Qəddarlıq artır...

Bakıda manyaklar hardan çıxdı?



Ağlasığmaz, dəhşətli hadisələrin şahidi oluruq. Hövsanda qadın, Sumqayıtda pişik manyakı peyda olur. Qardaş bacısını zorlayır. Oğlan sevdiyi qızı, qayınata gəlini... Oğul atanı bıçaqlayır, nəvə nənəni, gəlin qayınananı... Bu müdhiş olaylar zəmanəmizin mənzərəsidi. Necə olur ki, xeyirxahlığı, şəfqəti, mehribanlığı ilə seçilən Azərbaycan insanı sadist, mozaxist, manyak sifətlərini rəva görür?

Psixoloqlar da, sosioloqlar da problemin kökünün cəmiyyətdə gedən deqradasiya prosesində olduğu fikrindədirlər.

Psixoloq Samir Əhmədov uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin düzgün aparılmadığını söylədi:

- Hər kəs bunu birdəfəlik yadında saxlasın ki, ailədə şiddət görən uşaqlarda şiddətə meyllik yaranır. Məsələ onda deyil ki, uşaq valideynləri tərəfindən döyülüb, yoxsa yox. Elə ata-analar var ki, uşağa bir çırtma da vurmur. Amma qadına qarşı şiddət edir. Evdə ana döyülür, söyülür. Bəzən də əksinə. Ata təhqirlərə məruz qalır. Kimlərsə tərəfindən. Uşaq beyni ağ kağızdır. Nə görürsə, onun yaddaşına həkk olunur. Sakit, mehriban münasibətlər olan ailələrdə böyüyən uşaqlar da ruhən sakit, təmkinli, səbrli olurlar. Hansı ailədəki uşaqlar daim fiziki zor müşahidə edir, döyülür və ya döyülmə səhnələri görür, böyüyəndə eyni hərəkətləri etmək onlar üçün çətinlik yaratmır. Artıq ortada nümunə var.

İnsanların hərəkətləri, davranışları onu əhatə edən sosial mühitdən asılıdır. İnsan cəmiyyətin bir parçasıdır. Cəmiyyət ona nə verirsə, o da cəmiyyətə onu qaytarır. Uşaq ilk növbədə ailədə, daha sonra cəmiyyətdə gördüyünü götürür. Törədilən əksər cinayətlərin səbəbi ailədə və insanı əhatə edən mühitdə axtarılmalıdır. Məsələn, istintaq zamanı cinayətdə təqsirli bilinən adamdan bu əməli hansı şəraitdə, hansı səbəbdən törətdiyi soruşulur. Çünki cinayətin başvermə səbəbi az önəm daşımır. Deyirlər, pişikləri tutub dərisini soyan adam ruhi xəstədir. Əgər bu həqiqətən belədirsə, o insan nəzarətsiz qalmamalı idi. O ya Ruhi-Əsəb Dispanserində olmalıdır, ya da evdə, qapalı bir şəraitdə və daimi nəzarət altında. Xatırlayırsınızsa, ötən il küçükləri tutub başlarını kəsən adamlar ortaya çıxmışdı. Gənclər idilər. Hərəkətlərinə belə don geyindirdilər ki, guya, it piyi ilə vərəm xəstəliyi müalicə olunur. Bunlar hamısı cəfəngiyyatdı. Həmin gənclər sadəcə, mənəviyyatsız idilər. Yolun ortasında küçə itini zopa ilə döyüb öldürən də it piyə axtarmırdı ki. İnsanlarda qəddarlıq artıb. Kiməsə əziyyət verməkdən, incitməkdən zövq alan insanlar var. Bu da sadizm əlamətləridir. Bu tip insanlar istənilən qəddarlığı etməyə hazırdır. Manyaklıq elə budur. İstər insana qarşı, istərsə də heyvana qarşı. Ümumiyyətlə, canlıya qarşı edilən qəddarlığın kökündə psixi pozğunluq, ruhi sarsıntı, mənəvi aşınma dayanır.

Əvvəllər Bakıda, ümumən Azərbaycanda qıza, qadına sataşmaq böyük günah, bağışlanmaz səhv sayılırdı. Əvvəllər, heç nişanlılar da gəzməyə çıxmırdı, el-obadan, məhəllədən utanıb əl-ələ də tutmurdular. İndi bu adət-ənənə də işləmir. Cəmiyyətimizdə mənəvi aşınma prosesi gedir. Bu da nəyin nəticəsidir, hər bir cəmiyyət 2 qadağa çərçivəsində yaşayır. Bunlardan biri qanunun qoyduğu qadağalardır, biri isə yazılmamış qanunlar. Bu da bizim bildiyimiz mentalitet, adət-ənənələrdir. Əvvəllər kiminsə qızına, arvadına sataşanda qan düşərdi, müəyyən sədlər var ki, insanlar onu keçməyə cürət etmirdilər, çünki düşünürdülər ki, mənim də anam var, bacım var. Demirəm ki, cəmiyyət bu qanunlarla idarə olunmalıdır, xeyr. Amma harda ki, yazılı qanunlar işləmir, orada yazılmamış qanunlar işləməlidir. İnsanları pis hərəkətlərdən çəkindərəcək nələrsə olmalıdır. Əks halda, banditizm baş qaldırır, onun ardınca da anarxiya yaranır. Cəmiyyətdəki susqunluğunu isə mən onun - cəmiyyətin apatiya vəziyyətində olması ilə əlaqələndirərdim. Cəmiyyətdə həm qorxu var, həm də süstlük. Hər kəs öz problemi ilə məşğuldur.

