“Deportasiya prosesi müəyyən müddətdən sonra dayanacaq”

Vahid Əhmədov: “Rusiya hakimiyyəti bu cür çirkin əməllərdən Azərbaycana təzyiq metodu kimi istifadə edir”

Yeqor Şerbakovun ölümündə günahlandırılan həmyerlimiz Orxan Zeynalov olayından sonra Rusiyada soydaşlarımızla münasibətdə vəziyyət daha gərginləşib. Rusiyalı milliyyətçi-şovinistlərin həmyerlilərimizə təzyiq və basqıları artıb. Soydaşlarımıza axşam saatlarında evdən çıxmamaları tapşırılıb. Azərbaycanılılara məxsus bazar, kafelərin və mağazaların fəaliyyəti dayandırılıb. Kütləvi deportasiyalara başlanıb. Qeyri-qanuni yaşayan əməkçi miqrantlar kütləvi şəkildə ölkədən çıxarılır.

Hadisə ilə bağlı "Şərq”ə müsahibə verən Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan hökumətinin ciddi addımlar atdığını qeyd edib: " O.Zeynalov məsələsi və ondan sonra qeydə alınan deportasiyalar haqqında ölkəmiz dəfələrlə bəyanat verib. Deputatlarımız Sankt-Peterburqa səfəri zamanı olayı qabardıblar. Hazırda da ciddi işlər görülür. Oradakı səfirliyimiz işlə ciddi məşğul olur. Hətta MM-də hadisə müzakirə predmeti oldu. Dövlət başçısı səviyyəsində işlər görülür. Bu müvəqqəti dönəmdir. Keçməliyik.

- Rusiyalı politoloqlar ortada real fakt olmadığı üçün O.Zeynalov məsələsinin həqiqətə uyğun olmadığını iddia edirlər...

- Şişirdilmiş hadisələrdir. Belə olaylar çox olur. İndiyə qədər Rusiyada çoxlu sayda azərbaycanlı qətlə yetirilib. Onu açıb bükmürlər. Amma O.Zeynalovun təsdiqini tapmayan hadisə törətməsini şişirdirlər. Rusiya televiziyaları dünyaya səs salırlar.

- Rusiya KİV-in təbliğatı hansı maraqlara xidmət edir?

- Bunlar siyasi oyundur. Oyundan siyasi məqsədlər üçün istifadə olunur. Dekabr ayında Rusiya prezidenti Vladimir Putinin "Avroasiya” İttifaqı layihəsinə qəbul olmalarla bağlı ölkələrin qərarları olmalıdır.

- Azərbaycanın adıçəkilən birliyə qoşulması barədə nə deyə bilərsiniz?

- Azərbaycanın dövlət başçısı cənab İlahm Əliyev müstəqil siyasət yürüdür. Məhz ona görə də belə məsələlər gündəmə gətirilir və bilərəkdən saxlanılır. Həmyerlilərimizə olan münasibət kəskinləşir. Onlarla qeyri-insani şəkildə davranırlar. Deportasiyalara məcbur edirlər.

- Ekspertlər qeyd edirlər ki, Rusiyada qanuni olaraq yaşayanlar deyil, yalnız qeyri-leqal yolla yerləşənlər təxliyyə olunurlar...

- Miqrantlar bütün dünya ölkələrində var. Azərbaycana da digər ölkələrdən gəlib işləyənlər var. Deportasiya adi haldır. Məsələ ondan ibarətdir ki, Rusiya hakimiyyəti bu cür çirkin əməllərdən Azərbaycana təzyiq metodu kimi istifadə edir. Amma biz yalnız O.Zeynalovu deyil, oradakı bütün vətəndaşlarımızın hüquqlarını quruyuruq və bundan sonra da qoruyacağıq.

- O.Zeynalov məsələsinin şişirdildiyini bildirdiniz. Hadisənin qabardılmasında daha çox hansı qüvvələr maraqlıdır?

- Proseslərin geniş vüsət almasının mayasında ilk növbədə bədnam düşmənlərimiz olan ermənilər durur. Moskvada bütün televizyaların yuxarı instansiyalarında çalışanlar erməni əsilli şəxslərdir. Bundan başqa hadisələrdə Rusiya iqtidarının da maraqları olmamış deyil. Üstəlik, ölkə başçısı İ.Əliyev yenidən prezident seçildikdən sonra inaqurasiya mərasimində Azərbaycanın müstəqil olmasını və müstəqilliyimizi qoruyub saxlayacağını qeyd etdi. Bu da görünür, Putin iqtidarını narahat etməyə başlayıb.

- Soydaşlarımızın bildirdiyinə görə, bu səpkili təzyiq, basqı və deportasiyalar bütün etniklərə deyil, yalnız azərbaycanlılara yönəlib. Buna münasibətiniz?

- Proseslərin yalnız azərbaycanlılara qarşı yönəldiyini söyləmək düzgün olmazdı. Digər etniklərə də müəyyən təzyiqlər olur. Onlar da məcburi deportasiya olunurlar. Bundan qabaq çinlilərə, şimali koreyalılara və ümumiyyətlə Orta Asiyadan olan insanlara qarşı da belə addımlar atılmışdı. Son bir ayda isə O.Zeynalov məsələsini ictimailəşdirib Azərbaycana qarşı istifadə etmək zəminini hazırladılar. Hamısı siyasi şoudur.

- Amma O.Zeynalov hadisəsinə görə V.Putin Moskvanın Cənub Dairəsinin daxili işlər naziri, general-mayor Aleksandr Podolnını işdən azad etdi. Belə çıxır ki, rusiyalı dövlət başçısının naziri cəzalandırması sadəcə görüntüdür...

- Putin görüntü yaradır. Rusiyanı beynəlxalq aləmə hüquqi dövlət kimi tanıtmaq istəyir. Gedən prosesləri dərindən analiz edəndə görürük ki, bu, tamamilə başqa bir diplomatiyadır. Azərbaycan artıq dünyada tanınmış dövlətdir. Bölgənin inkişaf etmiş ölkələrindən biridir. Azərbaycan dövlət başçısının müstəqil siyasət yürütməsi çoxlarının xoşuna gəlmir.

- Deportasiyalar daha ciddi xarakter alarsa, bu, ölkəmizə nə vəd edər?

- Hesab edirəm ki, deportasiya prosesi müəyyən müddətdən sonra dayanacaq. Digər tərəfdən prosesin reallaşması Azərbaycan üçün arzuolunan olmayacaq. Deportasiya olunanların yerləşdirilməsi, onların mühitə adaptasiyası və işlə təminatı məsələsi narahatlıq doğurur. Zənnimcə, bu məsələlər siyasi dairələrdə həllini tapacaq. Hər halda vətəndaşlarımız deportasiya olunacaqlarsa, onları qəbul etməliyik və problemlərini çözməliyik.

- Kütləvi deportasiya Rusiya hökuməti üçün də faydalı olmayacaq. Çünki Rusiya demoqrafiq və işçi qüvvəsinə olan ehtiyacını məhz miqrantların hesabına ödəyir....

- Bütün əziyyətli işlərdə azərbaycanlılar və digər miqrantlar çalışırlar. Rusiyanın ticarət şəbəkələrində işləyənlərin əksəriyyəti azərbaycanlılardır. Əlbəttə, deportasiyalar Rusiyanın özünün daxili proseslərinə təsirsiz ötüşməyəcək. Ölkədə qeyri-stabilliyə gətirib çıxaracaq.