Müəllimin ictimai portretində tünd boyalar...

Dövlət Strategiyası ilə onun nüfuzunun artırılmasında yeni səhifə açılmalıdır




Çoxdan gözlənilən, nəhayət ki, prezidentin sərəncamı ilə təsdiq olunan Təhsilin inkişafı üzrə Dövlət Strategiyası bu sektorda gərəkli islahatların başlanması üçün ciddi təməl rolunu oynayır. Sənəddə hər biri özü-özlüyündə maraqlı olan kifayət qədər məsələlər təsbit olunub, onların içərisində müəllimin ictimai nüfuzunun artırılması diqqəti xüsusi cəlb edir.

Bu məqamın sənəddə öz əksini tapması o deməkdir ki, müəllimlik peşəsinin gözdən düşməsi, subyektiv mülahizələrə dayanmır. Təkzibolunmaz faktlara söykənən gerçəklikdir və bu mənzərənin yerinə bambaşqa bir mənzərənin qoyulmasına ciddi ehtiyac yaranıb.

Tarixdən bilirik ki, dünyanın ən güclü imperatorları, böyük bir coğrafiyanı vahid dövlət adı altında birləşdirən cahan fatehləri özlərinin cismani həyatları üçün valideynlərinə, ləyaqətlə yaşadıqları, dünyanın sirrinə, hikmətinə vaqif olduqları üçünsə müəllimlərinə minnətdar olublar. Ən yaxşı müəllim üçün ən qiymətli ləl-cəvahirat onun cəmiyyətə təqdim etdiyi yetirmələri, ən kamil və çeşmə kimi qaynayan insan üçün ən güclü məbədgah isə onun ustadıdır. Təəssüf ki, test sistemi ilə hər il keçirilən qəbul imtahanlarında tələbələrin səviyyəsi ilə onları yetişdirən müəllimlərin də səviyyəsi üzə çıxır...

Baxmayaraq ki, sovet təhsil sistemində də müəllim ən az əmək haqqı alan kateqoriya idi, valideyn ona hədiyyə rüşvəti verirdi, şagird ali məktəb üçün tələb olunan biliklərə dərs prosesində gərəyincə yiyələnə bilmədiyi üçün repititor fəaliyyətindən (kütləvi olmasa da) istifadə edirdi, müəllimə iltifat, etimad güclü idi, müəllim hər insanın munis xatirəsiydi, nüfuzu bu qədər aşağı düşməmişdi. Əski sistemlə yeni sistem arasındakı fərqi ifratçılıq yaratdı.

Danılmaz faktdır ki, son illərdə müəllimin obrazı üç təsnifat üzrə formalaşdı:

- müəllimin rüşvətxor obrazı

- müəllimin miskin obrazı

- müəllimin müdrik obrazı

Misir Mərdanov təhsil sisteminə uzun müddət rəhbərlik etdiyi üçün bu sahədəki qüsurlar da hələ ki daha çox onun idarəçiliyi ilə bağlanır. Yalan deyil ki, müəllimin işə qəbulu savad, təcrübə, pedaqoji keyfiyyətlər parametrləri ilə deyil, daha artıq dərəcədə himayədar, ya da rüşvət meyarları ilə reallaşırdı. Yalnız idrakı, elmi bazası olan müəllimlərin sayəsində cəmiyyətdə müəllimin ənənəvi müdrik obrazının nisbətən qorunub saxlanması mümkün oldu. Ali təhsil müəssisələrində yetərli səviyyədə yetişməyən gənc nəslin müəllim statusunu asanca əldə etməsi, beləliklə, orta və ali məktəblərdə təhsilin tədrisinin qeyri-savadlıların əlində olması, üstəlik, müəllimin ən aşağı əməkhaqqı alan kateqoriyada yer tutması onun miskin obrazını yaratdı. Müəllimi cəmiyyətdə nüfuzsuz edən başlıca faktor onun məktəbdəki funksiyalarından birinin süpürgəpulu yığmaq olması və nisbətən böyük həcmdə rüşvət alması idi. Köhnə nazir görəndə ki, bu hal onun özünün nüfuzuna çox pis bir zərbə vurur, o zaman pul yığımı mədəni bir formaya salındı-yəni hər sinif üçün ehtiyat fond modeli düşünüldü və valideyn komitələri rüşvət kampaniyasının əsas iştirakçısına çevrildi. Beləcə guya müəllimin adının üzərindən rüşvətxor adı götürüldü, halbuki rüşvəti toplayan təşkilatçı dəyişdi, mahiyyət isə olduğu kimi qaldı.

