Kreml Lapşinə olan münasibəti niyə Dilqəm Əsgərova göstərmədi...

Axı ermənilərin girov götürdüyü Dilqəm də Rusiya vətəndaşıdır





Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Aleksandr Lapşinin gələcək taleyi istintaqın nəticəsindən asılı olacaq: "O, qanunları pozub və bu səbəbdən cinayət işi başlanılıb, nəticədə İnterpol xətti ilə axtarışa verilib. Bloggerə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və son qərarı da məhkəmə verəcək”.

Göründüyü kimi, rəsmi Moskva ikili vətəndaşlığı olmasına rəğmən, blogger Lapşini öz vətəndaşı sayır və onun hüquqlarının ən yüksək səviyyədə müdafiəsi üçün canfəşanlıq göstərir. Xüsusən bu prosesdə İsrail dövləti ilə birlikdə sistemli iş aparır. Ancaq təəssüflər olsun ki, Rusiya tərəfi bu cür "isti” münasibəti heç də bütün vətəndaşlarına göstərmir. Üçlü vətəndaşlığı olan Lapşinə görə böyük narahatlıq keçirən, onun hüquqlarını ən yüksək səviyyədə müdafiə edən Kreml təmsilçiləri nəyə görəsə ermənilərin əlində girov olan Rusiya vətəndaşı Dilqəm Əsgərov barədə arzuolunan tədbirlərə əl atmayıblar. Azərbaycan tərəfi D.Əsgərovun Rusiya vətəndaşı olması, qeyri-qanuni həbs edilməsi ilə əlaqədar bütün beynəlxalq instansiyalara, həmçinin, Rusiya diplomatik nümayəndəliklərinə müraciət etsə də, heç bir nəticə hasil olmayıb. İkili standartlardan çıxış edən rəsmi Moskva öz vətəndaşı D.Əsgərovun taleyinə açıq-aşkar biganəlik nümayiş etdirib. Vətəndaşının müdafiəsi üçün vəkil belə təyin etməyib. Təəssüf ki, bu biganəlik indi də davam etdirilməkdədir.

Rusiyanın ikiüzlü siyasəti ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, Dilqəm Əsgərovla bağlı son iki ayda Rusiya rəhbərliyinə iki dəfə müraciət ünvanlayıb: 

"Rusiya rəhbərliyinə sual ünvanladım ki, əgər Dilqəm Əsgərov azərbaycanlı deyil, başqa bir millətin nümayəndəsi olsaydı, Ermənistanda və yaxud digər ölkədə əsir düşüb, işgəncələrə məruz qalsaydı, onda Moskva hansı reaksiyanı verərdi?! Təbii ki, Rusiya bütün imkanlarını səfərbər edib vətəndaşının azad olunmasına çalışacaqdı. Lakin Kreml, ermənilərin əlində girov olan Dilqəm Əsgərov Rusiya vətəndaşı olmasına baxmayaraq, onun taleyinə biganə yanaşır. Onun hüquqlarının müdafiə olunması istiqamətində heç bir addım atmır. Bu bir daha göstərir ki, Rusiya hətta vətəndaşlarını belə dininə, irqinə və dilinə görə qruplara bölür”. Deputat bildirib ki, dediklərinin hamısı Aleksandr Lapşinin timsalında öz təsdiqini tapıb: "Baxın, Rusiya Lapşin məsələsində necə canfəşanlıq edir. Onun hüquqlarının müdafiəsi üçün nəinki dövlət səviyyəsində, eyni zamanda cəmiyyətdə də müdafiəsi təşkil edilir. Axı D.Əsgərov da sənin vətəndaşındır. Niyə onun müdafiəsinə qalxmırsan?! O ki hansısa qanunları pozmayıb. Lapşin isə beynəlxalq hüquqla yanaşı, Azərbaycan qanunvericiliyini kobud surətdə pozaraq, işğal altında olan torpaqlara səfər edib. Bu azmış kimi Azərbaycan əleyhinə ciddi qanun pozuntularına yol verərək kampaniya aparıb”. E.Məmmədovun fikrincə, Aleksandr Lapşin kimilərə elə layiqli cəza vermək lazımdır ki, onun timsalında digər şəxslərə dərs olsun: "Lapşinlər bilməlidirlər ki, onların qanunsuz hərəkətləri cəzasız qalmayacaq və nə zamansa, buna görə hesab verəcəklər.

İsmayıl