşdır. Onun hansı saç düzümündə dərsə gəlməsinin təhsilə nə aidiyyəti var? Hətta təsəvvür edin ki, auditoriyada tələbələrdən birinci sinif şagirdləri kimi əyləşmək tələb olunur. Tələbələrə basqılar böyükdür. Ona görə də Naxçıvan gəncləri daha çox Bakı və Türkiyə ali məktəblərini seçirlər ki, basqıdan qurtulsunlar. Belə getsə, Naxçıvan universitetlərində tələbə qalmayacaq. Hamısı qaçacaq.

Mövzu ilə bağlı Avropa təhsilinə bələd olanların fikrini öyrəndik.

Bir il müddətində İngiltərənin Nyu-Kasl Universitetində magistr təhsili almış Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Avropada tamam fərqli yanaşma olduğunu dedi:

- Orda tələbəni geyiminə, saçın uzun və ya qısa olmasına, üzünün tüklü olmasına görə dərsdən kənarlaşdırmaq halı yoxdu. Bu, absurd olar. Mənim təhsil aldığım universitetdə ən müxtəlif ölkələrdən tələbələr təhsil alır. Hər ölkənin özünəməxsus geyim tərzi var. Başı örtülüsü də var, qapalı geyinəni də, açıq geyinəni də. Uzun saçlısı, uzun saqqallısı da vardı. Məsələn, yunan tələbələrin 90 faizi saqqal saxlayır. Yunanlar da, türklər də saqqal saxlamağı sevir. Heç kəs onlara irad bildirmir. Belə münasibət təkcə universitetlərlə bağlı deyil, mən işimlə əlaqədar müxtəlif ölkələrdə treninqlərdə də olmuşam. İştirakçılar arasında uzun saqqallısı da olub. Ümumiyyətlə, Avropada tolerantlıq var. Avropalı tələbələri geyim məsələsində bizimkilərdən fərqləndirən əsas cəhət onların daha sadə, daha rahat geyimlərə üstünlük verməsidir. Avropada bahalı paltar geyinib dərsə gələnlərə mənfi baxarlar. Çünki bahalı, bəzək-düzəkli geyimin istifadə yeri başqadır. Avropada insanlar rahatlığa, təbiiliyə üstünlük verir. Tələbə üçün öncə təhsildir, geyim, saç düzümü yox. Avropa təhsilində də belədir. Öncə təhsil.