Həccə gedən professor...

...Fazil Mustafa ilə Sahib Məmmədov arasında qalmaqala səbəb oldu



Fazil Mustafa: "Peyğəmbər 5-10 il sonra nə olacağını söyləməmiş, siz isə artıq nəyin necə olacağını o qədər rahatlıqla söyləyirsiniz ki, insan heyrətlənməyə bilmir

Sahib Məmmədov: "Həccə haram pulla getmək islamın hansı şərtinə uyğundur? Oruc tutub sonra da cibə girmək necə? Mən yalançı dindarların əleyhinəyəm. Sizin kimi düşünənlər vaxtı ilə Sabiri, Seyid Əzim Şirvanini daş-qalaq edirdilər”

Millət vəkili Fazil Mustafanın bu günlərdə yazdığı "Mazut Akademiyası” adlı məqaləsi, onunla tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov arasında qarşılıqlı polemikanın yaranmasına səbəb olub. F.Mustafa yazısında Həcc ziyarətinə getdiyinə görə professor Ramiz Qurbanovun Neft Akademiyasından işdən çıxarılmasına görə rektor Siyavuş Qarayevi tənqid edib: "Allahı, Quranı, Namazı, Həcc ziyarətini ciddiyə almaya bilərsən - bu, bir düşüncə və inanc məsələsidir.

Burada söhbət yalnız və yalnız insan haqları pozuntusundan gedir. Bir alimi universitetdən uzaqlaşdırmaq qərarını yalnız həmin universitetin Elmi Şurası verə bilər. Rektor kefi istədiyi halda elm adamını universitetdən belə asanlıqla çıxara bilməz”.

Qeyd edək ki, professor Ramiz Qurbanov universitetə dərs deməyə bir neçə gün getməyib. Buna görə də işdən xaric edilib. Deputat isə alimin işə çıxmamasını müqəddəs ziyarətlə əlaqələndirərək, rektorun bu addımının yanlış olduğunu söyləyib. Hüquq müdafiəçisi Sahib Məmmədov isə professorun Əmək Məcəlləsini pozduğunu söyləyib.

Deputatla hüquq müdafiəçisinin söz "atışması” isə "facebook”da baş verib.

S.Məmmədov: "Hörmətli Fazil bəy. Mənim "AZİ”-nin rektorunun hərəkətlərinə qiymət vermək fikrim yoxdur. İşçi iki həftə işə gəlməyibsə, ona Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin nəyi məntiqsizdir? Konkret o professoru tanımıram. Amma indi professor nə qədər maaş alır bilirəm və xeyli müəllim tanıyıram ki, tələbələrin savadsız olması naminə onlardan aldığı pullarla Həccə gedib”.

F.Mustafa: "Hörmətli Sahib bəy, o professoru mütləq tanıyın. Politexnik institutunun rektoru olub. Kommunist Partiyası biletini atdığına görə vəzifəsindən uzaqlaşdırdılar. Neft sahəsində ən ciddi mütəxəssislərdən biridir. Bunu mənə etibarına güvəndiyim çox sayda alim söyləyib. Bir alim öz hesabına məzuniyyət istəyir. Verilmir və əvəzində işdən çıxarılır. Bir kafedra müdiri rektorun köləsi deyil. Normal ali məktəbdə bu məsələləri Elmi Şuranın qərarı ilə həll edirlər. Rafiq Əliyevi o zaman niyə çıxartmışdı? Bunun Əmək Məcəlləsi ilə nə əlaqəsi”.

S.Məmmədov: "Fazil bəy, Rafiq müəllimi qanunsuz işdən çıxartmışdılar. Təxminən 5-10 ilə Azərbaycanda namaz qılmayanları qamçılayacaqlar, saqqal saxlamayanları təqib edəcəklər, oruc tutmayanları şallaqlayacaqlar. İnşallah, sizlərin də köməyi ilə bu quruluşa doğru gedirik. Məni bu narahat edir. Molla cəmiyyəti yox, fərqli düşünənlərin cəmiyyətini qurmalı idik. Elə bir cəmiyyət ki, orda Hacı olmaq istəyən də, dindar da, dindar olmayanın da hüquq və azadlıqları təmin olunardı. Bunu bacarmadıq. Yolumuz Somali yoludur. Əminəm ki, "AZİ”-nin rektoru da o kafedra müdirini çıxarmaq üçün sadəcə fürsət güdürmüş. Həccə getməyin bura dəxli yoxdur”.

F.Mustafa: "Sahib bəy, sizin kimi dinsizlərlə, dini yanlış görüntülərlə tanıdan dinçilər arasında əslində mühakimə eyniliyi var. Azərbaycan bütün hallarda dünyəvi dövlət olaraq qalacaq. Sadəcə dövlətlə din arasında münasibət doğru tənzimlənməlidir. Bunun optimal yollarını isə biz kitablarla, məqalələrlə göstərməyə çalışırıq”.

