Kremldən sifariş gəlib

Politoloqlar Ruzinskinin bəyanatını təxribat sayırlar



Rusiyanın Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102 saylı hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinski Rusiya mətbuatına müsahibəsində Azərbaycanı açıq-aşkar hədələyib. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyata başlayarsa, Rusiyanın Ermənistandakı hərbi bazası bu münaqişəyə cəlb oluna bilər.

A.Ruzinski bildirib ki, hərbi bazanın cavabdeh olduğu bölgədə hərbi-siyasi vəziyyət Ermənistan-Azərbaycan münaqişəsi regionunda qarşıdurmanın alovlanmasının mümkünlüyü ilə əlaqədar bir sıra qeyri-sabitlik yaradan faktorlarla xarakterizə olunur: "Azərbaycan rəhbərliyi tərəfindən Dağlıq Qarabağ üzərində öz hüquqi yurisdiksiyasını güc yolu ilə bərpa etmək barədə qərar qəbul olunarsa, Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki hüquqi öhdəliklərinə uyğun olaraq hərbi baza silahlı münaqişəyə qoşula bilər”.

Rusiyalı polkovnikin bu hədələri isə azərbaycanlı politoloqlar tərəfindən birmənalı qarşılanmayıb.

"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə hesab edir ki, Ruzinskinin səsləndirdiyi səs-küylü fikir tamamilə Ermənistanın ictimai rəyinə hesablanıb: "Ermənistan normal ölkə kimi qonşuları ilə normal münasibətlər qurmağa çalışır. Bu fikirlər isə məhz bunun qarşısını almaq üçün ermənilərə bir mesajdır ki, yəni biz olmasaq Azərbaycan gəlib sizi darmadağın edər. Amma vəziyyəti, işlərin nə yerdə olduğunu bilirik. Və buna görə də heç bir müharibəyə başlamaq fikrimiz yoxdur. Çünki müharibə bizim özümüzün ziyanımıza olan bir şey ola bilər. Toqquşma ölkəni olduqca geri atacaq bir əməliyyat ola bilər. Sözün düzü, Rusiyanın əsgəri kompleksinə böyük bir hədiyyə olar ki, biz onlara bizim başımızı əzmək üçün bəhanə verək. Ruzinskinin dediyinin mənası da yalnız ondan ibarətdir ki, Ermənistan yerində sakit otursun və Rusiyaya axıra qədər qul şəklində tabe olsun”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə Andrey Ruzinskinin bəyanatını məsuliyyətsiz açıqlama kimi qiymətləndirib: "Faktiki olaraq, Ruzinski Ermənistanda yerləşən və Rusiyaya məxsus olan hərbi bazanın rəsmisidir. Bu baxımdan onun başqa ölkələr arasında olan münaqişəyə dair bəyanat yayıb. Bildiyiniz kimi, hərbi sistemdə general, komandir olmasına baxmayaraq heç bir hərbiçi siyasi bəyanat verməkdə sərbəst deyil. Odur ki, şübhə yoxdur ki, Ruzinskinin bu bəyanatı Kreml ilə razılaşdırılmış bəyanatdır”.

