Kreml Qarabağda təxribat hazırlayır

Ruzinskinin bəyanatı siyasi xarakterlidir



Ermənistandakı Rusiyaya məxsus 102 saylı (Gümrü) hərbi bazanın komandanı, polkovnik Andrey Ruzinskinin Azərbaycana ünvanladığı hədələyici açıqlaması hələ də Azərbaycan və Ermənistanda siyasi-ictimai və ekspert səviyyəsində müzakirə edilməkdədir. Hər iki ölkədə səslənən rəylərdə əsas olaraq deyilir ki, hərbi işlərlə məşğul olan bir rus zabitin siyasi bəyanatla çıxış eləməsi heç də onun öz iradəsindən doğmayıb və daha yüksək dairələrin mövqeyi ilə bağlıdır.

Ortaya atılan digər fikir isə bundan ibarətdir ki, bununla Rusiya öz forpostu Ermənistanı sakitləşdirmək və vassal ölkənin narahatlığını azaltmaq istəyir. Çünki son dövrlər Rusiya öz hərbi maşınlarını Azərbaycana satmaqdan imtina etmir, hətta buna maraq göstərir. Erməni politoloqlar isə Moskvanın yenə də siyasi riyakarlıq etdiyini deyirlər. Politoloq Armen Qriqoryana görə, rus zabitinin sözləri "Ermənistanın təhlükəsizliyinin təminatı versiyasını gücləndirmək üçün acı həbi şirinləşdirmək cəhdidir”. Onun qənaətincə, Ruzinskinin dedikləri Gömrük İttifaqına üzvlük barədə ciddi düşünməsi üçün Azərbaycana verilən növbəti mesajdır: "Əgər Bakı bundan imtina edərsə, hadisələrin başqa cür inkişafını istisna eləmək olmaz”. Əslində Kremlin ilin sonunadək rəsmi Bakıdan Gömrük İttifaqına üzvlüklə bağlı "hə” cavabı almağa çalışması bəllidir. Lakin cavabın neqativ olacağı təqdirdə Rusiyanın Qarabağda hərbi təxribata əl atacağını demək reallığı əks etdirmir. Bunu isə azərbaycanlı politoloqlar söyləyir. Siyasi ekspertlər Azərbaycanı Gömrük İttifaqına qoşmaq üçün Rusiyanın ən radikal yollara əl atacağını istisna etməsələr də, Azərbaycanın öz maraqlarına zidd addım atmayacağını kəsin olaraq qeyd edirlər.

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, siyasi elmlər doktoru Elman Nəsirli Rusiyanın Ermənistandakı hərbi bazasının rəhbəri polkovnik Ruzinskinin bəyanatının siyasi xarakter daşıdığını deyir. Politoloqun sözlərinə görə, bir hərbiçinin, özü də Qarabağda yerləşən baza komandanının bu cür bəyanatı təsadüfən ortaya çıxa bilməz: "ABŞ prezidenti F.Ruzveltin bir sözü var, deyir ki, "siyasətdə heç bir şey təsadüfən baş vermir. Əgər nəsə baş verirsə, bilin ki, o şey qabaqcadan planlaşdırılıb”. Polkovnikin hədələyici bəyanatı əvvəlcədən düşünülmüş siyasi bir gedişdir. Sözügedən bəyanat müəyyən mənada həm dövlətimizə təzyiq elementini özündə ehtiva edir, həm də erməni ictimai fikrinə daha çox təsir etmək və onları "unutmadıqlarını” xatırlatmaq məqsədi daşıyır”.

