Müdafiə nazirinin addımları dəstək qazanır

Ekspertlərin bu istiqamətdə təklifləri də var

Müdafiə naziri vəzifəsinə təyin olunan Zakir Həsənovun kadr dəyişikliklərinə başlaması ictimaiyyətdə müzakirə predmetinə çevrilən başlıca mövzulardandır. Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyevin vəzifəsindən azad edilərək, general-mayor Ramiz Tahirovla əvəzlənməsi, sözügedən qurumun mühəndis-istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyevin tutduğu postdan uzaqlaşdırılması bəzi ictimaiyyət nümayəndələri tərəfindən müsbət dəyərləndirilməyib. Amma kadr islahatlarını təqdir edənlərin sayı əks mövqedə dayananlardan çoxdur.

Yeni nazirin addımlarını dəstəkləyən "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli Milli Orduda çox ciddi problemlərin olduğunu və bundan sonra da təxirəsalınmaz islahatlara ehtiyac duyulduğunu qeyd edib: "Fikrimcə, Z.Həsənov islahatlarını davam etdirməlidir. Şəxsi heyətin təcili yerdəyişməsinə başlanılmalıdır. Savadlı zabitlərin irəli çəkilməsi və məsuliyyətli vəzifələrə təyin olunması zəruridir. MN-in idarə rəislərinin xidməti yoxlanılmalıdır. Xüsusilə də maddi-texniki təminat və maliyyə idarələrinin, tərbiyə işləri idarəsinin fəaliyyəti yoxlanılmalıdır”. Ordudan korrupsiya və rüşvətxorluq yığışdırılmalıdır. Zabitlərin hərbi hissələrdə öz hesablarına təmir aparmaları hallarına son qoyulmalıdır. Əsgərin dərdini öyrənən səmərəli mexanizm yaradılmalıdır. Əsgər ölümlərinə səbəb olan hallar aradan qaldırılmalı və problem dərindən öyrənilməlidir”.

Mərkəz direktorunun qənaətinə görə, Silahlı Qüvvələrdə NATO standartlarına uyğun ciddi ştat-struktur islahatları başlanılmalıdır: "Parlament və cəmiyyət qarşısında hesabatlılıq təmin olunmalıdır. Orduya demokratik nəzarət bərqərar olmalıdır. Hərbi qulluqçuların sosial təminatı, zabitlərin mənzillə təminatı problemləri araşdırılmalı və həllini tapmalıdır. Hərbi qulluqçuların məvaciblərinin artırılması istiqamətində hökumətə təkliflər hazırlanmalıdır”.

C.Sümərinli onu da əlavə edib ki, MN tərəfindən hərbçilərlə bağlı çıxarılmış məhkəmə qətnamələrinin yerinə yetirilməsinə başlanılmalıdır: "Burada söhbət hərbi qulluqçulara əmək haqlarının 3-cü qatının, əşya-əmlak kompensasiyalarının və məzuniyyət pullarının verilməsindən gedir. Hərbi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanmalı, sovetlərdən qalma qanunların dəyişdirilməsi işinə töhfə verilməlidir”.