İnsan, həyatı boyunca hər gün hamı ilə, özü də fərqində olmadan, bədən dilini istifadə edir. Bədənimiz, hadisələrə və vəziyyətlərə daha çox özbaşına reaksiyalar verir. "Bədən dili”ndə ən vacib nöqtə, məlumat axınının davamlılığıdır. İki, ya da daha çox insan bir yerə yığıldığı zaman "bədən dili” dövrəyə girər. Bu mesajlar qarşılıqlı olaraq göndərilər və qəbul edilər. Göndərdiyimiz mesajlar fasiləsiz olaraq qarşıdakı insana çatmaqda və haqqımızda qənaət meydana gəlməkdədir. Eyni zamanda biz də qarşıdan davamlı mesaj alaraq qiymətləndiririk.
Bədən dili haqqında çox danışmaq olar. Ünsiyyət prosesində insanın özü belə hiss etmədən ən çox istifadə etdiyi bədən dili əslində düşüncələrimiz, xasiyyətimiz haqqında bizə çox şey deyir.
Tədqiqatlar da göstərir ki, ünsiyyət zamanı cəmi 7 % informasiyanı biz sözlərlə, 38%-i isə səs tonu ilə ötürürük. 55% informasiyanı isə bizim bədən dilimiz verir. Deməli, bədən dilindən düzgün istifadə etməklə səmərəli ünsiyyətin qurulmasına nail olmaq olar.
Bədən dili haqqında Sherg.az-a geniş danışan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi Anar Həsənovun fikirlərinə görə, bəzilərimiz qarşı tərəfə hisslərimizi, düşüncələrimizi sözlərlə anlatdığımızı, ancaq gözəl quruluşlu cümlələrlə fikirlərimizi ifadə etdiyimizi düşünürük. Amma, əslində qarşımızdakı insana sözlərimizdən çox bədən dilimiz məlumat verir. O deyir ki, hətta bəzən bədən dilimiz bizim gizlətdiyimiz, biruzə vermək istəmədiyimiz düşüncəmizi də qarşı tərəfə bildirir:"Nə qədər çalışsaq da, bəzən sözlərimiz qarşı tərəfə inandırıcı gəlmir, təbəssümümüz süni təsir bağışlayır, məmnun etmək istədiyimiz insan narazı qalır. Bütün bu kimi hallara səbəb olan bizim qeyri-verbal sözlərimiz, yəni bədən dilimizdir.
Əbəs yerə demirlər ki, ehtiyatlı olun, bədəniniz danışır!
Bədən dilini bilməklə biz qarşımızdakı insanın əsl, gerçək düşüncəsini, hisslərini və niyyətlərini anlaya bilərik. Bu dili bildikdə, həm də öz bədən dilimizi düzgün idarə etməklə anlaşılmazlıqlardan, qarşı tərəfin narazılığına səbəb olan hərəkətlərdən qaça bilərik”.
Mütəxəssis bədən dilinin gündəlik həyatımızda yerindən, hansı hərəkətlərin, mimikaların nədən xəbər verməsindən danışıb. O bildirib ki, bədən dili – mimika, jest, toxunuş, fiziki hərəkətlər, bədənin duruşu, tərz və s. vasitələrlə qurulan ünsiyyətdir. Əslində, hərəkətlər sözlərdən daha çox ifadə kəsb edir:
"Bir çox bədən dili elementlərinin açılışını qeyd etmək olar. Məsələn, qarşınızdakı insanın ünsiyyət zamanı hulqumunun tərpənməsi onun həyəcanından, yaxud yalan danışmağından xəbər verir. Bir əl bədənin qarşısından digər əli tutursa, bu özünə əminsizlik göstəricisidir. Əllərin açıq olması səmimilik, çarpaz şəkildə sinədə birləşdirilməsi isə özünü kimdənsə və ya nədənsə mühafizə etmək, neqativ münasibət duyğusudur. Bədən dilinə görə, tez-tez göz qırpmaq həyəcandan xəbər verdiyi kimi, gözü ovxalamaq utanmaq və ya yorğunluq əlaməti olaraq səciyyələnir. Çənəni sığallamaq şəxsin qərarı düşünmək, qiymətləndirmək cəhdindən irəli gəlir. Danışarkən üzə, o cümlədən ağıza, göza, qulağa, boyuna toxunmaq həqiqəti gizlətməyə cəhd etmək, əsəbi olmaq anlamına gəlir. Boyunu arxadan sığallamaq təhlükə hiss etməkdən xəbər verir. Əlləri arxada birləşdirmək özünə əminlik və ya hakimiyyətlilikdən, əllərinin içini ovxalamaq isə uğura ümid etməkdən xəbər verir. Dodaqları dişləmək həyəcan, danışmamaq niyyətidir, sıxılmış dişlər isə frustrasiya və əsəb göstəriciləri olan bədən dili hərəkətləridir. Tez və ya qəfil nəfəs almaq gördüyü. Eşitdiyi bir şeyə heyran olmaq, hətta şok vəziyyətinə düşməyin göstəricisidir. Nəhayət, tam boy üzrə qamətli duruş, hakimiyyət və rəhbərlik niyyətindən xəbər verir”.