E.Nəsirli bəyanat vaxtının seçilməsinə də xüsusi diqqət çəkir və bildirir ki, həmsədrlərin regiona səfərləri ərəfəsində rus zabitinin belə bir açıqlama verməsi olduqca ciddi məqamdır: "Həmsədrlərin bölgəyə səfər etməsində məqsəd prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olmaq idi. Amma prinsip etibarı ilə belə bəyanat həmin görüşün baş tutmasını zərbə vurur. Lakin buna baxmayaraq Rusiyanın hərbi-siyasi dairələri bəyanatın məhz bu məqamda ortaya çıxmasında maraq göstərdilər. Amerikalı həmsədrin öz çıxışında münaqişənin həllində yeni imkanların ortaya çıxdı deməsini və yaşanan hadisələrin xronologiyasını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, regionda nə isə fərqli şeylər baş verəcək. Ancaq hələlik bunun mahiyyəti və detalları bəlli deyil”. Siyasi ekspertin sözlərinə görə, polkovnikin bəyanatı beynəlxalq hüquq qaydalarının kobud şəkildə pozulması deməkdir. Politoloq qeyd edir ki, əslində zabit qondarma "Dağlıq Qarabağ Respublikası”nın dünyada heç bir ölkə tərəfindən tanınmadığını çox gözəl bilir. Hətta Ermənistanın özü də bu "respublikanı” tanımayıb. Əgər Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlar aparmaq niyyəti olarsa, bu, onun öz doğma torpaqlarını erməni işğalından azad etmək haqqından irəli gələn bir şey olacaq: "Belə olan halda hansı hüquqi əsasla Rusiyaya məxsus 102-ci baza münaqişəyə müdaxilə edəcək? Təbii ki, üçüncü ölkənin müdaxiləyə heç bir hüquqi əsası yoxdur. Yadınızdadırsa, 2003-cü ildə ABŞ BMT TŞ-nin qərarı olmadan İraqa hücum etdiyinə görə, Rusiya prezidenti V.Putin də Gürcüstana hücum zamanı heç bir beynəlxalq qərara məhəl qoymadan qonşu ölkəyə girdi. Deməli, polkovnikin açıqlamasından belə çıxır ki, Rusiya keçmiş "ənənələrə” əsasən istənilən vaxtı dünyəvi hüquqi normaları yenidən poza bilər. Əlbəttə, Kremlin bu davranışı açıq şəkildə təhdid və təzyiqdir”. E.Nəsirli vurğulayır ki, Ermənistan prezidenti Sarkisyan da hər dəfə tədbirlərdə çıxışı zamanı qeyd edir ki, Ermənistan KTMT-nin üzvüdür və Rusiya ilə hərbi əməkdaşlığı var. Amma Azərbaycan ora üzv olmamasına baxmayaraq, Rusiya-Azərbaycan münasibətləri bizdən daha çox inkişaf edib: "Ermənistan Rusiyanın Azərbaycana silah satışını da qısqanclıqla qarşılayır və bundan narahatlıq duyur. Bunu dərk edən Rusiya bu cür siyasi gedişlərlə himayə etdiyi ölkənin könlünü almağa çalışır”.

Politoloq əlavə edir ki, məqsədlərdən biri də Rusiyanın təsis etdiyi KTMT-yə "ölkə yığmaq”la bağlıdır. Ekspertin sözlərinə görə, Rusiyanın Azərbaycana təzyiq vasitəsi kimi bir hərbiçinin dili ilə səsləndirdiyi bəyanat uzun zamandır ki, ölkə gündəmində müzakirə olunur. Amma dəyişməz həqiqət ondan ibarətdir ki, Azərbaycan dövlətinin konkret siyasi xətti var: "Düzdür, dövlətimiz qlobal inteqrasiyadan qaçmır. Ancaq söhbət ondan gedir ki, Rusiya bizi üzv etmək istədiyi quruma düşmənimiz Ermənistanı da soxmağa çalışır. Amma heç bir beynəlxalq təşkilatın daxilində bir-birinin torpağını zəbt etmiş ziddiyyətli ölkələr yer almırlar. Əgər Ermənistanla Azərbaycan hansısa qurumun tərkibində bu vəziyyətdə olacaqsa, onda onların bir təşkilata üzv olması faydasızdır. Bu məsələdə Azərbaycan milli maraqlarına uyğun loyal mövqe də bildirə bilər, təklifləri rədd edə də bilər. Hər şey qarşı tərəfin Azərbaycanın milli maraqlarını hansı səviyyədə müdafiə edəcəyindən asılıdır”.