“Səhiyyə Nazirliyi dərman satan orqan deyil”

Professor ölkəmizə preparatları gətirən şirkətləri ittiham edir


Son günlər apteklərdə dərman preparatlarının qıtlığı müşahidə olunur. Paytaxtımızda Rusiya və Avropa istehsalı olan dərmanların satışı dayandırılıb. Yaxın zamanlara kimi belə problem yaşanmasa da, birdən-birə apteklərdə dərmanlar sanki qeybə çəkilib. Maraqlıdır, dərman bazarındakı durum nə ilə əlaqədardır?

Millət vəkili Fazil Mustafa da ölkəmizdə dərmanların satışındakı problemlərin şahidi olduğunu deyib. Deputat aptekə dərman almağa girdiyini və orada satıcı xanımların fəryad qopardığını qeyd edib:

"Deyirlər ki, "artıq iyirmi gündür ki, heç bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İş o həddə çatıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi "Sitramon”, "Korvalol”, "Valerian”, vitaminlər, heç nə yoxdur. Xahiş edirik, bizə kömək edin”. Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm”.

Deputat insanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələrə səbəb ola biləcəyini də vurğulayıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla dərman qıtlığının yaranmasına münasibət bildirib. Onun sözlərinə görə, ölkəmizdə dərmanların qiymətinə Tarif Şurası cavabdehdir. Professor dərmanların apteklərdən yoxa çıxması ilə bağlı məsələlərin Milli Məclisdə müzakirə olunmasının vacibliyini bildirib: 

"Əslində dərman bazarında qıtlığın yaranması Azərbaycanda səhiyyəni tənzimləyən beynəlxalq sistemin olmamasıdır. Səhiyyə Nazirliyi dərman satan orqan deyil. Baha olmasına baxmayaraq, bir çox dərman preparatları yoxa çıxıb. Nə oldu yapışırlar Səhiyyə Nazirliyindən. Səhiyyə Nazirliyi dərman idxal eləmir”.

A.Qeybulla dərmanların ölkəmizə bir çox şirkətlər tərəfindən gətirildiyini və onların yoxa çıxması ilə bağlı məsələlərdə həmin şirkətlərin cavabdehlik daşıdığını deyib. Professor həmçinin azad rəqabət sisteminin yaradılmasının vacibliyini vurğulayıb: 

"Əgər bu sistem yaransa, məsələ həllini tez tapacaq. Qoy dərman satışını həyata keçirən şirkətlər gəlib cavab versinlər. Dərman bazarı monopoliyadadır. Dövlət dərman idxal eləmir. Dövlət yalnız onkoloji, şəkərli və talassemiyalı xəstələrin dərmanlarının idxalı ilə məşğuldur. Təbii ki, bu da dövlət proqramına daxil olduğu üçündür”.

Dərmanların satışının dayandırılması ilə bağlı "Şərq”ə açıqlama verən həkim-terapevt Şəmsiyyə Namazlı isə preparatların yoxa çıxmasına səbəb kimi onların yeni qiymətlərlə tənzimlənəcəyini deyib:

"Səhiyyə Nazirliyi dərmanların valyuta ilə xaricdən alındığı üçün preparatların dollar kursuna görə tənzimləndiyini bildirmişdi. Adətən bahalaşma gözlənəndə bir müddət dərmanların satışı saxlanılır. Onların qiymətlərində bazara uyğun olaraq yenilik edilir. Düşünürəm ki, dərmanların satışının dayandırılmasına səbəb bu amildir”.

Yeganə Bayramova