Heydər Əsədov maliyyəçidir, kənd təsərrüfatını dirçəldə biləcəkmi?

İqtisadçı-ekspertlərin gözləntiləri birmənalı deyil

 


Oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamına əsasən Kənd təsərrüfatı naziri İsmət Abbasov vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə Hesablama Palatasının sədri Heydər Əsədov təyin edildi. Son günlərdə ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də kənd təsərrüfatındakı nazir dəyişikliyidir.

Keçmiş nazirin dövründə qurumun fəaliyyətini şərh edən iqtisadçılar İ.Abbasovdan xeyli gileylənirdilər. Bəs görəsən, indiki nazir haqqında ekspertlər nə düşünürlər? Yeni nazir kənd təsərrüfatı sektorunda mövcud olan problemləri aradan qaldıra biləcəkmi?

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, yeni nazir H.Əsədovun uzun müddət hökumətdə təmsil olunması və yeni ideyalarla çıxış etməsi ona bu sahənin idarə edilməsinə imkanlar verir: "Həmçinin nəzərə alsaq ki, yeni nazir maliyyə sektorunda çalışıb, o zaman yeni təyinat aqrar sektorda maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, subsidiyaların verilməsində yeni mexanizmlərinin müəyyən edilməsi, kənd təsərrüfatı sahəsində kooperativlərin yaradılmasına şərait yaradacaq”. V.Bayramov yeni nazirin ixtisasından asılı olmayaraq onun aqrar sahənin maliyyələşməsinə töhfələr verə biləcəyi qənaətindədir. Bu sahədəki problemlərə toxunan iqtisadçı bildirib ki, aqrar sektorda çalışan insanların maliyyələşməsinə ciddi ehtiyac var: "Maliyyəçinin bu sahəyə rəhbərlik etməsi maliyyələşmə mexanizminin təkmilləşməsinə töhfə ola bilər. Həmçinin subsidiyaların verilməsində şəffaflığın artırılması da çox vacibdir. Digər tərəfdən, kooperativlərin yaradılması, istehsalın artırılması, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi qarşıda duran prioritet məsələlərdəndir”.

Heydər Əsədovu yaxşı tanıdığını deyən iqtisadçı-ekspert Nazim Məmmədov vaxtı ilə Milli Məclisin iclaslarında indiki nazirə çox iradlar tutduğunu qeyd edib: "Hesablama Palatasının ilkin fəaliyyətində müsbət irəliləyişlər olsa da, sonrakı dönəmlərdə bu qurum heç bir iri nazirliklərdə yoxlama aparmırdı. Açığını desək, bu vəziyyfət insanlar tərəfindən mənfi qarşılanırdı. Ancaq ümid edək ki, H.Əsədov əvvəlki iradlardan nəticə çıxardacaq və yeni vəzifəsini layiqincə idarə edəcək”.

Ekspertin sözlərinə görə, əsas məsələ odur ki, bu sahədə kifayət qədər islahatlar aparılmalıdır: "Nazirin kimliyi önəmli deyil. Fikrimcə, Meliorasiya və Su Təsərrüfatı, Torpaq və Xəritəçəkmə Komitəsi Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməli və vahid bir idarəetmə prinsipi həyata keçirilməlidir. Çünki bu qurumların hamısının funksiyası ilə KTN onsuz da məşğuldur. Bu baxımdan nazirliyin indiki şəkildə, yəni sovet dövründən qalma kolxoz-sovxoz strukturu ilə idarə edilməsi qəbuledilməzdir. KTN-dən başqa bütün qurumların kənd təsərrüfatı ilə məşğul olması qadağan olunmalıdır”.

Ekspert Vahid Məhərrəmov isə yeni nazirin bu sahə üzrə peşəkar olmadığını deyib: "Onun təhsilinin kənd təsərrüfatı sahəsinə aidiyyəti yoxdur. Kənd təsərrüfatı naziri aqrotexnikanı bilməli, ümumiyyətlə, bu sahənin adamı olmalıdır. Dövlət proqramı və prioritetlər müəyyən ediləndə hansı sahələrə daha ciddi fikir vermək lazım olduğunu bilməlidir. Bir çoxları deyə bilər ki, nazir aqrar siyasət aparacaq və onun detalları bilməsinə ehtiyac yoxdur. Ancaq Kənd Təsərrüfatı Nazirliyində yüksək səviyyəli peşəkar kadr yoxdur ki, nazir olmadan da onlar öz işinin öhdəsindən gələ və yerlərdəki mövcud problemləri həll edə bilsinlər”.

Əvvəlki nazirləri qeyri-peşəkarlıqda ittiham edən V.Məhərrəmov əlavə edib ki, sabiq nazirlərin əksəriyyəti bitkiyə "cins”, inəyə "sort” deyərək bu sahəni idarə ediblər: "Bu səbəbdən kənd təsərrüfatı naziri və onun müavinləri mütləq peşəkar olmalıdırlar”. Ekspert onu da əlavə edib ki, ölkənin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatını tamamilə ödəmək üçün bitkiçilik və heyvandarlığı inkişaf etdirmək prioritet götürülməlidir. Onun fikrincə, taxılçılığı inkişaf etdirmək prioritet sahə ola bilməz: "Çünki digər sektorları inkişaf etdirmədən taxılçılığı inkişaf etdirmək mümkün deyil. Həmçinin taxılçılıq o vaxt inkişaf etdiriləcək ki, növbəli əkin sistemi yaradaraq bu sistemin qaydalarına riayət olunacaq. Növbəli əkin sistemində də tərəvəz istehsalı, texniki bitkilərin inkişafı və digər məqamlar kompleks nəzərə alınmalıdır”.