"Bədən dili vasitəsi ilə insanların ötürdüyü siqnalları anlamaq – çox faydalı sosial səriştədir” –deyən A. Həsənov qeyd edib ki, bəziləri bu siqnalları intuitiv oxuyur, digərləri isə ümumiyyətlə, oxumurlar. Amma bunları təcrübə və diqqəti səfərbər etməklə öyrənmək olar:
"Belə ki, işgüzar və şəxsiyyətlərarası münasibətlərin bilavasitə real forması məhz ünsiyyətdir.
İstər işgüzar, istərsə də şəxsi həyatda ünsiyyət qurmaq bacarığı vacib elementdir. Məhz düzgün ünsiyyət qurmaq bacarığı müxtəlif xarakterli və düşüncəli insanların özünüifadə etməsini, özünütəqdim etməsini, biri-birini qəbul və dərk etməsini, habelə, birgə fəaliyyət qurmasını təmin edə bilər.
Təbiidir ki, bədən dilini mükəmməl bilən insan bundan öz məqsədləri üçün istifadə edə bilər. Məsələn, müştəri və vətəndaş xidmətləri göstərilən yerlərdə əməkdaşlar müştərilərlə səmərəli ünsiyyət qurmaq üçün düzgün mimika və digər bədən dili elementlərindən istifadə etməlidirlər.
Hər birimizin müəyyən zaman kəsiyində problemlərimiz ola bilər ki, bunlar da gərgin psixoloji durumla nəticələnə bilər. Amma bu o demək deyil ki, biz bu vəziyyətimizi ətrafdakı insanlara göstərib onların da emossional durumunu çətinləşdirməliyik. Məhz bədən dilindən düzgün istifadə etməklə ətrafımızdakı insanların gözündə daha yaxşı təəssürat yarada bilərik”.
Psixoloq Fərqanə Mehmanqızı isə bədən dilindən danışdıqda bir çox şeyləri diqqətə almaq lazım olduğunu vurğulayıb.
O, deyir ki, bədən dili psixologiyanın bir qolu olaraq özünü hər bir hadisədə göstərə bilir. Psixologiya elminin sirlərinə malik olmayan birinin sadəcə əzbər olaraq bədən dilini öyrənməsi səhv nəticələnə bilər:
"Jestler insanın o ankı psixoloji durumundan, emosiya, həyəcan, sevinc, kədər qorxusundan geniş məlumat verə bilər. Lakin bunu da müəyyən qaydalara istinad edərək izləmək və nəticələrə gəlmək lazımdır. Ümumiyyətlə, insanın ruh halı, psixoloji durumu fiziki duruşuna sirayət etdiyindən psixologiya ilə əlaqəsini görmək çətin deyil. Bədən dili münasibətlərimizdə çox böyük rol oynayır. Bədən dilinin sayəsində qarşımızdakı şəxsin emosiyalarını, hisslərini asanliqla anlayıb, buna uyğun davranırıq. O anki psixoloji durum hadisəyə və ya şəxsə aid münasibət özünü bədən dilində jeslərlə aydın göstərə bilər. Bütün bunlara baxmayaraq, emosiyalarımızı, hiss həyacanlarımızı nəzarətdə saxlayıb, jestlərimizi məqsədyönlü idarə edə bilərik. Bu böyük iradə, səbr və adət halına gətirilə bilən təcrübə ilə olur. Bunun üçün hisslər ikinci plana keçməli məntiq düşüncədə əsas rol oynamalıdır”.
F. Mehmanqızının sözlərinə görə, insanların adət halında işlətdiyi jestlər onların xarakterinə hoparaq, artıq şəxsiyyətindən xəbər verə bilir:
"Məsələn, emosional insanların həyəcan zamanı əllərinin əsməsi, melonxoliklərin sanki donub, qalmağı kimi halları qeyd edə bilərik. Adətən pasientlər əvvəl utancaqlıqdan psixoloq qarşısında sıxılaraq əyləşir. Daha sonra isə relaks oturaq vəziyyət və güvəndiyini hiss etdirən jestlərlə danışmağa başlayır. Təbii ki, biz bu jestləri bildiyimizdən, nəzərə alıb, buna uyğun davranırıq. Hər şəxs özünü idarə etməyi öyrənməlidir. Bu xüsusi ilə ən emosional anlarda vacib hala çevrilir. Çünki jestlər onlar haqqında yalnış məlumat verə bilər. Jestlər danışarkən bizim fikirlərimizin təsdiqi üçün gərəklidir və qarşındakına təsir etmək imkanını artırır. Jestlər dünyada müxtəlif cür tərcümə oluna bilir. Bizim üçün "hər şey yaxşıdır” anlamını verən jest müəyyən ölkələrdə təhqir kimi qəbul edilir. Ona görə də jestlərin istisnaları duruma və şəxsə görə dəyişilir. Məsələn, insan yalan danışarkən tez-tez əlini burnuna aparır. Amma burada bir məsələ var. Bəzi insanların bu adətidir, danısarkən əlini burnuna toxundurur. Deməli, biz yalnış məlumat ala bilərik. Bunun kimi bir çox misallar gətirmək olar. Ona görə, hər kəs jestlərin psixoloji durumla uzlaşmasını bilmədən nəticəyə gələ bilməz”.
Aysel Aslan