Məktəblərə savadsız muəllim axınının qarşısını almaq məqsədilə müəllimlərin işə qəbul qaydalarının yeni tələblərlə şərtlənməsi də şəffaf seçim üsulu olmadı. Pul yığımında və işə qəbulda həyata keçirilən islahatların dekorativ xarakter daşıması müəllimin adı üzərinə düşən ləkələrin təmizlənməsinə kömək etmədi. Yeri gəlmişkən, bu günlərdə Pedaqoji Universitetdə keçirilən aksiyasının mahiyyətində simestr imtahanlarının test üsulu ilə götürülməsini yazılı üsula dəyişmək istəyən müəllimlərin rüşvət dalğasını başlatmalarına etiraz dayanırdı. Rüşvətlə yetişən gələcək pedaqoqların fəaliyyəti də elmi-mənəvi prinsiplərə deyil, təbii ki, maddi prinsiplərə dayanmalıdır. Neçə illərdir, müəllimin portreti, bax beləcə tünd boyalarla çəkilir, onun bioqrafiyası ənənəvi mənfiliklərlə yazılır. Müəllim təhsilin simvolu olmaqdan çıxır, bu zümrənin böyük əksəriyyətindən gəncliyin üzərinə işıq yox, qaranlıq düşür. Görünən odur ki, Misir Mərdanovun xələfinin bu mənzərəni dəyişməyə hələlik gücü çatmır.

Lakin təhsilin inkişaf strategiyası ilə müəllimin ictimai nüfuzunun artırılmasında yeni səhifə açılmalıdır. Çünki strategiya bunu hədəflərdən biri kimi müəyyənləşdirir. Bəs, müəllimin reytinqinin yüksəlməsinə konkret hansı amillər təsir göstərə bilər? Şübhəsiz ki, ön sıraya maddi amil çıxır. Müəllimin valideyndən maddi asılılığı, adının qarşısındakı "təmənna” sözü yerli-dibli itməyincə, ictimai nüfuzun artırılması boş söhbətdir. Belə görünür ki, müəllimlərin əmək haqlarının yüksəldilməsi ənənəvi qaydada ayrıca prezident sərəncamları ilə deyil, bu təbəqənin dövlət qulluğu statusuna keçirilməsi ilə tənzimlənəcək. Çünki bir müddət əvvəl qanunverici orqanda ilkin müzakirələr gedib və əgər konkret qərarlar veriləcəksə, müəllim ölkədə yüksək maaş alan kateqoriyaya daxil olacaq. Hökumət bununla, eyni zamanda, savadlı müəllimlərin işə qəbulu məsələsini də həll etmiş olur. Çünki dövlət qulluğu imtahan qaydasında həyata keçirilir, bu, müəllimlərin işə qəbulu ilə bağlı mövcud qaydalardan daha mütərəqqi və optimal üsuldur, eyni zamanda, əlverişli rəqabət mühitini formalaşdırır.

Müəllimin ictimai nüfuzunun artmasını onun dövlət qulluqçusu maaşını aldıqdan sonra nə dərəcədə gözü tox olması, həm də ləyaqəti ilə savadının harmoniyası əsasında formalaşacaq şəxsiyyəti müəyyənləşdirəcək.