S.Məmmədov: "Fazil bəy, bütün inanclı insanlar sizin kimi olsaydı, əlbəttə, dediklərinizin hamısı ilə razı olardım. Mən namaz qılınan evdə doğulmuşam. Anam tərəfdən də Şeyx nəsliyik. İndi dünya başqa istiqamətə gedir. Qərb ölkələrində çox olursuz. Bir dəfə adamların çox olduğu yerdə bərkdən Allahu Əkbər qışqırın, görün nə baş verəcək. O müqəddəs fobiyanı yaradanlar kimlərdir? Elə o haram pullarla Həccə gedənlər, elə o müqəddəs yerin ətrafındakılardır. Problem İslamda deyil. Mənim o professorla işim yoxdur. 50 il kommunist olub, indii də həci olmaq istəyib və olub da. 100 illər əvvəl Həccə getmək min bir əziyyət və təhlükə demək idi. İndi kişi Hacı olub. Təmiz adamdırsa, Böyük Allahdan ənamını alacaq. Bəlkə bu da bir sınaqdır. Narahat olmayın. Qaldı ki, mənə dinsiz deməklə Allah qarşısında günah işlətdiz. Dözümsüzlük, yad fikrin qəbul olunmaması, bax budur bizi gözləyən təhlükə. Siz cəmiyyətin ən qabaqda gedən insanlarından biri dərhal təhqirə keçirsizsə, onda görün nadanlardan hansı təhlükə var”.

F.Mustafa: "Sahib bəy, sizin bütün yanaşmalarınız İslam dininin əsas şərtlərinə bir sayğısızlıq ifadə edir. Neqativ cəhətləri tənqid etmək başqa, dinin təməl əsaslarını məsxərəyə qoymaq isə başqadır. Dinsiz olmaq, ateist olmaq nə vaxtdan təhqir kimi qəbul olunur? Yazdıqlarınıza diqqət etsəniz, görərsiniz. Əlbəttə, bu da bir mövqedir və buna görə sizi kimsə ittiham etmədi. Peyğəmbər 5-10 il sonra nə olacağını söyləməmiş, siz isə artıq nəyin necə olacağını o qədər rahatlıqla söyləyirsiniz ki, insan heyrətlənməyə bilmir. Əgər doğru deyilsə, İslam dininin hansı dəyərlərini qəbul edirsinizsə, onu zəhmət olmasa açıqlayın. Namazı, həcci, orucu Allah buyurub, Allahın buyurduğunun hansını doğru hesab etmirsinizsə, buyurun açıqlayın. Quran Allahın kəlamıdır, hansı ayəni səhv hesab edirsinizsə, buyurun, açıqlayın. Əks halda başqa necə adlandıraq sizi? Tənqidə qalsa, hər addımda din adı ilə təqdim olunan cəhaləti ən kəskin tənqid edirəm. Ancaq İslamı bütün hallarda ən gözəl əxlaq dini olaraq qəbul edirəm və bunu söyləyirəm. Siz bunu söyləmirsinizsə, o zaman sözlərimizdən niyə inciyirsiniz. Siz də öz mövqeyinizi davam etdirin, biz ki, buna müdaxilə etmirik”.

S.Məmmədov: "Fazil bəy, incimirəm. Sadəcə fikrimi yazıram. Heç bir sayğısızlıq filan yoxdur. Səhv qənaətdir. Həccə haram pulla getmək islamın hansı şərtinə uyğundur? Oruc tutub sonra da cibə girmək necə? Mən yalançı dindarların əleyhinəyəm. Sizin kimi düşünənlər vaxtı ilə Sabiri, Seyid Əzim Şirvanini daş-qalaq edirdilər. Nəsiminin dərisini soyurdu. Mən kiməm ki? Qayda-qanunu sizin kimi düşünənlər müəyyən eləsə, 100 faiz Somali olacaq bura. Burda peyğəmbərliyə nə ehtiyac var ki? Bu proqnoz da deyil, başlanmış prosesdir”.

F.Mustafa: "İslamda missionerlik yoxdur. Sadəcə dəvət var. Bunlar da tam fərqli məsələlərdir. Mülahizəniz yanlış olduğuna görə cavab verməmə haqqımdan istifadə edirəm. Allah islah etsin”.

S.Məmmədov: "Əcəbdir, başqa dinlərə dəvət missionerlikdir, islama dəvət isə yox. Əsas bu latın sözünün mənasıdır. Azərbaycanda islamı ilk təşviq edən insanlardan biri Veys Əl Qərani olub. Mən lazım olsa, dini terminlərdən düz istifadə edə bilərəm. Sekta sözü indiki halda lap yerinə düşür. Sekta hansısa bir qrupun əqidə birliyidir. Hər halda təriqətdən söhbət getmir”.

Bundan sonra millət vəkili hüquq müdafiəçisinə heç nə yazmayıb. Qeyd etdiyi kimi, cavab verməmə haqqından yararlanıb. F.Mustafa cavab vermədiyi üçün S.Məmmədov da heç bir cümlə yazmayıb.