Müəllimlərin əmək haqqı 2 dəfə artacaq

1 şagirdə düşən illik xərclər 2 dəfə artırılacaq


Ölkə prezidenti tərəfindən yeni təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması nəzərdə tutulub.

lent.az-ın verdiyi məlumata görə, strategiyada təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması, təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması, təhsil tədqiqatlarının yeni maliyyələşmə mexanizminin tətbiqi, mülkiyyət formasından asılı olmayaraq müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi nəzərdə tutulub.

Strategiyaya əsasən, tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılacaq, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sistemi yaradılacaq, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılması stimullaşdırılacaq, aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə maddi dəstək sisteminin təşkil olunacaq.

Strategiya həmçinin müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılmasını, onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılmasını, müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılmasını, təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunmasını, təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsini, məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsasda müvafiq xidmətlərin (dərs və ya təlim vəsaitləri və s.) göstərilməsini nəzərdə tutur.