Sosioloq Əhməd Qəşəmoğlu da bu fikirdədir ki, problemlərin kökündə cəmiyyətin mənəvi proseslərə biganə qalması dayanır:

- Dünyada sürətlə qloballaşma prosesi gedir, ölkəmiz dünyaya inteqrasiya edir, sosial şəbəkələrdən kütləvi istifadələr geniş vüsət alıb. Belə bir zamanda biz mənəvi proseslərə daha çox diqqət ayırmalıyıq. Amma əfsuslar olsun ki, bu gün mənəviyyata mənfi təsir edən, müəyyən pozuntular yaradan amillərin sayı həddindən artıq çoxalıb. Bizim diqqətimiz isə azalıb. Ona görə də, mənəviyyatla bağlı problemlər cəmiyyətdə geniş vüsət alıb. Ailələrimiz korlanıb. Bugünkü Azərbaycan ailəsi artıq 20-30 il bundan əvvəlki ailə deyil. Azərbaycan ailəsinin özü də bu gün çox gərgin vəziyyətdədir, bunun özünə ciddi diqqət yetirilməlidir. Minillər boyu formalaşmış milli ailə institutu hazırda böyük problemlə üzləşməkdədir. Bu ailə institutunda ağsaqqal və ağbirçəklərin öz yeri, ata-ananın öz yeri, övladın isə öz yeri vardı. İstər hazırkı iqtisadi, istərsə mənəvi mühit ailələrin ənənəvi qaydada davam etdirilməsinə imkan vermir. Ailə hər bir şəxsiyyəti fərdi qaydada cəmiyyətə hazırlayan məktəbdir. Və bu gün bu məktəbdə mənəvi sarsıntı baş verib. Və ailələr artıq şəxsiyyətin cəmiyyətə inteqrasiya funksiyasını yerinə yetirə bilmir. Bu vəzifə əksər ailələrdə itib. Belə ailələrdə böyüyən uşaqlar da cəmiyyətə hazırlanmamış vəziyyətdə olduğu üçün onlar özlərini tapa bilmirlər. Şəxsiyyətə, mənəviyyata təsir edən faktorlar sırasında cəmiyyət və ailə ilə yanaşı internet, televiziyadan yayımlanan əxlaqsız, zoru, gücü, işgəncələri təbliğ edən filmlər, şit verilişlər də var. Soruşuram, bu gün hansı televiziya kanalında tərbiyəedici verilişlər var? Uşaq, yeniyetmə, gənc, eləcə də onların işsiz-peşəsiz anası, atası səhərdən axşama kimi seriallara baxırsa, biz onlardan nə gözləyə bilərik?! Bu insanlar övladına hansı tərbiyəni verə biləcək? Telekanallarda işgəncə, əzab, əxlaqsızlıq göstərilirsə, insan da ona istiqamətlənəcək. İntiharların da sayı artacaq, başqasına qarşı zorakılıq, əxlaqsız davranışların da. Bütün bunlar insanları artıq kiçik yaşlarından mənəvi aşınmaya məruz qoyur. İnsanlar, xüsusən də gənclər depressiyaya düşür. Əksəriyyəti də internet asılılığına düçar olanlardır. Bunlar internetin, qloballaşmanın gətirdiyi bəlalardır. Mobil telefonlarla çəkiliş edib, sosial şəbəkələrə nalayiq videolar yerləşdirmək dəbə minib. Tutalım, hansısa ruhi xəstə pişiyin dərisini soyur. Yaxşı, bu, videonu da sosial şəbəkəyə özü yerləşdirib? Bəs televiziya kanalı onu niyə göstərir? Bu insan hələ heç tutulmayıb. Kimliyi bilinmir. Televiziya kanalı bu məlumatı o halda efirə verməlidir ki, o şəxs tutulsun, məsuliyyətə cəlb edilsin. Televiziyaya uşaq da baxır, gənc də, qoca da. İnsanlarda belə təssürat yarana bilər ki, bir adam pişikləri tutub öldürür, amma onu tutmurlar. Deməli, bu işi biz də edə bilərik. Efir, mətbuat, sosial şəbəkələr pis nümunələr üçün yox, yaxşı, müsbət, cəmiyyətə xeyir verəcək hadisələr, məlumatlar üçün meydan olmalıdır. Ona görə mən hər zaman irad tuturam ki, internetdən, müasir texnologiyalardan biz lazımi formada istifadə etməyi bacarmırıq. Ən pis nə varsa, onu götürürük, yaxşılar qalır bir kənarda. Bunun da səbəbi ümumiyyətlə, cəmiyyətdəki mənəvi aşınmalar, deqradasiyadır. Problemin qarşısını almaq üçün dövlət təcili olaraq, proqram hazırlamalıdır. Və burada dövlətin humanitar siyasəti ilə bağlı hüquqi normalar, görəcəyi işlər müəyyənləşdirilməlidir. Həmin proqramda ictimai təşkilatların, ziyalıların, məktəblərin, valideynlərin vəzifələri dəqiq təyin edilməlidir. Bu proqramın təcili tərtibinə və icrasına böyük ehtiyac var.