Ruzinskinin bu bəyanatı Rusiyanın çox səmimi bir etirafıdır ki, Dağlıq Qarabağın işğalının və Azərbaycanın torpaqlarının 20 ildən artıqdır ki, erməni işğalı altında saxlanmasının "müəllif”i və birbaşa dəstəkçisi Kremldir: "Güman edirəm ki, Ruzinskinin bu bəyanatıdan sonra Azərbaycan özü üçün müəyyən məsələləri aydınlaşdırmalıdır. Əvvəlcə onu qeyd edim ki, bəzi siyasətçilər mətbuat orqanlarında fikirlər səsləndirirlər ki, Dağlıq Qarabağın işğaldan azad olunması üçün Azərbaycan Gömrük İttifaqına, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına üzv olmalıdır. Hesab edirəm ki, bu cür açıqlamalar ya siyasi savadsızlıqdan, yada ölkəmizin milli maraqlarına son dərəcə etinasız münasibətdən qaynaqlanır. Çünki təklif olunan hər iki qurumdan hər hansı birinə üzv olmaq bütövlükdə Azərbaycanın Rusiyanın əsarəti altına keçməsi deməkdir, yəni Azərbaycan da Ermənistan kimi Rusiyanın forpostu olur. Görürsünüz ki, Ermənistan qalıb bir kənarda, Rusiya onun adından hərbi bəyanatlar verir, sabahkı gün eyni şey Azərbaycana qarşı da təkrarlana bilər. Bir şeyi də unutmamalıyıq ki, Rusiyanın Azərbaycana qarşı münasibəti ənənəvi olaraq Ermənistana olan münasibətindən qat-qat pisdir. Ona görə də bu cür çağırışlar vasitəsilə məqsədli şəkildə Azərbaycanı qərblə konfliktə çəkmək və Kremlin "qucağına atmaq” birmənalı olaraq Azərbaycan xalqına və dövlətçiliyinə qarşı tarixi xəyanətdir. Rusiyanın 200 il ərzində bizə edə biləcəyi "yaxşılıq”lar göz önündədir. Görünən o ki, bir, hələ iki əsr bundan sonra da həmin fəsadlardan canımızı qurtara bilməyəcəyik. Bu baxımdan həmin siyasətçilərə tövsiyəm budur ki, düşünüb, sonra danışsınlar”.

Ruzinskinin açıqlaması ilə bağlı Azərbaycanın atacağı addımlara gəldikdə isə Ərəstun Oruclu bildirib ki, dövlət mütləq rəsmi bəyanat yaymalıdır: "Dağlıq Qarabağ ərazisi beynəlxalq birliklər tərəfindən Azərbaycanın işğala məruz qalan torpaqları kimi tanınıb. Bu ərazidə bu və ya digər səbəblərdən hərbi əməliyyatlar başlansa belə, bunun Ermənistana, o cümlədən də Rusiyaya heç bir aidiyyəti yoxdur və ola da bilməz. Çünki həmin ərazilər Azərbaycanındır və həmin torpaqlarla bağlı da bizim Rusiya ilə heç bir anlaşmamız yoxdur. Gürcüstan Cənubi Osetin və Abxaziyanı nəzarətə götürmək istəyəndə, Rusiya əməliyyata hərbi müdaxilə elədi. Bunun üçün ən azından onun əlində əsas vardı ki, BMT sülhməramlıları statusunda Rusiya hərbiçiləri həmin torpaqlarda yerləşdirilmişdi. Rusiya da bu statusundan istifadə edərək sülhməramlıların qorunması adı altında faktiki olaraq Gürcüstana hərbi təcavüz elədi. Azərbaycanla bağlı isə analoji hal olmadığı üçün 102-ci hərbi diviziyanın Azərbaycana qarşı hərbi əməliyyata qoşulması yolverilməzdir. Faktdır ki, Dağlıq Qarabağda heç bir sülhməramlı qüvvə yoxdur, orada yalnız işğalçı Ermənistan ordusu var. Bu baxımdan Ruzinskinin bu sərsəm açıqlaması ilə bağlı Azərbaycan Rusiya qarşısında çox sərt şəkildə məsələ qaldırmalı və ortaya kəskin mövqe qoymalıdır. Eyni zamanda beynəlxalq ictimaiyyəti Rusiyanı qınamağa çağırmalıdır. Çünki burada söhbət birmənalı olaraq, hərbi təcavüzdən gedir”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, əvvəllər bu tip açıqlamaları KTMT-nin baş katibi general-mayor Nikolay Bordyuja verib. Belə ki, Azərbaycan tərəfindən müharibə ilə bağlı səslənən hər hansı bir fikrə Kreml Bordyujanın timsalında cavab verirdi. İndi isə 102-ci diviziyanın komandiri Ruzinskinin bu cür siyasi bəyanatla çıxış etməsi absurddur. Hər halda bu cür bəyanatlar Azərbaycanı aşağılamaq cəhdlərindən irəli gəlir. Ancaq onu deyim ki, Ruzinski Rusiya üçün çox uğursuz seçimdir. Çünki beynəlxalq arenanın diqqətində olan bir məsələ ilə bağlı "saldafon” tipli, siyasətlə heç bir əlaqəsi olmayan bir adam cavab verirsə, bu ancaq Rusiyanın ermənipərəstlik mövqeyinin daha da güclənməsindən xəbər verir.